TOP 10

“Kral diyarı”na səyahət: “Qaynana”nın kuklası”, BOS-un “qardaş”ı, “Staropramen” və bəyənilməyən 20-qəpik

Futbol
Tarix: 2019-07-20 11:09

72-(17+15)=... Sizi riyaziyyata baş vurmağa çağırmıram. Sadəcə, Bakı-İstanbul-Buxarest-Krayova-Buxarest-İstanbul-Bakı yolçuluğumuzun rəqəmlərini təqdim etdim. Mötərizədə gördüyünüz rəqəmlər yolda keçən saatları, ilk göstərilən isə evdən çıxan vaxtla evə gəldiyim zaman kəsiyini göstərir...

 

 

Müqəddəs Demetrius

Rumıniyanın cənubunda yerləşən Krayova dünya tarixində nə qədimliyi ilə iz buraxıb, nə də müasir binaları ilə diqqət çəkir. Ancaq 350 min civarında əhalisi olan “Kral diyarı”nı “boz şəhər” də adlandırmazdım. Bəlkə də Bakının əzəmətini gördükdən sonra “Köhnə qitə”nin əksər şəhərlərinə ağız büzürük. Yeri gəlmişkən, qeyd edim ki, yerli əhali şəhərin adını krala bağlasa da, daha real fərqli versiya görünür. Ölkənin qurtaracağında yerləşən Krayova böyük ehtimalla “kray” sözündən əmələ gəlib - Son.

 

Məskunlaşdığımız hotellə üz-üzə yerləşən “second hand”ə boylanmaq kifayət edir ki, yerli əhalinin durumundan xəbərin olsun: satışda qadın alt paltarları əsas vitrinin bəzəyidi. Təsəvvür edirsiniz, gigiyenik baxımdan ən təhlükəli sayılan geyinilmiş alt paltarına tələbat varsa, bu nə deməkdi?..

Şəhərdə yetərincə kilsəyə rast gəlmək mümkündü. Bunlardan biri - Müqəddəs Demetrius kilsəsinə baş çəkdikdə alatoranlıq gözlərimizi qıymağa məcbur etdi. Kilsənin keşişinə şəkil çəkmək istəyimizi bildirdikdə işıqları yandırdı. Çölə cıxdıqda bizi qarşılayan yerli dilənçi milli 20-qəpiyimizdən imtina etdi... Hə, yeri gəlmişkən, pivə qurmanlarına məsləhət: yerli məhsullara meyl salmayın, acılıq verir; satışda “Staropramen” var, bizə yerli məhsul kimi təqdim olunsa da, əslində Çexiya istehsalıdır, qiyməti münasib, dadı bəh-bəh... Ümumiyyətlə, Krayovada daddığımız yeməklər sadəcə, möhtəşəm idi! Qiymətlər də “kommunizm xatirə kitabı”ndan idi...

 

 

“Kəşfiyyat”

Şəhərdə bir dənə də olsa göydələnə rast gəlməzsiniz. Sosialist ölkəsi adından çoxdan qurtulsa da, Krayovada rast gəldiyimiz cadar divarlı binalar heç də az deyil. Müasirlik çalarları üstünlük təşkil etməyən şəhərin maraqlı yayı var. Gündüz saatlarındakı istini qoluqısa köynəkdə çölə çıxmağa adamı peşman edən axşam əvəz edir.

 

Çərşənbə günü gündüz saatlarında kəşfiyyata yollandıqda ertəsi gün baş tutacaq “İon Oblemenqo” stadionuna keçmək çətin olmadı. Açığı, həmin vaxt beynimdən bir siqnal keçdi ki, axı meydanadək gəlib çıxdıq, bizi nə əcəb yoxlayan, saxlayan olmadı? Ancaq bu fikri çox yaxına buraxmadım, düşündüm ki, oyuna hələ 1 gün var. Yeri gəlmişkən, vaxtilə “qardaşlaşmış şəhərlər” dəbdə idi, belələrindən biri də Bakıyla Neapol idi. Məncə, indi də “qardaşlaşmış stadionlar” yaratmağın vaxtıdı. Söhbət “İon Oblemenqo” ilə Bakı Olimpiya Stadionundan (BOS) gedir. Paytaxtımızın ən əzəmətli stadionunda olduğu kimi, Krayovada da jurnalistlər oyunu 5-ci mərtəbədən seyr edir... Ot örtüyü idealdan uzaq olsa da, konstruksiya baxımından rumınlar öndədir: qaçış zolağı olmadığından, azarkeşlərin yaratdığı aura qulaqları batırır. Özü də burda da bir bənzərlik var: bizdə olduğu kimi, Krayovada da yalnız bir fan-klubun qərarlaşdığı sektor fəaldır, qalan tribunalar isə məzar daşından fərqlənmir.

 

Axşam saatlarında baş tutan oyunöncəsi konfranslar monoton keçir - Aftandil Hacıyev də, onun vizavisi Korneliu Papure də odlu-alovlu danışmadılar. Ancaq rumını “qıdıqlaya” bildik. Ölkə çempionatının ilk turundaca azarkeşlər ona istefaya səsləyib. Elə bunu əlimdə bayraq edərək, “kefinə soğan doğramağa” çalışdım. “Səbail”in onun “qəbirqazan”ı olacağına dair suala o, “sabah sizə göatərəcəm” cavabıyla qəzəbini gizlədə bilmədi. Yeri gəlmişkən, ertəsi gün hesab 2:2 olduqdan sonra keçirdiyi hisslərlə konfransda dediyi sözlər əks-mütənasib təşkil etdiyinə şübhəm yoxdu.

 

 

“Açıq qapı”

...Şəhər “Universitatya” ilə yaşayır. Krayovadakı köşklərdə bilet və atributika satışı belə düşünməyə əsas verirdi. Ancaq 31 minlik stadionun azarkeşlər üçün azlıq təşkil etdiyini eşitdikdə, əməlli-başlı paxıllığım tutdu. Hə, əziz oxucu, elə mərkəzi arenanın 200-300 metrliyində yeni stadion inşa olunur - 56 minlik!

 

Oyuna bir neçə saat qalmış artıq media sektorunda yerimizi tutmuşduq. Yolüstü komandanın rəmzi olan “şirlər”lə də yadigar şəkil çəkdirdim. Bu arada ilk rusdilli rumina rast gəldik. Kristian Frisk - Ruminiya Dövlət Kanalının şərhçisi dərhal istiqanlığı ilə rəğbətimi qazandı. Sən demə bu da səbəbsiz deyilmiş. Rumıniyada yaşayan və UEFA-nın koordinatoru vəzifəsində çalışan həmyerlimiz Abbas Zahidinin dostu imiş. Abbasa qarşı olan simpatiyası bütün azərbaycanlılara da siraət edib. Rumın həmkarımızla kiçik müsahibəni oyun günü təqdim etdiyimdən bu mövzuya dair əlavə şərh vermirəm.

Keçək “göyün 5-ci qatı”ndan izlədiyimiz futbola. İlk dəqiqələrdən həyəcanını boğa bilməyən və ultramüdafiə taktikasını seçən “Səbail”in qapısı minalanmış ərazini xatırladırdı. Təhlükəli epizodlar, aramsız hücumlar bir-birini əvəzləyirdi. Yaxşı ki, 10-12 dəqiqəlik yerimizi dəyişməli, diqqətimizi fərqli mənzərəyə yönəltməli olduq. “Milli dəstə”nin fəallığını çəkmək üçün tribunanı dəyişməli olduq. Qəribədi, tribunalararası qapı açıq idi. Başqa sözlə qonaq komandanın azarkeşlərinə hücum çəkmək istəyən olsaydı, bunu rahatlıqla edə bilərdi.

 

 

Güləsən, ya ağlayasan?

...Yerimizə qayıtdıqdan sonra da oyunun ssenarisi dəyişmədi. Təmsilçimiz hücumda heç nə edə bilmir, rəqib isə öz dalğasında idi. Doğrudu, meydan sahibləri hesabı açdıqdan sonra “dənizçilər” əla qol imkanı yaxaladılar. Ancaq sağ cinahdan cərimə meydançasına daxil olaraq qapıçı ilə üzbəüz qalan Mirabdulla Abbasov boş qapı önündə peyda olmuş Ağabala Ramazanova ötürmə etmək əvəzinə, zərbə endirməyə üstün tutdu. O, üstün tutdu, biz isə başımızı...

 

Fasilə. Həmkarım Elşən Məmmədovla media otağına yollanırıq ki, bir qurtum su içək. Rəhmətlik Siyavuş Aslan “Hicran” tamaşasında dediyi bir ifadə gördüklərimizə çox uyğun gəlir: “Üzümüzə-müzumüzə baxan olmadı”. Gördüyümüz bir tənha yerə uzadılmış maneken oldu - rəhmətlik Nəsibə Zeynalovanın “Qaynana” filmində başını qırxdığı kuklaya bənzəyən. Ancaq orasını bilmirəm, bu manekenin media otağında nə işi var idi. Həmkarım canlı axtarışını davam etdirməyi təklif edincə arxa qapıdan keçib dar dəhlizlərlə irəliləməyə davam etdik. Tribunaaltı ərazini də keçib çıxdıq meydanın ərazisinə. Yenə də bir kəs soruşmadı ki, ay, insan övladları, hara gedirsiniz, kimlərdənsiniz, burda nə axtarırsınız? Hələ həmin yerdə şəkil də çəkdirdik ki, bəlkə bir diqqət yetirən ola - heç tüklərini də tərpətmədilər...akkreditasiyamızı boynunuzdan asmaq üçün ip də verilməmişdi, kimliyimizi təsdiq edən heç bir sənədimizi soruşan da olmadı.

 

Fasilədən sonra iki məqam yaddaqalan oldu: bir göz qırpımında “dənizçilər”in hesabı bərabərləşdirməsi, ehtiyatda Maykl Essyen kimi simanın əsnədiyi, təmsilçimizə daha bir qol lazım olduğu bir vaxtda - 86-cı dəqiqədə müdafiəçi (???) Eltun Yaqublunun meydana daxil edilməsi.

 

Matçdan sonra qısa müsahibələrdə Ağabala Ramazanov da, Rahid Əmirquliyev də real mənzərədən danışdılar. Biz də son akkordu qoyaq. “Səbail” yaxşı komandadı. “Səbail” əzmkar döyüşdü. Ancaq “Səbail”in müdafiə xətti fi-as-ko-du! Elvin Yunuszadə avrokubok səviyyəsində oynamalı futbolçu deyil. Söhbət bir tək Krayovada buraxılan 3-cü qolda deyil. Mirabdulla Abbasov rəqabətsizlikdən itib-batacaq. Bunu hər iki qarşılaşma göstərdi. Ürfan Abbasov, Şəhriyar Rəhimovla qlobal məqsədlər uğrunda mübarizə aparmaq real deyil. Ancaq qabartdığımız ilk iki problemə baxanda, bunları hələlik arxa plana keçirmək olar.

 

Nəhayət, iş bitdi, pərdələr enir. Qarşıda isə 15 saatlıq yol var. Sizi bilmirəm, ancaq mənim üçün Vətənə dönməkdən şirin hiss yoxdu. Hər kəsə evində-eşiyində olmaq arzusu ilə,

 

 

 

CEYHUN ƏLİYEV, Bakı-İstanbul-Buxarest-Krayova-Buxarest-İstanbul-Bakı

CBCsport
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB