TOP 10

"Qarabağ"ın ilk qələbəsini şərh edən, Rəşad Sadıqovun millidə yerini görən əməkdar məşqçimiz: "İnanmıram ki, İrlandiya futbolu çempionumuz qarşısında problem olsun"

Futbol
Tarix: 2019-07-18 18:47

"Qarabağ" ardıcıl 6-ci ildi Çempionlar Liqasında ilk mərhələni keçərək azarkeşlərini sevindirir. Ancaq bu seriyanı davam etdirmək heç də asan olmadı. Hər halda, Albaniyada qolsuz bərabərliyə qaldığı "Partizani" üzərində evdə 2:0 hesablı qələbəni əldə etmək üçün xeyli güc sərf etmək lazım gəldi. Ağdam klubunun yeni mövsümdə ilk qələbəsini, avrokuboklarda bu mövsüm də qrupa düşmək perspektivini "Neftçi"ylə "Xəzər Lənkəran"ın sabiq məşqçisi, Azərbaycanın əməkdar məşqçisi Tofiq Mustafayevlə birgə dəyərləndirdik. 

 

- "Qarabağ" onu ikinci mərhələyə çıxaran qələbəni çətinliklə əldə etdi. Sizcə, niyə belə oldu?

- Oyunun tempi çox yüksək idi. Ola bilsin ki, isti hava şəraitinin təsiri vardı. "Qarabağ" köhnə oyununu tutub - topa nəzarət, topsuz rəqibi yormaq, başgicəlləndirici ötürmələrlə qollar vurmaq. Deməzdim ki, çox maraqsız oyun keçdi. Əksinə, maraqlı qarşılaşma idi.

 

- Xüsusilə də bu mərhələ üçün. Oyunda gərginlik çox idi və çətin qələbə oldu. Yalnız son saniyələrdə Dani Kintananın hesabı 2:0 etməsindən artıq əmin olduq ki, ikinci mərhələyə vəsiqə bizimdi...

- Yaddan çıxartmayaq ki, onlar da öz ölkələrinin çempionudu. Əlbəttə, bu gərginlik olmalıdı. Üstəlik, "Qarabağ" öz azarkeşləri önündə oynayırdı. Burda 1 top buraxmaq faciə ola bilərdi. Buna görə də belə gərginlik gözlənilirdi. 

 

- "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra mətbuat konfransında bildirdi ki, bəlkə bu mərhələdə görüşdükləri ən çətin rəqib idi...

- Tamamilə düz deyib. "Partizani" ən çətin rəqib idi. Bilirsiniz, ilk oyunda 0:0 nəticə çox sürüşkəndi. Qonaq komanda 1 qol vurursa, sən gərək 2-sini vurasan. Ola bilər ki, "Qarabağ"ın oyununda psixoloji planda, top buraxmamağa görə gərginlik var idi. Ancaq komanda çox sakit oynayırdı, sözün düzü, çox xoşuma gəldi. Xüsusilə də hücumların təşkili. Düzdür, rəqibin də 1-2 qol epizodu oldu.

 

- Bunlardan 1-də hesab 1:0 olarkən rəqibin təkbətək çıxdığı epizod idi ki, bunda braziliyalı qapıçımız Vaqner da Silva ustalığını nümayiş etdirdi. Sizcə, bu matçın qırılma nöqtəsi idi?

- Göründüyü kimi, qapıçımız çıxışlarda yaxşı oynayırdı. Düzdür, qapısına çox künc zərbəsi olmadı. Ancaq cərimə zərbələri, standart vəziyyətlər, hava ötürmələri zamanı inamlı idi. Həmin təkbətək epizodunda iki dəfə komandasını xilas etdi - birincidə zərbəni qaytardı, ikincidə tutdu. Əlbəttə, bu, qapıçının yaxşı oyunudu. Rəşad Sadıqov məni çox sevindirdi. Doğrudan əvvəlki oyunu kimi sakit çıxış edir, oyunu "oxuyurdu". Afərin ona. Bir sözlə, deyərdim ki, onu milliyə qaytarsalar...Nə bilim, qaytararlar, ya yox.  Ancaq dünən "Qarabağ"da yaxşı oynadı. Xoşuma gəldi, bir müdafiəçi kimi komandasına çox faydalı idi.

 

- Hesab edirsiniz ki, bu yaşda da millidə yeri görünür?

- Yeri görünür deyəndə ki, millidə elə futbolçu olmalıdı. Yoxdursa, təcrübəsindən, oyun praktikasından istifadə etmək olar. Əlbəttə, yığmanın məşqçiləri baxıb görürlər. 

 

- Rəşadla birgə müdafiənin mərkəzində çıxış edən gənc həmkarı, millimizin üzvü olan Rahil Məmmədovun isə hələ də həyəcanlı olduğu görünürdü...

- Rahil həyəcanlı olacaq, çünki "Qarabağ"da oynayır. Düzdür, keçən mövsüm də orda idi. Ancaq istənilən halda, onun üçün yeni komandadı. Üstəlik, avrokubok matçıdı, həyəcan olacaq. Millidə də bu yaxında qoşa ev matçlarının birincisində çıxış etdi, çox həyəcanlı oynadı. Olmalıdı da, futbolçuda məsuliyyət olanda, həyəcan da olur. Futbolçu öz işinə nə qədər məsuliyyətli yanaşsa, istər-istəməz o həyəcan onda olmalıdı. Bu da yavaş-yavaş keçəcək. Cavan oğlandı, hələ 24 yaşı var o uşağın. 

 

- Məmmədovun əvəzlədiyi Bədavi Hüseynov zədə üzündən çox güman ikinci təsnifat mərhələsinin matçlarını da buraxacaq. Bu, "Qarabağ" üçün nə dərəcədə ciddi itkidi?

- Əlbəttə, Bədavinin müdafiədə olmamağı "Qarabağ" üçün ciddi itkidi. O, həm təcrübəsiylə "Qarabağ"a kömək edir, həm də neçə illərdi bu komandada çıxış edir. Rəşadla müdafiənin mərkəzində tandem təşkil edir. Onun üçün problem yoxdur ki, kimlə oynasın. Həmişə funksiyasını çox gözəl yerinə yetirir. 

 

- Albaniyadakı matçla müqayisədə əsas heyətdə iki dəyişiklik olmuşdu. Mahir Emreliylə Dani Kintananın ehtiyatda qalmağı, əvəzində Araz Abdullayevlə Xayme Romeronun ilk dəqiqələrdən meydanda olması sizin üçün gözlənilməz oldumu? Sizcə, bu rotasiya özünü doğrultdumu?

- Arazın hücumda oynaması mənim üçün gözlənilməz olmadı. Çnüki biz Vəli Qasımovla "Neftçi"də işləyəndə onu sırf mərkəz hücumusu kimi oynatmışıq. Daninin oynamamağı bir az gözlənilməz oldu. Mənə görə gərək əvvəldən oynayaydı. Görürsünüz də, girən kimi ilk toxunuşda qol vurdu. Onun səviyyəsi həmişə var da. Gördüyünüz kimi, çıxdı, həll elədi. 

 

- Bəs Romero "Qarabağ"a uyğunlaşa bilibmi? Bir futbolçu kimi necə səviyyəyə malikdi?

- İspan futbolçuların hamısının səviyyəsi var. Sadəcə, komandaya uyğunlaşma dövrü olur. İspan, Braziliya futbolu Qafqaz futboluna yaxındı. Onlar tez uyğunlaşırlar. Aydın məsələdi ki, "Qarabağ"da ispan, braziliyalı futbolçuların çox olması da Xaymeyə tez uyğunlaşmaqda kömək olmalıdı.

 

- "Qarabağ"da bir futbolçu, yeni transfer var ki, onunla da "Neftçi"də işləmisiniz - braziliyalı sol cinah müdafiəçisi Aylton Silva. Onun rəsmi debütü necə alındı?

- Sözün düzü, bax, Aylton məni bir azca yaxşı mənada təəccübləndirdi. Ona görə ki, oyun nizam-intizamını o qədər də saxlayan futbolçu deyil. Yəni, bizim dövrdə elə olub. Hücumameyllidi, vaxtında dala qayıtmırdı. Məcbur olub onu sol cinah müdafiəçisi mövqeyindən orta xəttə qoyduq. Aylton "Qarabağ"a çox xeyirli olacaq. Düzdür, Donald Gerye sırf müdafiəçi kimi çıxış edirdi, hücuma da qoşulurdu. Aylton isə hücumda daha çox maraqlıdı, nəinki müdafiədə.

 

- Hazırkı "Qarabağ"da nələr var ki, yaxşı nəticəyə ümid verir? Komandanın ardıcıl 6-ci qrupa düşmək potensialını görürsünüz?

- Məncə, var. Üstəlik, bir yeni hücumçu da götürüblər. Yəqin ki, o da komandaya fayda verəcək. Həm də "Qarabağ"ın ehtiyat oyunçular skamyası yaxşıdı. Kintana kimi futbolçu ehtiyatda oturursa, deməli, əsas heyətə düşmək uğrunda güclü rəqabət var. Üstəlik, növbəti matçlarda Bədavi də olacaq. Məncə, ikinci mərhələni də keçəcəklər. İnanmıram ki, İrlandiya futbolu "Qarabağ" qarşısında nəsə elə bir problem olacaq.

 

- "Dandolk" bizim üçün "sirli qutu"du. İrlandiyayla indiyədək avrokuboklarda qarşılaşmamışıq. Britaniya futbolçu "Qarabağ"a uyğundurmu?

- Bilirsiniz, "Qarabağ"a fərqi yoxdur atletik futbolu, yoxsa başqa. "Qarabağ" həm öz futbolunu oynayır, həm də rəqibi oynamağa qoyur. İndi bu komandada elə oyunçular yığışıb ki, mövqe futbolunu çox gözəl, güclü bilirlər. Mövqelərini elə tuturlar ki, həm topa təzyiq edirlər, həm də rəqibə, zonaya. "Qarabağ"ın oyunçularının futbol ağılları çox üstündü. Onlar üçün problem yoxdur ki, rəqib futbolçular hündürboydu. Komanda öz oyununu oynayır, lazım olanda sürəti artırır, lazım olanda topu saxlayır. "Qarabağ"ın öz oyun üslubu var ki. gətirilən futbolçuları məşqçilər korpusu öz oyunlarına uyğun seçirlər.  

 

 

 

MEHMAN SÜLEYMANOV

22 Avqust 2019
21 Avqust 2019
B.eÇ.aÇC.aCŞB