TOP 10

Abbasov gözlənilməz gedişdən və İsayev haqda artıq fikirləşməməsindən söz açdı: "Büdcələri nə qədər aşağı düşsə də, "Sumqayıt"dan aşağı deyil ki..."

Futbol
Tarix: 2019-08-10 19:16

Premyer Liqada yeni mövsümün startı yaxınlaşdıqca transferlərin sayı da azalır. Hər halda, klublar heyətin komplektləşdirilməsini demək olar başa vurublar. İndi əsasən legionerlərin keçidləri az da olsa müşahidə edilir. Yerli transferlərin olmadığı bir vaxtda Adil Nağıyevin "Sumqayıt"dan "Səbail"ə gözlənilməz keçidi diqqət çəkdi. "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasovla söhbətimizdə iki komandada rəhbərliyi altında çıxış etmiş 24 yaşlı mərkəz müdafiəçisinin gedişinə və digər məqamlara toxunduq. 

 

- Sizə yaxşı tanış olan futbolçu, "Zirə"dən gətirdiyiniz mərkəz müdafiəçisi Adil Nağıyevlə müqaviləni pozdunuz və dərhal da "Səbail"ə keçdiyi bəlli oldu. Bu, gediş gözlənilməz oldu...

- Bizə "Səbail"dən Adil haqda təklif gəldi. Komandamızda da Nağıyevin mövqeyində hardasa 5 futbolçu var. Bəlkə də Adilin "Səbail"in oynamaq şansının daha çox olduğu üçün belə qərara gəldik. Normal ayrıldıq. 

 

- Futbolçu gəlib sizə demişdi ki, yeni variantı var, getmək istəyir?

- Klub bizə təklif göndərib, Adil də bizdən icazə aldı ki, "Səbail"lə danışmaq istəyirəm. Biz də icazə verdik, dedik ki, klubla razılaşsan, keçidinə müsbət baxarıq. Rəhbərliklə də oturub fikirləşdik və qərara gəldik ki, "Səbail"də çıxış etsin.

 

- Adil güvəndiyiniz futbolçulardan olub, əsas heyətdə daim yer alıb. Birdən-birə getməsi sizin üçün gözlənilməz olmadı?

- Bildiyiniz kimi, qış fasiləsində "Zirə"ylə müdafiəçi dəyiş-düyüşü etdik. Adil orda oynamaq istəmirdi, komandamıza gətirdik, 6 ay bizdə çıxış etdi. Futbolda bu, normaldı. Keçən mövsüm ona çox şans vermişdik. İndisə bizdə müdafiəçi çoxdu. Ola bilər ki, "Səbail"də daha çox çıxış etmək şansı var.

 

- Çempionatın startına bir həftə qaldı. Tranfer çalışmalarınızı bitirmisiniz, yoxsa..?

- İlk gündən yığışdığımız futbolçularla hazırlaşırıq. "Transfer pəncərəsi"nin bağlanmasına hələ var. Əlbəttə, istəyərdik ki, 1-2 futbolçu cəlb edək. Çünki bəzi mövqelərdə çatışmazlığımız var. Bəzi mövqelərdə yalnız gənclərdi. Transfer edə bilsək, 1-2 mövqedə xeyrimizə olacaq, daha yaxşı ola bilərik. Olmasa da, yenə bu heyətlə çalışacağıq ki, çempionatda vuruşaq. 

 

- Yarımmüdafiənin mərkəzində gedən futbolçularınızın yerinə transfer etsəniz də, yenə boşluq qalıb. Başqa hansı mövqedədi?

- Yarımmüdafiənin mərkəzinə və cinahlara futbolçular istərdik.

 

- Cənubi Azərbaycan bazarında transfer daha alınmır? İran “Perspolis”inin cinah yarımmüdafiəçisi Mehdi Şərifi ilə maraqlanırdınız, klubuyla müqaviləsi vardı...

- Bəli, istədiyimiz futbolçular var. Təəssüf ki, klublarındadırlar. Bəzi futbolçular da istəyir ki, "Sumqayıt"da çıxış etsinlər. Ancaq əfsuslar olsun ki, alınmır. Gözləyirik, hər şey ola bilər. 

 

- Yəni, məsələ tam bağlanmayıb. Gözləyirsiniz ki, klublarıyla məsələni həll edərək sərbəst futbolçular olsunlar, siz də götürəsiniz...

- Klublarıyla transferlə bağlı razılıq olmalıdı. Bəzi klublara müraciət də etmişik futbolçuların keçidləriylə bağlı. Buna ehtiyac duyurlar. Bizdə də yerl futbolçular olmalıdı. Onların keçidləri olmasa, gənclərimiz var, onlara üstünlük verəcəyik. 

 

- Komandanızda zədə baxımından vəziyyət necədi? Ehtiram Şahverdiyevlə Murad Xaçayev artıq tam gücləriylə çalışırlarmı?

- Təlim-məşq toplanışında bu iki futbolçu, habelə Peyman Babayi bir az hazırlıqdan kənarda qaldılar. Yavaş-yavaş zədələrini sağaldırlar, artıq komandayla məşq edirlər. İnşallah, yaxın günlərdə onlar da tam formada olacaqlar. 

 

- Müqaviləylə hələ də "Sumqayıt"a məxsus, millimizə də cəlb olunan yarımmüdafiəçi Aleksey İsayevin taleyinə aydınlıq gəldimi?

- İsayevlə rəhbərlik arasında danışıqlar gedir. Futbolçu başqa komandada çıxış etmək istəyir. Bu işlə klub rəhbərliyi məşğuldu. Mən İsayevi artıq fikirləşmirəm. 

 

- İki qapıçınız var. Yəqin ki, daha biri cəlb olunacaq...

- Hazırda iki qapıçımız var - Mehdi Cənnətovla Anar Bayramov. Bir qapıçı da transfer etməliyik. Bu mövqedə də boşluq var.

 

- Konkret variant var, yoxsa hələ ki ümumi axtarışdı?

- Bir gənc qapıçını icarəyə götürəcərik. 

 

- Yeni çempionatın ilk 3 turu məlumdu. Millimizin AVRO-2020-dəki matçları ilə əlaqədar yaranacaq fasiləyədək olan təqvimizini necə şərh edərdiniz?

- Püşkə baxsaq, ilk 3 rəqibimiz Avroliqada bu mövsümkü təmsilçilərimizdi. Üstəlik, bizdən qabaq yığışaraq məşqlərə başlayıblar. Yəni, bizdən hazırdırlar. Ən son mübarizəyə qoşulan "Qəbələ" Tiflis "Dinamo"suyla görüşlərlə əlaqədar bizdən 10-14 gün əvvəl bir araya gəlmişdi. Heyətlərinə baxsaq, 6 yeni legioner cəlb olunub, Davit Volkov keçən mövsümdən qalıb. Baxırsan ki, yaxşı heyəti var, keçən ilkindən fərqli "Qəbələ"di. "Səbail" də Avrooa Liqasında çıxış edib, "Neftçi" hələ də çıxışını davam etdirir. Çempionatın startında 3 güclü komandayla qarşılaşacağıq. 

 

- Ancaq onu da nəzərə alaq ki, "Qəbələ"ylə "Səbail"də maddi sıxıntılar var, büdcələri azalıb. Onları növbəti mövsümdə autsayderlər sırasında görənlər də var. Ancaq siz fərqli düşünürsünüz...

- Büdcə deyəndə, nə qədər aşağı düşsə də, "Sumqayıt"dan aşağı deyil ki...Bu gün heyətlərinə baxsaq, "Səbail"də 5-6 milli futbolçusu çıxış edir. Bəli, bəzi legionerlər gedib, "Qəbələ"dən bir sıra futbolçular ayrılıb. Ancaq bu komandaları o qədər də zəif görmürəm. Tam autsayder olduqlarını demirəm. Əlbəttə, bu mövsüm çempionat daha maraqlı olacaq. Klubların gücləri bir-birinə yaxındı. Ancaq hər şey büdcəylə də bağlı deyil. Bu gün baxsaq, Azərbaycan çempionatını tanıyan iki komandada xeyli futbolçu var. Hamı mübarizə aparacaq. 

 

- Çempionata "Qəbələ"ylə səfər matçıyla başlayacaqsınız. Son rəsmi matçınız da bu rəqiblə ölkə Kubokunun finalında olub və 0:1 hesablı məğlubiyyət almısınız. Bunun əlaqədar idman prinsipiallığınız olacaq? Hər halda, həm "Sumqayıt" tarixində ilk titula çox yaxın idi, həm də siz məşqçilik karyeranızda...

- Həqiqətən də açılış matçı çətin olur. Çünki hələ komanda tam formalaşmayıb, hələ o gücdə deyil. Yoldaşlıq görüşlərinin tempi çempionat oyunun tempi deyil. Bir-iki tur lazımdır ki, o tempi tutaq. Buna görə ilk turlarda futbolçular üçün çətin olur. Amma "Qəbələ"ylə belə bir prinsipim yoxdu. Finalda uduzduq, bu, keçən mövsümdə qaldı. İndi yeni başlanğıcdı. Futbolçularıma da bildirmişəm ki, onlara inanmışıq, inanaraq bu yola çıxmışıq. Çox çətin olacaq, ancaq inanıram ki, bir yerdə, azarkeşlərinin dəstəyi ilə yaxşı oyunlar keçirəcəyik. 

 

 

 

MEHMAN SÜLEYMANOV

23 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB