TOP 10

Vahabzadə "Kəpəz"də köməkçilərini və ambisiyalarını açıqladı: "İstəyirəm ki, klub səviyyəsində baş məşqçiliyə I Diviziondan başlayım"

Futbol
Tarix: 2019-07-20 13:54

"Kəpəz"in baş məşqçisi olmaq təklifini almışam və razılığımı vermişəm. Yaxın günlərdə müqavilə imzalayandan sonra təyinatım rəsmiləşəcək". Bu fikirləri Sport24.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin üzvü Yaşar Vahabzadə bildirib.

 

Adıçəkilən qurumla yollarını ayırmağa hazırlaşan 59 yaşlı mütəxəssis fəaliyyətini "Kəpəz"in baş məşqçisi postunda davam etdirəcək. Vahabzadə klubda baş məşqçi kimi işini  I Divizionda başlamağı vacib sayır: "Kəpəz" mənə tanış olan komandadı. Premyer Liqada son mövsümündə - 2017/18-də orda köməkçi məşqçi işləmişəm. Baş məşqçi kimi əsasən yığmalarda işləmişəm. Premyer Liqada isə köməkçi məşqçi olmuşam, baş məşqçi kimi yox. İstəyirəm ki, klub səviyyəsində baş məşqçiliyə I Diviziondan başlayaraq Premyer Liqaya yüksəlim. Buna görə də I Diviziondan təklif gələndə, bunu qəbul etdim. Bilirsiniz, aşağıdan başlayaraq yavaş-yavaş yuxarı getmək lazımdı".

 

Təcrübəli mütəxəssis köməkçilərinin müəyyənləşdiyini söyləyib: "Bunlar Babək Alxasov, Vidadi Rzayev və qapıçılarla işləyən Nadir Şükürov olacaq. Alxasovla uzun illər yığmalarda birgə çalışmışıq, köməkçim olub. Rzayev və Şükürovla birgə "Kəpəz"də baş məşqçi Yunis Hüseynovun köməkçiləri olmuşuq".

 

Vahabzadə növbəti həftə Gəncəyə səfər etməyi planlaşdırdığını diqqətimizə çatdırıb: "Keçən il orda komanda olub. İstəyirəm ki, həmin vaxt "Kəpəz"də çıxış edən futbolçuları yığım. Komandayla görüş olacaq, heyəti müəyyənləşdirəndən sonra yaxın günlərdə işimizə başlayacağıq. Yeni mövsümün başlamağına da vaxt çox azdı. Gərək bu müddətdən maksimum istifadə edək, hazırlıq prosesi keçək, yoxlama matçları keçirək".

 

Maraqlıdı, "Kəpəz"in yeni baş məşqçisinin ambisiyası nə olacaq? "Bu gün bir söz deyə bilmərəm, çünki vəziyyəti hələ dəqiq bilmirəm. Əvvəl futbolçulara baxmaq, heyəti qurmaq lazımdı. Əlbəttə, çalışacağıq ki, ambisiyalı komanda düzəldək. Bilirsiniz ki, bugünkü gündə Gəncədə yalnız yerli futbolçulardı və onların bacarığından istifadə etməyə çalışacağıq. Təkcə gəncəli futbolçularla iş bitmir, ola bilər ki, kənardan, Bakıdan da futbolçular cəlb edək. Ancaq legioner cəlb etmək söhbəti olmayacaq. Yalnız yerli, gənc futbolçulara üstünlük verəcəyik. Aralarında təcrübəlilərin də olması mümkündü ki, heç olmasa bunlara meydançada bir yol göstərən olsun. Gəncəyə səfərimdən sonra bir çox şeylərə aydınlıq gələcək".

 

Əldə etdiyimiz məlumata görə, "Kəpəz"də yeni mövsüm üçün ciddi islahatlar olacaq. Yaxınlarda klubun yeni Müşahidə Şurası təsdiqlənəcək. Həmin qurumda AFFA nümayəndəsi isə İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov olacaq.

 

 

MEHMAN SÜLEYMANOV

 

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB