TOP 10

Region Liqasında dubl-3: “5 min manatla mümkündü”

Futbol
Tarix: 2019-08-13 11:26

Region Liqası ölkədaxili yarışlar arasında ən uğurlu layihədi desək yanılmarıq. Kiçik büdcəylə futbolun bölgələrə daşınması bütün zonalarda geniş auditoriyanın toplanmasını şərtləndirib. Artıq avqustdu və deməli, 3-cü Region Liqası barədə danışmağa başlamağın zamanıdır. Həmsöhbətimiz AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Şöbəsinin müdiri, Region Liqasının İşçi Qrupunun üzvü Yusif Vəliyevdi. O, ilk olaraq yeni mövsümün planları haqda danışdı. 

 

- Artıq avqust ayının ilk həftəsindən elan verilib və komandalar müraciət edə bilərlər. Düzdür, müraciətlər artıq gəlir komandalardan. Qeydiyyat sistemi iki cür aparılır. Birinci, ötən mövsüm iştirak edən komandalar birbaşa AFFA-nın qeydiyyat şöbəsinə müraciət edib qeydiyyatdan keçə bilərlər. Yeni qoşulan komandalar təbii ki, ilk olaraq rəsmi şəkildə federasiyaya müraciət edirlər. İşçi qrupu tərəfindən onlar görüşə dəvət olunur, araşdırılır. Bildiyiniz kimi, Region Liqasının bir sıra standartları var. Komanda meydanla təmin olunmalıdı, təhlükəsizlik, tibbi yardım, səfər oyununa nəqliyyatla təmin olunmaq və bu kimi öhdəliklər var. Bu öhdəliklərə kim zəmanət verəcək və komanda nə qədər dayanıqlıdı sualına cavab tapılmalıdır. Bütün bunlar araşdırıldıqdan sonra işçi qrupundan komandanın iştirakı ilə bağlı qərar veriləcək. Normalda, statistikaya baxsaq, keçən mövsüm 40-45 komanda müraciət edib. 10-a yaxın komanda bu standartlara cavab vermədiyi üçün Liqaya qəlub olunmayıb. 10 nəfər yığıb gəlirlər, amma biz əmin olmalıyıq ki, onlar bir neçə turdan sonra da Liqada oynayacaqlar. Komandalar təyin olunduqdan sonra püşkatma olacaq və sentyabr ayında, 3-cü həftəsindən sonra Region Liqasında oyunlara start verilməsi planlaşdırılır. Püşkatma sistemi ötənilki sistemlə eyni olacaq. Təbii ki, sistem komandaların sayından və təmsil edəcəkləri regionlar dəqiq bilinəndən sonra tam dəqiqləşəcək. Zonalar üzrə keçən il olduğu kimi, olması nəzərdə tutulub. Sadəcə, 2 dövrə olacaq, ya 4 - hələ sual altındadır. Bütün bunlar komandalar qeydiyyatdan keçdikdən sonra məlum olacaq.

 

- Peşəkar Liqalardan fərqli olaraq Region Liqasında bank təminatı tələb olunmur...
- Bəli, olunmur.

 

- Optimal variant olaraq təxminən belə bir zəmanət üçün 10 min manat kifayət edər ki, komandalar sona qədər Liqada iştiraklarını təmin etsin?
- Buna müxtəlif cür yanaşmalar ola bilər. Ola bilər təmsil olunan rayonun icra hakimiyyəti tərəfindən təminat məktubu verilir. Onlar nəqliyyatla təmin edirlər və ya rayon daxilində olduğu üçün təhlükəsizlik, tibbi yardımla bağlı məktub göndərirlər. Bu kimi hallarda az maaliyyə tələb olunur. Misal kimi Mingəçevir təmsilçisi “Energetik”i deyə bilərəm. Onlar finalçı idilər və AFFA tərəfindən 5 min manat mükafat alacaqdılar. Çempionatın başlamasına bir həftə qalmış məlum oldu ki, sponsor imtina edib və komanda dağılmaq təhlükəsi ilə üzləşib. Belədə, komanda rəhbərliyi müraciət etdi ki, biz həmin mükafatı komandanın saxlanılması üçün istifadə etmək istəyirik. Həmin 5 min manatla o komanda mövsümü başa vurdu. Sona qədər yaşaya bildi. Təbii ki, bu vəsait ancaq səfər xərcləri, nəqliyyat xərcləri, stadionun icarə haqqı və təcili tibbi yardıma sərf olundu. Nəticə də o qədər zəif olmadı. Düzdür, iddiası böyük olan komanda daha böyük məbləğ də tələb edir. “Energetik” də 1/4 finala qədər yüksələ bildi. Bu liqada hər komandanın özünə görə hədəfi var. Divizionda yarışmaq uğrunda və gənclərdən ibarət heyət formalaşdırmaq və.s. Büdcə də buna uyğun olur.

 

- Hansısa icra başçısı olub ki, onunla danışıq aparılıb, amma imtina edib?
- Hələ mövsüm başlamamışdan öncə federasiya tərəfindən 90 faiz icra başçısına rəsmi məktub göndərilib. Region Liqası haqqında, ötən və gələcək mövsüm haqqında məlumat verilib. Dəstək olmaları xahiş olunub. Bizə müraciət edən komandalar da çox vaxt icra hakimiyyətləri ilə razılaşırlar, ortaq məxrəcə gəlirlər. İcra hakimiyyətləri ilə danışsaq belə, ilk növbədə həmin rayonun komandası olmalıdı. İcra hakimiyyətləri ilə bu haqda da danışırıq. Müsbət yanaşan da olur, mənfi yanaşan da.
 

- Yəqin ki, artıq keçən aydan müraciətlər var. Bunlar kimlərdi və artıq iştirak edəcəyini təxmin etdiyiniz komandalar hansılardı?
- Keçənilki iştirakçılara nəzər salsaq 80 faizdən artıq iştirakçı ilə danışıq aparılıb. Ümumiyyətlə biz il ərzində onlarla daim ünsiyyət qururuq. Yeni komandalar da var. Bunlardan da paytaxt regionunu təmsil edən var, Qərb, Mərkəz regionu var. Təbii ki, biz ötən illərlə də müqayisə aparırıq. Problem yaşadığımız komandaları bir daha dəvət edib onlarla danışırıq. Onlara olan tələbləri bir az daha artırırıq ki, növbəti illərdə problem yaşanmasın. Bildiyiniz kimi, ötən mövsüm “Füzuli” və “FC Baku” yarışdan kənarlaşdırıldı. Bu mövsüm üçün isə onlarla bağlı qərar hələ ki qəbul olunmayıb.

 

- Müraciət olunub onlar tərəfdən?
- “Füzuli” şifahi şəkildə müraciət edib. Biz isə qərarı gözləyirik. İntizam Komitəsi işə baxacaq və onun əsasında qərar veriləcək.

 

- Bir komanda üçün orta hesabla minimal nə qədər vəsait tələb olunur?
- “Energetik”i misal çəkdim bayaq. 5000 manatla mümkündü. Bura təbii ki, oyunçuların maaşı daxil deyil. Komandalar oyundan bir gün qabaq yox, oyun günü gəlirlər. Biz ona görə Region Liqasını qruplara bölürük ki, səfərlər daha qısa zaman aparsın və daha az maaliyyə sərf olunsun. Bəzən deyirlər yarış dairəvi sistemdə keçirilsin, amma dairəvi olsa bu bir çox komanda üçün çətinlik yarada bilər. Eyni zamanda qonşu rayonların qarşılaşması daha böyük marağa səbəb olur, ajiotaj yaradır. Bir növ azarkeş üçün də derbi sayılır. Daha bir nüans da ondan ibarətdir ki, dairəvi sistemdə hansısa komanda bir neçə oyunda böyük hesabla məğlub olsa, bu, onların çempionatı sona çatdırmaqlarında problem yarada bilər. “Tufan” komandasını xüsusi qeyd edərdim. Onlar final mərhələsinə vəsiqə qazana bilməsələr də, sona qədər mübarizə aparmaqla peşəkar olduqlarını sübut etdilər. Onların təşkilatı məsələlərə peşəkar yanaşması da təqdir olundu. Bir neçə komanda var ki, çempionata daha peşəkar yanaşdılar.

 

- Yeni mövsümə nə kimi yenilik gözlənilir?
- Yenilik komandaların sayında ola bilər və komandaların iştirak etdiyi regiona aid olaraq keçirilmə sistemində yeniliklər ola bilər.  Ümumi format olaraq regionlar, zonalar qalacaq. Zonaların mərkəzi isə dəyişdirilə bilər.

 

- PR baxımdan hansısa oyuna həmin rayondan olan məhşur veteran bir futbolçunun aparılması ola bilər?
- Biz tərəfdən artıq belə bir addım atılıb. “Energetik”in oyununa Mingəçevirdən olan bir sıra veteran dəvət etdik və eyni zamanda çəkiliş oldu. Elə komandalar var ki, onların sponsorları , rəhbərləri maraqlı olurlar. “Şamaxı” komandası özü maaliyyələşir. Çalışırlar icra hakimiyyətindən, veteran futbolçulardan dəvət etsinlər. Bu da canlama yaradır təbii ki. Bizim üçün ən sevindici hal regionlarda azarkeşlərin marağıdı. Təbii ki, təhlükəsizlik də mühüm rol oynayır və biz çalışırıq həm bu, həm də komandarın peşəkarlaşması yönündə də dəstək olaq. Həvəskar liqası olduğu üçün çox tələb də irəli sürə bilmirik. Amma ildən ilə təşkilati tələbləri sərtləşdiririk.

 

- Bir regiondan digər regiona getmək həqiqətən çətindi. Vəsait tələb edir. Region kuboku keçirilsə necə olar?
- Bu il üçün planda yoxdu. Region Liqası özü yenidir və üçüncü ilinə keçir. Hazırda işlərin daha peşəkarlaşmasına, daha çox tanıdılmasına çalışırıq. Region Liqası istədiyimiz stabil vəziyyətə düşdükdən sonra kubok haqda düşünmək olar. Bu gün tələblər və vəsait yeni yaranan istənilən komanda kiçik standartlardı. Kiçik məbləğ, məsuliyyət varsa istənilən komanda qoşulub oynaya bilər. İştirakçı sayına baxsaq görərik ki, ötən illərdə 35-37 komanda, bu il üçün 40 müraciət var və bu da onu deməyə əsas verir ki, iştirak üçün çətinlik, sərt tələb, böyük vəsait lazım deyil. Hər nə qədər həvəskar olsalar da , komandalarda müəəyyən qədər peşəkarlıq da olmalıdı. Bu Liqa da adından da göründüyü kimi həvəskardı. Oyunçular da buna ikinci iş kimi baxırlar. Çoxunun birinci normal işi var. Buna görə də ən çox müraciət oyunçuların işləri ilə bağlı oyunların vaxtının dəyişdirilməsi olur. Onlara da çalışırıq maksimum müsbət cavab verək, kömək olaq.

 

- Perspektiv üçün hansısa limit tələbi gözlənilmir? Yəni komandanın təmsil etdiyi rayondan olan 3, 4 ya 5 futbolçu mütləq oynasın və ən azı biri 18 yaşdan aşağı...
- Bu məsələyə iki cür yanaşmaq olar. Bu həvəskar liqadı və həvəskar liqada istənilən həvəskar futbolçu, yəni cari mövsümdə heç bir klubla peşəkar müqaviləsi olmayan oyunçunun bu liqada oynamasına qadağa qoymaq da bir qədər düzgün yanaşma olmur. Hansısa futbolçu peşəkar liqada oynamır, amma həvəskar kimi oynamaq istəyirsə bunda problem olmamalıdı və xüsusən əgər peşəkar olubsa onun indi həvəskar liqada oynaması bu liqaya da təkan verə bilər, inkişafa dəstək olar. O qədər də çox deyil belə oyunçu. Götürək Vüqaq Nadirovu. Əslində, Region Liqasının tanıdılmasında, PR baxımdan və digər komandalar arasında rəqabət yaradır. Artıq rəqib də oyuna xüsusi hazırlıqla çıxır. Bunlar müsbər amillərdir və eyni zamanda komandalara baxsaq, 2 komanda xaric, digərlərində elə öz rayonlarından olan oyunçulardır. Bunlar da peşəkar yox, sırf həvəskar, bu günə kimi adı qeydiyyatda olmayan oyunçulardı. “Ağdaş”, “Şəki” və s. Bir çox komandaların heyyətlərinə baxsaq görərik ki, 90 faiz, bəzi komandalarda 100 faiz yerli, həmin rayonun sakinləridi və 5-6 komanda isə daha iddialı olduğu üçün heyətini başqa rayondan olan oyunçu ilə gücləndirib. Onlarda da 2 ya 3 transfer olunmuş oyunçu olur. Yaş məsələsi ilə bağlı isə müzakirə aparılır. İşçi qrupu tərəfindən bu meyarlar müzakirə olunur.

 

- Cari mövsümdə tətbiq oluna bilər?
- Müzakirə olunur. Bütün variantlara baxılır. Statistikaya baxılır. Əgər komandalarının hamısının heyətində ya 80 faizinin heyətində 1 ya 2 18 yaşlı oyunçu olubsa artıq bu qərar heç nəyi dəyişmir. Komandalarla da danışıq aparılır və işçi qrupu qərar verəcək.

 

 

CEYHUN ƏLİYEV

19 Oktyabr 2019
18 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB