TOP 10

Əsədov "Qarabağ"ın qrupa düşməyi 70-80 faiz həll etdiyini sayır: "Düşünmürəm ki, "Neftçi" "Bney Yehuda"ya qarşı birdən-birə riskli oynaya"

Futbol
Tarix: 2019-08-08 10:16

Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk matçları arxada qaldı. Bu turnirdəki təmsilçimiz "Qarabağ" APOEL-i Kiprdə 2:1 hesabıyla məğlub etməklə tarixində 2-ci dəfə bu turnirin pley-off mərhələsinə çıxmaq şansına real malikdi. "Neftçi"nin isə bu gün Avropa Liqasının III təsnifat mərhələsində ilk matçında evdə İsrailin "Bney Yehuda" klubuyla görüşdə sərfəli nəticə qazanması lazımdı. "Mütəxəssis rəyi" rubrikamızın budəfəki qonağı olan millimizin məşqçisi Arif Əsədov hər iki sabiq komandasıyla bağlı danışdı, şanslarını dəyərləndirdi. 

 

- "Qarabağ"ın Kiprdəki oyununa necə qiymət verərdiniz? Çətin səfərdən qələbəylə dönməyi gözləyirdiniz, yoxsa daha çox qollu heç-heçəni real sayırdınız?

- Oyundan qabaq çətin qarşılaşma olacağını düşünürdük. Daha çox "Qarabağ"dan ordan heç-heçəylə, hardasa qollu bərabərliklə qayıdacağına ümid edirdik. Amma təmsilçimiz maksimumu yerinə yetirdi. Bu baxımdan deyim ki, gözlənilməz yox, daha maksimum nəticəni qazandı. 

 

- İlk hissədə çətin anlar yaşadıq. Sizcə, qələbədə həlledici nə oldu? İkinci hissənin əvvəlində vurduğumuz qol matçın taleyini həll elədi?

- Həlledici deyəndə ki, mənə elə gəlir, "Qarabağ" oyunu düzgün qurmuşdu. Komandamızın hücumda sürətli triosu var - Abdullah Zubir solda, Xayme Romero sağda, Mahir Emreli irəlidə. Onlara boş zona lazım idi ki, istədiklərini eləsinlər. Əks-hücumları nəzərdə tuturam. Rəqib də görünürdü ki, ilk 15 dəqiqədə tez qol vurmaq istəyir. "Qarabağ" bu 15 dəqiqəni davam gətirdi və yavaş-yavaş həm özünə gəldi, həm də azarkeş təzyiqindən çıxdı. Bundan sonra kəsərli əks-hücumlara başladı. Artıq görünürdü ki, "Qarabağ" qol vuracaq. Çünki rəqibin müdafiəsində çoxlu boşluqlar var idi. Həlledici an "Qarabağ"ın əlindəki potensiala görə taktiki planda oyunu düzgün qurması idi. 

 

- Son saniyələrdə buraxdığımız qol konsentrasiyanın itirilməsinin nəticəsi idi? Ümumiyyətlə, qapımızda gördüyümüz bu top ruh düşkünlüyü yaratmalıdı?

- Deməzdim ki, konsentrasiyanı bir anlıq itirməklə bağlı idi. Müdafiədə hamı birəbir oynayırdı. Sadəcə, Rahil Məmmədov rəqiblə hava mübarizəsində uduzdu. Əlbəttə, "Qarabağ" başa düşürdü ki, 2:0 hesabı daha inamlı qələbədi. Ancaq rəqib də son ümidlərlə irəli getdi ki, 1 qol vurmaqla hardasa şans qalsın Bakıdakı matça. 0:2 olsaydı, hardasa 80-90 faiz növbəti mərhələdə əllərini üzmüşdülər. Ancaq indi bir qədər fərqli olacaq. 

 

- İstənilən halda, 2:1 də sərfəli hesabdı. Bakıdakı matçdan gözləntiniz nədi?

- Düşünürəm ki, "Qarabağ" yenə oyununda taktikaya üstünlük verəcək. APOEL-ə qələbə lazımdı ki, buna görə hücuma atılacaq. "Qarabağ" öz meydanında da rəqibi əks-hücumda tuta bilər. İnanmıram ki, kiprlilər qapalı oynasınlar. Belə oynasalar, "Qarabağ"a hesab sərf edir. Rəqib hesabda geridə olduğudan qol vurmalıdı, özü də 2-sini. Bu zaman irəli atılanda əks-hücumda onları cəzalandırmaq olar. 

 

- "Qarabağ"dakı milli futbolçular "ansambl"da necə idilər?

- Stabil oyun nümayiş etdirdilər. Mahir oyunda daha aqressiv, istəyi böyük idi. Bu matçda çoxdandı görmədiyimiz Mahiri gördük. Düzdür, qalan milli futbolçularından Qara Qarayevlə Araz Abdullayev az oynadı. Araz oyuna pis girmədi, nəyləsə yadda qaldı. Maksim Medvedevdə və xüsusilə Rahil Məmmədovda oyundan oyuna irəliləyiş hiss olunur. Riçard Almeydanın istəkli mübarizə aparmaq keyfiyyətləri qeyd olunmalıdı.  

 

- Amma Riçardla bağlı bir şey diqqətimi çəkdi ki, sona yaxın yorulmuşdu, top itkiləri az deyildi və yekunda Qarayla əvəzləndi...

- Almeydanı daha çox toplu oyunda görürdük. Amma bu dəfə "qara" işi çox görürdü, qabağa da, arxaya da mübarizələrdə çox işlədi. Fikrimcə, istədiyi oyundan daha çox komanda oyununa üstünlük verdiyi üçün güc çox sərf etdi. Və görünürdü ki, yorulmuşdu. Yəni "qara" işi görmək daha çətindi, nəinki topla oynamaq. 

 

- Cavab matçına nə proqnoz verərdiniz? "Qarabağ" neçə faiz məsələni həll edib?

- Hardasa 70-80 faiz. 

 

- Sonradan çox güman, "Ayaks" gələcək. Siz də reallığa söykənərək bu rəqibi keçməyi real saymırsınız?

- Hələ ora kimi var. İndi gərək pley-offu fikirləşməyək ki, hazırkı mərhələdə boşalma getməsin. APOEL-i keçməklə ən azından Avropa Liqasının qrupuna vəsiqə təmin olunur. Bu, özü bir stimuldu ki, çempionumuz yüzdəyüz bu vəsiqəni qarantiya etsin. Bundan sonra "Ayaks"la necə alınar, görərik.

 

- Avrokuboklardakı digər təmsilçimiz "Neftçi" isə bu gün  Avroliqanın III təsnifat mərhələsində mübarizəyə başlayır. Bu komandamız 4 matçda 4 qələbə qazanıb, qol da buraxmayıb. Rəqib isə mübarizəyə indi başlayan, bizə tanış olmayan "Bney Yehuda"dı...

- "Neftçi"də irəliləyiş var - həm komanda oyununda, həm də komanda ruhunda. Görünür ki, "Neftçi"yə keyfiyyətli futbolçular gəldiyindən daha keyfiyyətli oyun göstərir. İlk matç həmişə kəşfiyyat xarakterli olur. Ona görə düşünmürəm ki, "Neftçi" birdən-birə riskli oynaya. İlk 10-15 dəqiqədən sonra görünə bilər ki, rəqib hansı gücə malikdi. Hələliksə nəsə söyləmək çətindi. Düşünürəm "Neftçi" inamlı qələbə qazanmalıdı ki, səfərə gedəndə rahat oynasın.

 

- "Neftçi" bunadək 2 mərhələdə məsələni səfərdə həll etməklə evdəki matçı rahat oynayıb. İndisə mübarizəyə evdə başlayacaq, qol buraxmadan qalib gəlməlidi. Bu məkan dəyişikliyi öz mənfi təsirini göstərməz? Gərginlik olmaz ki?

- Vojislav Stankoviçin "Neftçi"yə gəlişindən sonra müdafiə xəttində artıq bir stabilik, özünəinam var. Bu legionerin komandaya çox köməyi dəyir. Roberto Bordinin oyun üslublarından bir odur ki, müdafiədə nizam-intizamlı, konsentrasiyalı çıxış etmək. Ancaq hücumda "Qarabağ"dakı kimi futbolçuları var ki, hər zaman sürətinə, fərdi oyun keyfiyyətlərə görə qol vurmağa qadirdi. Sadəcə, müdafiəyə diqqət yetirilməlidir ki, qol buraxmayasan. 

 

 

 

MEHMAN SÜLEYMANOV

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB