TOP 10

Xəzərin sahilində Xəzərlə üz-üzə: təki batırmayaq!

Şahmat
Tarix: 2019-08-12 10:16

Cəmi 14 yaşı olsa da, Şəhriyar Məmmədyarov onun parlaq gələcəyini gördüyünü vurğulayıb. Xəzər dənizin sahilində - Bakıda yaşayan Xəzər Babazadə tək həmyaşıdlarından deyil, əksər dünya şöhrətli şahmatçılardan da fərqli olaraq, məşqçisiz işləyir. Hazırkı məqsədi qarşıdakı 4-5 ayda reytinqini 2400-ə çatdırmaqdır. Yeniyetmə vunderkindlə blitsə də qüvvəmizi sınadıq, aqressiv oyun üslubuna sahibdir. Ən ciddi problemi isə beynəlxalq turnirlərin az olmasıdı. Daha doğrusu, yetərincə beynəlxalq turnirlərdə iştirak edə bilməməsi. Kiçik Xəzərin böyük planları barədə söhbətləşdik, tribuna gənc dərin zəka sahibindədi.

 

 

"İlk xaricdə yarışım olan Dubayda son turda hindistanlıya qalib gəlsəydim, dünya çempionu olurdum"

- 2005-ci il, martın 12-də anadan olmuşam. Şahmata 5 yaşımda babamla​ məşğul olmağa başlamışam.

- O, şahmatçı olub?
- Bəli. İbrahim Babayevdi, veteranlar arasında 2 dəfə çempion olub. SSRİ dövründə Harri Kasparovla bir yerdə məşğul olub. Şahmatda müəllim kimi çalışıb, tanınmış şagirdləri olub. Onlar arasında çempionluq qazananlar olub.​

- Babanla evdə məşğul olmusan?
- Bəli, yalnız ikimiz. Bir ilə yaxın məşğul olduq. Sonra yarışlara getdim.​

- Dərəcə yarışları?
- Xeyr. İlk dəfə 2013-cü ildə babamla Dubaya dünya çempionatına getdik. İlk dəfə səfərə çıxırdım, 8 yaşlılarla yarışdım. İlk turnirimdə pis çıxış etmədim - 7 görüşdə 5,5 xal topladım blitsdə. "Klassika"nı yaxşı oynamadım, çünki şahmatı dərk etməyə​ yeni başlayırdım. Sürət məndə yaxşı olduğu üçün biltsi çox yaxşı oynayırdım. Son turda hindistanlı şahmatçını udsaydım, blits üzrə dünya çempionu olurdum. Heç-heçə olsaydı, 2-ci yeri tuturdum. Ancaq uduzdum, düşdüm 6-cı yerə.

- Və bundan sonra şahmatla ciddi​ məşğul olmağa başladın....
- Bəli, atamla, babamla məşğul olurdum, bir də tək özüm. Müəllimim olmayıb.

"Uşaq vaxtı babam məni futbolçu etmək istəyirdi"

 

- Neçə yaşadək fərdi məşq etdin? Yəni valideynlərinlə...
- Təxmini 11-12 yaşından sonra artıq özüm tək məşğul olmağa başladım. 2016-17-ci illərdə 2092 reytinqim vardı. Sonradan pis oynadım, reytinqi 100 əmsal saldım.​ Artıq bundan sonra fərdi - kompüterlə məşğul olmağa başladım.​

- Hesab elədin ki, valideynlərin mane oldu, reytinqini saldılar?
- Bəli. Özüm öz üzərimdə işlədim və daha yaxşı oldu.​

- Şahmat oyununda səni əsas nə cəlb etdi?
- Uşaq vaxtı babam məni futbolçu etmək istəyirdi. Bir gün bir tanışı ona “maşallah,   nəvən vurma cədvəlini nə yaxşı bilir” dedi. Mən də 1-dən 10-a qədər bilirdim. Babam buna inanmadı, dedi ki, ola​ bilməz. Məni yanına çağırdı, soruşdu ki, vurma cədvəlini bilirsən. Dedim ki, öyrənmişəm. Mənə suallar verdi, hamısına cavab verdim. Dedi ki, səndən yaxşı şahmatçı çıxar, bundan sonra oturduq, əməlli-başlı şahmat oynadıq. Şahmatdakı nəticələrim onu sevindirirdi, ayırmaq istəmirdi.​

- Yəqin ki, Azərbaycan çempionatında iştirak etmisən...
- Bəli, çempion da olmuşam. Özü də 5 dəfə! Biri​ 17 yaşlılarda idi. İki il əvvəl 11 yaşımda Qubada 17 yaşlılar arasında Azərbaycan çempionu olmuşam.​

- İndi neçə yaşlılarda çıxış edirsən?
- Oynayanda öz yaşıdlarımda yox, 18 yaşlılarda çıxış edirəm. Bu il onların yarışında 3-cü yerə çıxdım.​

 

"Hazırda məşqçim özüməm, belə mənə rahat olur"

- Hazırda məşqçin kimdi?
- Özüm. Yenə fərdi məşğul oluram.


- Niyə?
- Belə mənə daha rahat olur. Gündə oturub 6-7 saat məşğul oluram.​


- Bəs elə, məşqçisiz çətin deyil?
- Xeyr. Məncə, daha asandı. Çünki kompüterdə hər bir şey var, məsələləri özüm işləyirəm. Debütlərdə Şəhriyar Məmmədyarovun oyunlarına baxa-baxa ondan öyrənirəm​ və yarışlara çıxıb iştirak edirəm.

- Maqnus Karlssen belə məşqçisiz işləmir...
- Bəli, onun 3 məşqçisi var.

- Ancaq sən deyirsən ki, mənə məşqçi lazım deyil...
- Ancaq Maqnus 2600 reytinqədək özü məşğul olub. İndi sekundantları var.

- Hazırda reytinqin neçədi?
- 2295. Batumidə açıq turnirdə A qrupunda 40-a yaxın iştirakçıyla yarışdıq. Orda qrossmeysterlər çox idi. Məqsədim 100 performans qalıdrmaq idi. Həmin turnirdə yaxşı oynadım, qrossmeysterləri məğlub etdim, 3-4 beynəlxaql ustayla heç-heçə etdim. 4,5 xal topladım. Performansım 2495 oldu. 1 xal da toplasaydım, usta norması idi. Bunun üçün mənə 5,5 xal toplamaq lazım idi, alınmadı.​ Belədə, performansım 2505 olacaqdı.

 

"Öz yaşıdlarımda Avropa çempionu oldum, özümdən 1 yaş böyüklərlə..."

- Avropa və dünya çempionatında nəticələrin olub?
- Bir dəfə Avropa çempionu olmuşam. Bu, klassikada 2015-ci ildə olub. Onda öz yaşıdlarım arasında çıxış edirdim. Özümdən 1 yaş böyüklərlə 3-cü yerə çıxdım, öz yaşıdlarımda 1-ci oldum. Rapid növü üzrə Avropada 3-cü olmuşam.

- Sonuncu dünya və Avropa çempionatında iştirak etmisən?
- Xeyr, düşmədim. 18 yaşlılarda ilk 2 yeri tutanları aparırdılar. Mən isə 3-cü olmuşdum.​

- Məşqçisiz bu cür tempi nə qədər davam etdirmək fikrindəsən?
- 2400 reytinqə çatanədək. Özümdə güc hiss edirəm ki, buradək tək gedə bilərəm.​

- Səncə, qarşına qoyduğun bu hədəfə çatmağın üçün nə qədər vaxt lazımdı?
- Bu ilin sonuna​ 2400 reytinq olmaq fikrindəyəm.​

- Bəs bundan sonra? Kimi özünə məşqçi görürsən?
- Azərbaycanda mütəxəssislərlə məşğul olmaq istəmirəm. Ruslar çox yaxşı məşqçilərdi. Onların bilikləri daha​ çoxdu, bunu özümə daha yaxın bilirəm.

- Virtual?
- Bəli, internet üzərindən. Yarışlar Rusiyada da olur. Bəlkə gedib orda da məşğul oldum.

 

"Şəhriyar Məmmədyarovun reytinqinə çatmaq üçün hər gün çalışıram, buna nail olacam"

- Tanınmış şatmatçılarımız, beynəlxalq qrossmeytsterlərimiz yetərincədi. Önda gedəni Şəhriyar Məmmədyarovdur ki, o, barəndə xoş sözlər deyib...
- Bəli. Təlim-məşq toplanışında yarışa hazırlaşırdıq. Şəhriyar ora gəldi, uşalqarın hamısına seans verdi. Həmin vaxt çox yaxşı oynadım. Məmmədyarovla bərabər mübarizə apardım. Heç-heçə vəziyyəti idi. Axırda məni aldatdı, uddu (gülür). Bundan sonra diqqət yetirdi, xoş sözlər dedi. Sonra yenə seans oldu, heç-heçə oynadım. Orda uduşa​ oynamaq istədim, ancaq necəsə oldu, heç-heçə qeydə alındı.​

- Bu sualı sənə keçmiş şahmatçı kimi verirəm: dəst-xəttin nədi? Bir xətt Vüqar Həşimovundu, bir xətt Şəhriyar Məmmədyarovun, bir xətt​ də Teymur Rəcəbovun. Sənə daha doğma hansı üslub gəlir?

- Üçü də yaxşı əsrimizin ən yaxşılarındandı. Ancaq öz oyunuma baxanda, Şəhriyarınkını mənə daha yaxın bilirəm.

- Məmmədyarovun oyun üslubuna "romantik şahmat" deyirlər. Hardasa bəzən nəticəni gözəlliyə qurban verir...
- Bəli, mən də o üslubu sevirəm.​

- Necə hesab edirsən, Məmmədyarov zirvəsini fəth edə bilirsən?
- Bəli. Şəhriyar dünyada ümumi tarix ərzində 6-cı reytinqə çıxıb - 2826-yla. Ona çatmaq üçün çalışıram, hər gün çalışıram. İnşallah, çatacam.

 

 

"​Debütdə özümü zəif bilirəm"

- Sənə nə çatmır? Nə istəyərdin inkişaf üçün?
- Özmüdə bir çox şeyi görürəm. Mənə təcrübə artrımaq üçün turnirlər lazımdı. Orda nəzəriyyədə öyrəndiklərimi praktikada tətbiq edim. Mənə böyük, qrossmeyster səviyyəsində yarışlar lazımdı. Bu, Bakıda, Azərbaycanda az olur. Ən çox Rusiya kimi dövlətlərdə olur.​

- Ən zəif yerin hansıdı?
- Debütdə özümü zəif bilirəm. Endşpil məndə normaldı. Bərabər vəziyyətləri bərabərliklə başa çatdıra bilirəm, məğlub olmuram. Həmişə debütdən ürəyim istədiyim kimi çıxa bilmirəm. Axır vaxtlar bəzi debütləri artıq yaxşılaşdırmışam. Hələ bunun tam yaxşı olması üçün çox var. Bunun üzərində hər gün işləyirəm. İnşallah, düzələcək.​

 

Ölkəmizdə parlaq gələcək vəd edən istedadlı gənc şahmatçılar zaman-zaman peyda olub. Məhz diqqətsizlik, biganəliyin nəticəsində bu yolu yarımçıq dayandırmalı olub, Xəzərin sahilində batırılıblar. İndi Xəzər belə perspektiv vəd edir. Ümid edək ki, Azərbaycan Şahmat Federasiyası, mesenatlar vaxtilə Harri Kasparova, Teymur Rəcəbova göstərdikləri dəstəyi azərbaycanlı balasına da göstərəcəklər.
 

CEYHUN ƏLİYEV

17 Avqust 2019
16 Avqust 2019
B.eÇ.aÇC.aCŞB