TOP 10

"Neftçi" ruhu

Futbol
Tarix: 2019-07-21 20:54

"Biz sabah qəlbimizdə olan türk bayrağı ilə meydançaya çıxacağıq. Və mən  APOEL-in 20 min azarkeşini “Neftçi”li edəcəyəm..."

Rəhmətlik Böyükağa Hacıyevin APOEL-lə Kiprdəki oyundan əvvəl dediyi bu sözlər ömürlük qulağıma sırğadı. Böyükağa müəllimin məşqçiliyini kimsə bəyənə və ya bəyənməyə bilər. Amma hər bir özünə hörmət edən komandanın başında mütləq bu cür qalib psixologiyalı adam dayanmalıdı. Xatırladım ki, APOEL "Neftçi"yə uduzandan öncəki mövsüm Çempionlar Liqasında 1/4 finala yüksəlmişdi. Böyükağa müəllimin Milanda "İnter"lə heç-heçədən əvvəl və sonra dedikləri sözlər də unudulmazdı. Amma bu haqda çox danışmaq istəmirəm, onsuz da lazım olan adamlar bilir.

 

İndi qocaman "Neftçi", avrokubokların debütantı "Arsenal"la qarşılaşacaq. Ötən mövsüm çempionatda altıncı yer tutan tulalılar həmin heyətin demək olar bütün aparıcı futbolçularını itirib. Əvəzinə alınanlar daha aşağı səviyyəlidi ki, buna görə media və azarkeşlərin tənqidinə tuş gəlirlər.

 

Amma "Neftçi" əksinə, ötən mövsümlə müqayisədə heyətini xeyli gücləndirib. Komandanın avrokubok təcrübəsini, ümumiyyətlə, klubun tarixini də unutmaq olmaz, bu çox vacib faktordu. Tarixə ekskursa davam etsək "Neftçi" 15 il əvvəl, "peraşki" dövrü"ndə heyətində cəmi bir legioner - yerli futbolçulardan da zəif Anatoli Tebloyev ola-ola, özündən xeyli usta və pullu ÇSKA-nı döyüşkənlik və ruh hesabına az qala ÇL-dən kənarlaşdıracaqdı. Yalnız ikinci oyunun son dəqiqələrində moskvalılar cütün taleyini həll edə bildi və "Neftçi" ilə oyunlarla başladığı həmin avrokubok mövsümünün sonunda ÇSKA UEFA kubokunun qalibi oldu! İkinci oyunun ikinci hissəsində, hesab bərabər olanda Qurban Qubanov iki təkbətəki qola çevirsə "hərbçilər" bu uğuru qazanmayacaqdı və növbəti mərhələyə "Neftçi" keçəcəkdi.

 

Qurbanov futbolçu kimi edə bilmədiyini baş məşqçi kimi artıqlaması ilə həyata keçirdi. Təkcə, ÇL-in qrupunda "Atletiko" ilə heç-heçələr və ağdamlıların elə o yerə gəlib çıxması nəyə desən dəyər. Heyətində cəmi bir legionerlə "Rusenborq"u və başqa Avropada tanınan komandaları mübarizədən kənarlaşdırmaqları da öz yerində.

 

"Qəbələ"nin pulu nə "Panatinaikos"dan, nə də "Lill"dən çox idi. Qəbələlilərin oyunçularının qiymətləri ilə də rəqib futbolçuların qiymətləri arasında çox böyük fərq vardı. Amma komanda döyüşkənliyi, istəyi, milli qüruru ilə iki dəfə Avropa Liqasının qrupuna düşməyi bacardı.
"Neftçi" postsovet məkanında adı hörmətlə çəkilən klubdu. Aşağı liqalarda mübarizə aparmış tulalıları isə çoxları heç tanımır.


Adət-ənənə, mükəmməl azarkeş, rəqibdən ən azı geri qalmayan heyət var. Ən əsası "Neftçi" ruhu var! Azarkeş demiş...

 

BİR AZARKEŞ DÜŞÜNÜN...

SON QƏPİYİNİ YOLA VERİB, AZ QALA 10 MİN KM QƏT EDİB, İKİ HƏFTƏ AVTOBUSLARDA QALAN BİR AZARKEŞ...

"ARSENAL" İLƏ QARŞILAŞACAĞIMIZI BİLƏNDƏ AZƏRBAYCANA QAYIDACAĞI HALDA TULAYA GƏLMƏYƏ MADDİ İMKANININ ÇATMAYACAĞINI ANLADIĞINDAN MOLDOVADAN BAKIYA GEDƏN AVTOBUSDAN DÜŞÜB RUSİYADA QALAN BİR AZARKEŞ...
BİR QARNI AC, BİR QARNI TOX, YAĞIŞ, TUFAN DEMƏDƏN GECƏLƏR BELQOROD PARKLARINDA, MOSKVA ÇÖLLƏRİNDƏ QALAN BİR AZARKEŞ...
MARAQLANAN HAMIYA "HƏR ŞEY YAXŞIDI" DEYİB,  QÜRURUNU QORUYAN BİR AZARKEŞ...
YEGANƏ ARZUSU TULADA KOMANDASINI TƏK QOYMAMAQ, KOMANDASINA DƏSTƏK VERMƏK OLAN VƏ YALNIZ BUNA GÖRƏ, "NEFTÇİ"YƏ GÖRƏ BELƏ FƏDAKARLIQLAR EDƏN BİR AZARKEŞ...

 

Dediklərimdə zərrə qədər şişirtmə yoxdu. Dünən gecə təsadüfən bu haqda xəbər tutmuşam. Moskvada olmadığımdan 3 saat yol gəlib, təxminən gecə saat 4-də paytaxta çatıb bu səhnəni gözümlə görmüşəm.

 

BU AZARKEŞİ ÜZMƏYƏ HEÇ KİMİN HAQQI YOXDU!

Komandanın rəhbərləri, sıravi işçiləri, baş məşqçisi, liderləri Emin Mahmudov və Səlahət Ağayev başda olmaqla, bütün futbolçular, azarkeşlər, klubda çalışan və çalışmayan, "Neftçi"ni sevən hər kəs, hamı keçmiş inciklikləri unudub, bütövləşib Tuladan zəfərlə dönməliyik! "Neftçi" bu rəqibi keçməlidi və keçəcək, vəssalam!


Roberto Bordin başda olmaqla "Neftçi"nin bütün komanda üzvləri, xüsusən futbolçuları bu yazını diqqətlə oxumalıdı!

 

"NEFTÇİ" RUHUNUN, "NEFTÇİ" SEVGİSİNİN NƏ OLDUĞUNU BİLMƏLİ VƏ ANLAMALIDILAR! BİLMƏYƏNLƏRƏ İSƏ TƏCİLİ ŞƏKİLDƏ AŞILANMALIDI!


KOMANDA TULADA MEYDANA MÜTLƏQ BU RUHLA ÇIXMALIDI! O ZAMAN QƏLƏBƏMİZƏ ZƏRRƏ QƏDƏR DƏ ŞÜBHƏNİZ QALMASIN! UGURLAR, "NEFTÇİ"!

 

Anar Şabanoğlu

21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB