TOP 10

Avantürist Bordin

Futbol
Tarix: 2019-08-10 10:09

Mətbuat nümayəndələrinin məşqçiləri heyət və taktikaya görə qınaq obyekti seçməsinə daima qarşı olmuşam. Çünki uzun illər bu sahədə fəaliyyət göstərən, futbolçularla, demək olar, hər gün ünsiyyətdə olan birini kənardan tənqid etmək mənə görə asan üsuldur. Amma “Neftçi”nin baş məşqçisi Roberto Bordin məni bu tabunu pozmağa məcbur etdi.


Avrop Liqasında 4 oyun, 4 qələbə və qapıdan top buraxmamaq əla göstəricidir. “Sperantsa”nı kənara qoysaq, Tula “Arsenal”ı ilə oyunlarda “neftçilər”in oyunun yüksək qiymətləndirmək olar. Nəticədə “Bney Yehuda” ilə mübarizədə “Neftçi”nin favorit göstərilməsi, matçdan əvvəl keçirilən mətbuat konfransında italiyalı mütəxəssisə də əmin danışmağa əsas verirdi. 

 

Rəqibin müdafiə olunacağı əvvəlcədən bəlli idi və startda bunun əyani şahidi olduq. Buna adekvat olaraq, “Neftçi”nin baş məşqçisi meydana 4 hücamameylli futbolçu ilə çıxmışdı. “Arsenal”la qarşılaşmaların ən yaxşılarından biri Kanedən imtina edən Bordin yarımmüdafiədə Mahmudov-Mustivar-Platellas üçlüyünə şans vermişdi. Fərdi ustalığa üstünlük verən və tez-tez top itirən Darionu və sivri ucda oynayan Raufu nəzərə alsaq, “ağ-qaralar”ın müdafiədə işinin asan olmayacağı ilk dəqiqələrdən görünürdü. Komandamızın ilk qolunun müəllifi Monrozun isə 40-cı dəqiqəyədək meydanda olub-olmadığı sual altında idi. Rəqib qazandığı hər topu rahatca “Neftçi”nin cərimə meydançası ətrafına daşıması həyəcan təbili çalırdı. Elə hər iki qol da futbolçularımızın hücum qurmaq istəyərkən topu itirməsindən sonra vuruldu. Bordin gec ayıldı və Platellas-Dario-Monroz triosunu “rokirovka” etdikdən sonra oyunda canlanma yaratmaq mümkün oldu. Unutmaq olmaz ki, vurulan iki qoldan sonra “Bney Yehuda”nın daha çox müdafəyə diqqət yetirməsi də işimizə yaradı. Qaçırılan qələbəyə görə, israillilər  özlərini qınamalıdırlar.

 

6 nömrəli mövqedə çıxış edən Mustivarın çatdırmaması aşkar görünürdü və rəqibin onu asanlıqla keçməsi sarı vərəqə ilə “mükafatlandırıldı”. Əgər rəqib bir az daha təpərli olsa idi, “Neftçi”nin üçüncü və dördüncü qolu da buraxması təsadüfi olmayacqdı. Sadəcə, böyük azarkeş kütləsinin dəstəyi sayəsində son saniyələrdə vurulan qol italiyalı mütəxəssisə səhvlərdən nəticə çıxarmaq üçün əla şans verdi.

 

Cavab matçı ərəfəsində ustalıq baxımından “Neftçi”nin rəqibindən bir addım öndə olması sezilir, qalır meydanda doğru seçim etmək. Bir həftə sonra komandamız İsraildə qələbə qazanmaq gücündədir. Ümid edirəm ki, Bordin Bakıdakı kimi avantürist addımlar atmayacaq.
 

 

KAMAL RZA

17 Avqust 2019
16 Avqust 2019
B.eÇ.aÇC.aCŞB