TOP 10

Şengeliyanı "Neftçi"ylə "Qarabağ"da görən futbol agenti: "Qəbələ" Volkovu satmaqla özü də qazanar, oyunçu da"

Futbol
Tarix: 2019-08-06 13:18

Azərbaycanda legioner həyatı yaşamış tanınmış gürcü futbolçularından biri Mixail Xutsişvilidi. Özü də 40 yaşlı keçmiş hücumçu 2 klubumuzda çıxış edib. Mixail 2004/05 mövsümündə 28 matçda 11 qol vurduğu "Kəpəz"də çıxışıyla tanınsa da, ölkəmizə 2-ci gəlişi də olub. Bu, 2008-ci ildə 10 qarşılaşma keçirdiyi AZAL-dakı qısamüddətli karyerasından ibarətdi. Bu komandanın avrokuboklarda debütündə - 2008-ci ildə UEFA Kubokunda heyətində olan Xutsişvili 6 ay sonra, həmin turnirdə uduzduqları "Voyvodina"ya keçib. O, 2010-cu ildə, cəmi 31 yaşında bu Serbiya klubunda futbolçu karyerasını bitirməli olub. 

 

"Qəbələ"nin Avropa Liqasının II təsnifat mərhələsində Tiflis "Dinamo"suyla səfər matçının keçirdiyi Boris Payçadze adına stadionda olan Mixail Gürcüstanın ən adlı-sanlı klubunda həm futbolçu, həm də rəhbərliyində - baş direktoru olub. Son 3-4 ildəsə futbol agenti kimi çalışaraq "Qəbələ"yə gürcü legionerləri - Davit Volkovla Merab Qiqaurini məhz o gətirib. Xutsişviylə söhbətimizdə xeyli mətləblərdən söhbət açdıq. 

 

- Futbolçu karyeranızın bağlı olduğu Azərbaycanın və vətəniniz Gürcüstanın təmsilçilərinin Avroliqa dueli sizdə hansı təəssürat oyatdı?

- Açığı, belə nəticəni gözləmirdim. Fikirləşirdim ki, hər iki komanda üçün çətin qarşılaşmalar olacaq. "Dinamo"nun bir üstünlüyü var ki, hazırda çempionatları gedir və bu üzdən pik formadadı. Ancaq "Qəbələ" bildiyimə görə, Avropa Liqasınadək Türkiyədəki təlim-məşq toplanışında cəmi 3 yoxlama matçı keçirmişdi. Həm də komandaya yeni futbolçular gəlib. Düşündüyüm həqiqət oldu ki, "Qəbələ"də hələ oyun anlaşması yox idi. 

 

- Təmsilçimizdəki gürcü legionerlər - Davit Volkovla Merab Qiqauri də zəif təsir bağışladılar. Onlara menecerləri yox, keçmiş futbolçu kimi necə qiymət verərdiniz?

- Bəli, onlar mənim futbolçularımdı. Merab da "Qəbələ"yə gələnədək Gürcüstanda çıxış edib, Kutaisi "Torpedo"sunun futbolçusu olub. Cari mövsümün ilk yarısında mütəmadi çıxış edib, pik formasındadı. Görünürdü ki, meydançada ən işgüzar futbolçularından idi. Volkov hücumda fəal idi, 1-2 qol imkanını dəyərləndirə bilərdi. Fikrimcə, "Qəbələ" hələ bir az artıracaq və yaxşı komanda olacaq.

 

- Azərbaycan çempionatını izləməmiş olmazsınız. Əvvəlkitək, sizin vaxtınızdakı kimi gürcü futbolçu yoxdu. Bunda səbəb nədə görürsünüz?

- Son 2-3 ildə Azərbaycan klubları Gürcüstandan çox az futbolçu götürüb. Məncə, son 3 ildə çempionatımızda ilk gürcü futbolçu Volkov idi. Onu götürən yaxşı komanda oldu. "Qəbələ" riskə getdi və düşünürəm ki, bu transferlə səhv etmədilər. Volkov da mövsümün ikinci yarısı olan 6 ayda çox yaxşı çıxış etdi. "Qəbələ"nin ilk titulu qazanmasında Davitin də böyük xidmətləri var. Komandanız gürcü futbolçulara inandı və indi Merabı gətirib. Fikrimcə, o, hazırda "Qəbələ"nin ən yaxşı futbolçularından biridi. 

 

- İndi "Qəbələ"nin büdcəsi xeyli aşağı düşüb, Avroliqada da mübarizəni dayandırdı. Futbolçularınızın bundan sonra motivasiyaları nə olacaq? Həmin Volkov gedə bilərmi? Yoxsa müqaviləsi olduqlarından qalmağa məcburdurlar?

- Volkovun bu ilin dekabrın 31-dək müqaviləsi var. Başqa klublardan yaxşı təklifi olarsa, niyə də yox? Həm "Qəbələ" bir az pul qazanar, həm də Davitin daha yaxşı müqaviləsi olar. Qiqauri isə "Qəbələ"nə yeni keçib, oynamalı, özünü sübut etməlidi. Fikrimcə, o, "Qəbələ"nin ən aparıcı futbolçularından biri olacaq. 

 

- Volkov saytımıza müsahibəsində bu yay fasiləsində təkliflərinin olduğunu, başqa klubumuzun onunla maraqlandığını söylədi. Bu, Azərbaycan klubu hansıdı?

- Belə variantlar olub. Onu deyə bilərəm ki, Azərbaycandan çox klub Volkovla maraqlanırdı. Mənə də zəng edirdilər, "Qəbələ"yə də. Komanda Avropa Liqasında çıxış edirdi, bu üzdən Volkov qaldı. Hətta biz heç kimlə danışıq aparmamışıq, çünki UEFA tirnirində çıxış etməsini istəyirdik. Bundan sonra "Qəbələ" nə qərar verəcək, zaman göstərəcək. Daviti satsalar, özləri də qazanar, futbolçu da. Və ya elə ola bilər ki, bu ilin sonunadək, müqaviləsi bitənədək "Qəbələ"də qalacaq. Buna baxarıq. 

 

- Maraqlıdı, əməkdaşlıq etdiyiniz tanınmış gürcü futbolçular varmı?

- Öz futbol agentliyimiz var. Çoxlu gürcü futbolçum var. Onlardan 6-sı millimizin üzvləridi - İspaniya, Çexiya, Slovakiya, Latviyada çıxış edəni var. Elə Tiflis "Dinamo"sunda da 2-3 futbolçum var. Azərbaycan Premyer Liqasından futbolçularımıza maraq olarsa, niyə də olmasın?

 

- Ölkəmizn ən güclü komandaları olan, avrokuboklarda qalan təmsilçilərimiz "Qarabağ"la "Neftçi"yə futbolçularınızı təklf etmisiniz? Ümumiyyətlə, onlardan maraq olubmu, yoxsa tam başqa səviyyədədirlər?

- Yox, niyə ki? Matçda Levan Şengeliyanı gördük. Çox yaxşı futbolçudu.

 

- O da sizin futbolçudu?

- Yox. Sadəcə. hesab edirəm ki, oyunçu səviyyəsinə görə "Neftçi"də də, "Qarabağ"da da rahat çıxış edə bilər.

 

- Ancaq məsələ bundadır ki, Şengeliya Avropada getmək istəyir.  Bizə dediyinə görə, İspaniyaya yollanır...

- Bilirəm ki, məqsədi Avropada legioner həyatı yaşamaqdı. Deməyim budur ki, Gürcüstanda yaxşı futbolçular var və "Neftçi"ylə "Qarabağ" onlarla maraqlana bilərlər.

 

- Azərbaycanda karyeranızın bağlı olduğu "Kəpəz" xeyli vaxtdır Premyer Liqadan kənarda qalıb, I Divizion təmsilçisidi. "Şüvəlan"a çevrilən AZAL isə ondan da əvvəl aşağı liqaya düşmüşdü, bu yay fasiləsində isə dağıldığını açıqladı...

- "Kəpəz"dən heç kimlə əlaqəm yoxdu. Azərbaycandan yalnız əlaqəm olduğu Ramin Quliyevdi. Elə "Qəbələ"də köməkçi məşqçi işləyib. Raminlə yaxşı münasibətlərimiz var,  AZAL-da komanda yoldaşı olmuşuq. Bizim şikət FİFA meneceriniz Vaqif Heydərli ilə əməkdaşlıq edir. Onu da AZAL-da oynadığım vaxtdan tanıyıram, həmin klubda birgə çalışmışıq.

 

 

MEHMAN SÜLEYMANOV, Bakı-Tiflis-Bakı

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB