TOP 10

“Krayovalı fanatlar “Səbail” qışqırıb sizinkilərə azarkeşlik edəcəklər” - Rumıniya Dövlət Televiziyasının şərhçisi

Futbol
Tarix: 2019-07-18 19:00

Kristian Frisklə media otağında tanış olduq, “Universitatya” - “Səbail” matçına az qalmıs. Rumıniya Dövlət Televiziyasının şərhçisi Sport24.az-ın Krayovaya ezam olunmuş əməkdaşına qısa müsahibəsində maraqlı məqamlara toxundu.

 

- Nə əcəb bu səviyyədə rusca bilirsən?
- Xanımım Tiraspoldandı. Dünən az qala sensasiya edəcəkdi “Şerif”. Heyif ki, “Saburtalo”dan evdə aldıqları 0:3 hesablı məğlubiyyətin əvəzini ilk 10 dəqiqəyə çıxsalar da, tiraspollular sonda yalnız 3:1 qalib gəldilər.

 

-  Azərbaycana gəlməmişdin?
- Yox, ölkənizdə heç vaxt olmamışam. Qismət olar yəqin nə vaxtsa.

 

- İlk oyun barədə nə deyə bilərsən?
- Maraqlı oyun alındı. Hesab edirəm ki, “Universitatya” imkanlarından çox aşağı çıxış etdi. Bununla “Səbail”i kiçiltmək niyyətim yoxdu. Sadəcə, fikrimi bildirirəm ki,  Krayova təmsilçisi bütün potensialını nümayiş etdirmədi.

 

- Səncə, onlara nə mane oldu: özündənrazılıq, yoxsa Azərbaycan komandası yaxşı oynadı?
- Fikrimcə, “Səbail”lik bir şey yox idi. Hesab edirəm ki, Korneliu Papurenin yetirmələri rəqiblərinə barmaqarası yanaşdılar. Daha böyük fərqlə qalib gələcəklərini düşünürdüm. 

 

- Belə çıxır ki, bu gün həmyerlilərinin daha böyük fərqlə qalib gələcəyini proqnozlaşdırırsan?
- Birmənalı şəkildə!

 

- Bəs tam əksi olsa?
- (gülür) Təsəvvürümə belə gətirmirəm...

 

- “Universitatya”nın baş məşqçisini azarkeşlər Rumıniya çempionatının ilk turunda istefaya səsləyiblər. Nə baş verir?
- Açığı, lap əcəb edirlər! O, bu komandaya, futbolçulara layiq mütəxəssis deyil. Çox zəif məşqçisi. Elə xalq da onu sevmir.

 

- Onda bir məqama da toxunaq. Təsəvvür et, “Səbail” hesabı açır. Azarkeşlərin reaksiyası?
- Onlar “Səbail”, “Səbail” qışqırıb sizinkilərə azarkeşlik etməyə başlayacaqlar.

 

 

CEYHUN ƏLİYEV, Krayova
 

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB