TOP 10

Qurbanov müdafiəçi axtarışında olduqlarına toxundu, futbolçusunu Stampa bənzətdi: "Canavar"dı, bəzi oyunçularımız ondan ibrət götürməlidi"

Futbol
Tarix: 2019-08-14 14:10

"Qəbələ" Premyer Liqamızda yeni mövsüm başlamamış heyətlə bağlı ciddi itkiylə üzləşdi. Belə ki, yay trasferi olan xorvatiyalı mərkəz müdafiəçisi İvitsa Juniç almacıq sümüyü qırıldığından ilk dövrəni buraxmalı olacaq. Komandanın baş məşqçisi Sənan Qurbanov Sport24.az-a müsahibəsində heyətdəki itkilərdən, müdafiə xəttinə yeni transferin zəruriliyindən və yeni mövsümün püşkündən söz açıb.

 

- Yeni legioneriniz İvitsa Juniç Tiflis "Dinamo"suyla səfər matçında ağır zədələnərək əməliyyat olundu və hardasa 2 aylıq sıradan çıxıb. Bu boşluğu necə doldurmaq fikrindəsiniz?

- Çox böyük itkidi. Elə onun haqqında düşünürük. Çalışırıq ki, İvitsanın yoxluğu ilə yaranan boşluğu hansısa bir futbolçuyla dolduraq. Rəhbərliklə bu haqda danışırıq, məsləhətləşirik. Bizə hal-hazırda mərkəz müdafiəçisi mütləq şəkildə lazımdı. Ümumiyyətlə, belə deyərdim ki, bizə müdafiəçi gərəkdi. Çünki zədəli futbolçularımız olduğudan arxa xətt oyunçusuna ehtiyacımız var.

 

- Başqa zədəlilərinizdə vəziyyət necədi?

- Yusif Nəbiyev gəldiyi gündən komandadan ayrıdı. Köhnə zədəsi imkan vermir ki, bizlə məşq etsin. Müdafiə planında boşluqlar var. Rəhbərlik bunu bilir, məlumatlandırmışıq. Müdafiəçi axtarırıq - yerli də olsa, legioner də olsa çalışacağıq bu mövqeyə futbolçu götürə bilək.

 

- Hazırda "transfer bazarı"nda yerli müdafiəçi varmı?

- Belə yoxdu. Ancaq ən azından bilirik ki, həmin mövqeyə ehtiyacımız var.

 

- Yusif ilk turlar oynamayacaq, yoxsa...?

- Belə görünür. Çox güman, oynamayacaq. Çünki komandadan çox uzun müddətdir kənardadı. Həkimlər də köhnə zədəsinin özünü göstərdiyini deyərək müalicəsini davam etməsinin vacibliyini sayır. 

 

- Komandanızda nominal sol cinah müdafiəçisi yoxdu. Vəziyyətdən neçə çıxmaq fikrindəsiniz?

- "Dinamo"yla və yoxlama matçlarında Qismət Alıyevi həmin mövqedə oynatmışam. Çünki bizdə vaxtilə bu yerdə çxış edib, pis təsir də bağışlamır. 

 

- Belə çıxır ki, "Dinamo"yla Tiflisdəki matçda Yusifin ehtiyatda qalması zədəyə görə imiş?

- Həm zədəsi vardı, həm də evdə uduzduğumuzdan heyətdə dəyişiklik etmək qərarına gəldik. 

 

- Klublarda az oynayan müdafiəçilərdən kimisə icarəyə götürmək haqda düşünmüsünüz? Bu planı həyata keçirmək realdı?

- Plan deyəndə ki, hamının klubuyla müqaviləsi var. Kimsə bizim komandada oynamaq istəyrsə, bu keçid əlbəttə, qarşılıqlı razılıq şərtilə olmalıdı. Hər iki klubun ortaq məxrəcə gəlməsi vacibdi. Həm də bu futbolçunun bizə gəlmək istəyi mühümdü. Bu, yalnız həmin təqdirdə ola bilər. Kimsə müraciət etsə, gərək müqaviləsi olan həmin klubla əlaqə saxlayaq. 

 

- "Qəbələ"nin oyun sayında rekordçusu olan Ürfan Abbasovu qaytarmaq variantı necə? Məlumdu ki, "Səbail"də maddi sıxıntılar var, artıq bəzi futbolçularla müqavilələrini qarşılıqla razılıqla pozublar. Ürfan da bizimlə söhbətdə gedişini istisna etməyib, üstəlik, hər iki cinahda çıxış edən, hətta müdafiənin mərkəzində oynaya bilən təcrübəli futbolçudu...

- Belə deyim, hər hansı futbolçu sərbəst olarsa, üstəlik, bu, Ürfandırsa, qapılarımız onun üzünə çox böyük məmnuniyyətlə açıqdı. Abbasov neçə illərdi "Qəbələ"də çıxış edib. Ancaq hazırda klubu, müqaviləsi var. Sadəcə, futbol istəyərsə, canla-başla qəbul etməyə hazırıq.  

 

- Bəs, mərkəz müdafiəçisi almaq planda var? Yoxsa hesab edirsiniz ki, artıq maddi baxımdan imkan yoxdu?

- Açıq deyim ki, maddi imkan o qədər də yoxdu hansısa əcnəbi futbolçunu alaq. Amma hər şey ola bilər. Sabah ola bilər ki, bir futbolçu elə bir məbəğ desin, onunla razılaşdıq, onun özünə də sərf etdi. Ən azından müzakirələr aparırıq. Ancaq belə bir qəti qərarımız yoxdu ki, mərkəz müdafiəçisi alaq. Sadəcə, bizə bu mövqeyə futbolçu lazımdı və bunun üzərində dayanmışıq. 

 

- Bu vəziyyətin yaranmasına digər mərkəz müdafiəçiniz Rasim Ramaldanov səbəbkar oldu. Çünki onun çox sərt oyunu İvitsanı xəstəxanalıq etdi. Rasimi belə oyuna görə qınadınız?

- Rasim "canavar"dı da....Uduzmağı sevməyən, mübarizələrdə başını, ayağını çəkməyən bir futbolçudu. Bu komponentdə onu çox bəyənirəm, digər futbolçulara da tövsiyə edirəm ki, meydanda belə mübariz olun. Bu, futbol həyatıdı, bəzən elə olur ki, öz komanda yoldaşınla da toqquşursan. Futbol kişi oyunudu, gərək mübarizələrdə ayağını da çəkməyəsən, başını da. Gərək sərt olasan, təbii ki, oyun qaydaları çərçivəsində. 

 

- Ancaq Ramaldanov həddən artıq sərt oynayır, hər zaman ciddi xəsarət yetirməsi təhlükəsi var...

- Yadnızdadırsa, "Milan"da hollandiyalı müdafiəçi Yap Stam vardı, hamını "şaqqıldadırdı". Rasim də belə üslubda futbolçudu. Bəzi futbolçularımız var ki, ondan ibrət götürməlidi. Elələri var ki, heç aqrerssiv deyillər. Müdafiəçi isə gərək aqressiv olsun. Topu sərt, cəriməsiz olmaq şərtilə ala bilsin. Elə futbolçular var ki, topu təmiz almağı deyirsən, təmiz sözünü başqa cür başa düşür. Qaydalar çərçivəsində aqressiv oynamaq lazımdı. Üstəlik, müdafiəçiyə. Rəqib hücumçu fikirləşməlidi ki, sabah Rasimə qarşı oynayacam. Bax bu, şərtdi.

 

- Gərək rəqibin "gözünün odunu alsın"...

- Ay sağ olun. Hücumçu rahat olmamalıdı. 

 

- Gənc futbolçularınızdan daim oyun praktika qazanmalar üçün icarəyə vermək variantı varmı?

- Yox. 1999, 2000, 2001-ci il təvəllüdlü futboçularımız var ki, həm təlim-məşq toplanışında, həm də Avroliqada bizimlə oldular. Onların içindən kimlərisə çıxarıb qarşıdakı çempionatda özlərini yaxşı göstərmələri şərtdi.  Bu olsa, bizim çempionatda da onlara şans verərik. Yeni adlar axtarışındayıq. Məşqlərdə futbolu nəzəri cəhətdən yaxşı başa düşən, inkişaf edən oyunçulara ehtiyacımız var. Bu baxımdan perspektivli futbolçularımız var və onlara inanırıq. Gərək artırsınlar ki, Azərbaycan futboluna da faydalı olsunlar. 

 

- Premyer Liqamızdakı ilk 3 turdakı rəqibləriniz bilinir. Evdə "Sumqayıt", səfərdə "Qarabağ", evdə "Keşlə" - belə ardıcıllıq necədi?

- 8 komandalı çempionatdı, hamı bir-biriylə tez-tez qarşılaşacaq. Hər dəf bir-birinlə görüşdükcə, daha yaxşı tanıyacaqsan. Görürsən ki, demək olar hamıda heyət yenilənir. "Neftçi"ylə "Qarabağ" avrokuboklarda çıxışlarını davam etdirirlər. Onların rəsmi oyunlarının videoanalizləri var. Qalanlarını daha yaxşı tanımaq üçün bir-iki tura ehtiyac var. Onsuz da hamı bir-birilə nə vaxtsa üzləşməlidi. Özü də sıx qrafik olduğu üçün ardıcıllıq ciddi amil deyil. Püşkdü, ən güclü komandamız "Qarabağ" nə vaxt düşürsə, oynamalısan (gülür). Çalışacağıq ki, rəqiblərimizi daha yaxın tanıyandan sonra gücümüzü göstərək.

 

 

 

MEHMAN SÜLEYMANOV

17 Avqust 2019
16 Avqust 2019
B.eÇ.aÇC.aCŞB