TOP 10

"Qarabağ"ın "Dandolk"la tarixə düşəcək dueli - 47-ci ölkə, "Neftçi" kimi "ağ-qara"lı rəqib

Futbol
Tarix: 2019-07-18 17:18

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində "Dandolk"la qarşılaşmaları tarixə düşəcək. Sport24.az xəbər verir ki, ölkəmiz 1994-vü ildən təmsil olunduğu avrokuboklarda ilk dəfə İrlandiyaya rəqib olacaq.

 

Bununla Azərbaycanda UEFA bayrağı altında yarışlarda 47-ci ölkəylə yolu kəsişəcək. İlk rəqib 15 il öncə debütdə Türkiyə olub ki, "Turan"ın "Fənərbaxça"yla UEFA Kubokunda matçlarına şahid olmuşuq. Bunadək son yeni ölkə də "Qarabağ"la olub. Bu, ötən mövsüm Avropa Liqasının qrupunda "Sportinq"lə düşməklə Portuqaliyayla reallaşmışdı. Ölkəmiz qitəmiqyaslı turnirlərdə hələ ki Ermənistan, Andorra, Lixtenşteyn, San-Marino, Kosovo, Cəbəllütariq və Qazaxıstanla rəqib olmayıb. 

 

Dandolk şəhərinin eyniadlı komandası olan "Qarabağ"ın rəqibi İrlandiyada ən titullu qeyri-paytaxt təmsilçisidi. Belə ki, "Dandolk"un hesabında 19 titul - 10 çempionluq, 9 ölkə Kuboku var. 1903-cü ildə yaradılan klubun ənənəvi rəngləri "Qarabağ"ın prinsipial rəqibi "Neftçi" kimi ağ-qara"dı.

 

"Dandolk" 1963-cü ildən fasilələrlə çıxış etdiyi avrokuboklarda cəmi 52 matç keçirib. Bunlardan Çempionlar Liqası ilə Avropa Liqasında (UEFA Kuboku da dail olmaqla) mütənasiblik bərabərdi - hərəyə 22. Daha 8 matç isə artıq uzun illərdi keçirilməyən Kubklar Kubokunda olub. "Dandolk"un Avropada ən böyük uğuru yalnız qrupda çıxış etməsidi. Bu, 2016/17 mövsümündə Avropa Liqasının qrup mərhələsidi. Onda "Zenit, "Alkmaar" və Tel-Əviv "Makkabi"siylə bir qrupa düşən irlandlar 4 xalla qrupda sonuncu olub. 

 

Qeyd edək ki, Azərbaycanla İrlandiyaya indiyədək əsas yığma səviyyəsində də görüşməyib. Şimali İrlandiya ilə avrokuboklarda yeganə duelimiz də məhz "Qarabağ"la olub. Bu, 2010-cu ildə Avropa Liqasının II təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı "Portadaun"du - səfərdə 2:1, evdə 1:1. Hər 3 qolumuzun müəllif Əfran İsmayılov olub. 

06 Dekabr 2019
05 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB