TOP 10

"Neftçi"ylə "Səbail"in sabiq baş məşqçisindən Avroliqadakı perspektivləri haqda: "Mən də onu təndiq edə blərəm, ancaq bunu istəmirəm"

Futbol
Tarix: 2019-07-18 13:00

Bu gün Avroliqadakı təmsilçilərimiz I təsnifat mərhələsində cavab matçlarına çıxacaqlar. Düzdür, hələ ilk qarşılaşmalardan sonra belə fikir formalaşıb ki, "Neftçi"ylə "Səbail"in müqəddəratı artıq həll olunub. Belə ki, Roberto Bordinin komandası səfərdə 3:0 hesablı qələbəylə artıq növbəti mərhələdə, Aftandil Hacıyevin yetirmələri isə evdə 2:3-lük məğlubiyyətlə mübarizəni dayandırmış sayılır. Bəs, bu komandaların baş məşqçisi Samir Əliyev bu haqda nə düşünür? U-19 yığmamızın baş məşqçisi Sport24.az-ın "Mütəxəssis rəyi" rubrikasını növbəti qonağı oldu. 

 

- Avroliqadakı təmsilçilərimizdən ilk oyunlarından sonra cütün taleyinə aydınlıq gəlibmi?

- Məncə, "Neftçi" cütün taleyini birinci matçda həll edib. Fikrimcə, "Səbail"ə isə ağır olacaq. İlk qarşılaşma göstərdi ki, rəqib doğrudan da hərtərəfli üstündü. Arzu edək ki, "Səbail" səfərdə yaxşı, layiqli mübarizə aparsın. Uğurlar arzulayıram.

 

- "Səbail" matçı heç olmasa 3:3-lə bitirmək üçün çox çalışdı ki, səfərdə istənilən qələbə ona cütün qalibi olmağa imkan versin. Sizcə, buna nə çatmadı?

- Bu komandanı mövsüm bitəndən sonra bir neçə futbolçu tərk etdi, yeniləri gəldi. Hazırlaşmağa az vaxtları oldu. Avrokuboklarda nəticə qazanmaq istəyirsənsə, ən azı minimum 1 il qabaq hazır olmalısan. Bundan əlavə, püşk də "Səbail"in üzünə gülmədi, potensial rəqiblərdən ən güclüsü düşmüşdü. Aydın məsələdi ki, Rumıniya çempionatı güclüdü. Rəqib açıq-aşkar güclü idi, komanda şəklində daha intizamlı oynayırdı.

 

- "Səbail"in mərhələ keçmək üçün Rumıniyada 2 top fərqiylə qələbə qazanması nə dərəcədə realdı? Bunun üçün ilk növbədə nə lazımdı?

- Buna nail olmaq bir az çətindi. Düşünürəm ki, ən azından layiqli mübarizə aparmalıdı. Açığı deyim ki, qələbə qazanmaq bir az real görünmür.

 

- Rəqibdə arxayınlaşma olmaz ki, Bakıdakı qələbədən sonra mərhələni böyük ölçüdə keçmişik?

- İnanmıram ki, rəqib boşalsın. "Səbail" uduzmasına baxmayaraq, rəqibə "dişlər"ini göstərdi ki, qol vurmağı da bacarır, hücum etməyi də, sürətli əks-hücumlara çıxır. Rumınlar öz tamaşaçıları qarşısında oynayacaq və istəyəcəklər ki, özlərini daha yaxşı tərəfdən göstərərək onlara qələbə bəxş etsinlər. Baxmayaraq ki, ilk görüşdə qalib gəliblər. İndiki vaxtda hamı dərk edir ki, bundan qabaq Çempionlar Liqası, Avropa Liqası olsun, futbolda sübut olundu ki, bir qarşılaşmada qələbəylə arxayınlaşmaq olmaz. 

 

- "Səbail"i daha çox Ağabala Ramazanov arxasınca daşıyır. Rumınlara hər 2 qolu da o vurdu...

- Futbol komanda oyunudu. Tək Ağabalayla iş düzəlmir axı...Qollarını vurdu, ancaq meydanda tək o mübarizə aparmır. İstər əsas heyətdə meydana çıxanlar, istərsə də oyuna sonradan daxil olanlar olsun, hamı mübarizə aparır. 

 

- "Səbail"in böyük ümidlərlə heyətinə cəlb etdiyi Mirabdulla Abbasov hələ də hazır deyil. Onu yaxın tanıyan məşqçi kimi çıxışına necə qiymət verərdiniz?

- Mirabdullanı Azərbaycanda 2-3 yaxşı tanıyan məşqçi varsa, biri də mənəm. Çünki məşqçilikdə addımlarımı "Neftçi"nin əvəzedicilərdə atanda, orda bu komandaya yeni cəlb olunurdu. Ən azı 4-5 il onun məşqçisi olmuşam. İstər baş məşqçi olsun, istərsə də köməkçi məşqçi. Abbasovun potensialını daha yaxşı bilirəm. Fikrimcə, o, hələ tam formada deyil. Özünü sübut etmək üzərində hələ üzərində bir az da işləməlidi, boşalmamalıdı. Pis çıxmasın, bir az aşağı enməli. düşməlidi yerə. Yaxşı futbolçu olmaq istəyirsə, dayanmamalıdı. 

 

- Şəxsi fikrimi bildirim ki, Mirabdulla Abbasova ötən ilin ən yaxşı futbolçusu seçilməsi ona mənfi təsir göstərdi. Onu xeyli göylərə qaldırdı, necə deyərlər, "ulduz xəstəliyi"nə tutuldu..

- Mən də onu təndiq edə blərəm, ancaq bunu istəmirəm. Çünki həm xasiyyətinə, həm də oyununa, potensialına bələdəm. Hələ üzərində çox işləməlidi. Düzdür, yaxşı futbolçu olmaq üçün hələ gec deyil. Baxmayaraq ki, yaşı artıq gedir, 24 yaşı var. Bir az başını aşağı salıb öz üzərində çalışmaldı. 

 

- "Səbail"dən geniş danışdıq, "Neftçi"yə də sonda toxunaq. "Şerif" bu həftə Çempionlar Liqasında az qala 0:3-ü səfərdə çevirmişdi. Moldovanın digər klubundan rəqib meydanında belə geridönüş gözləmirsiniz?

- "Düzü, "Neftçi" "Saburtalo" deyil, "Spetantsa" da "Şerif". Bu komanda o səviyyədə deyil ki, "Neftçi"yə başağrısı olsun. Üstəlik, komandamız azarkeşlərimiz qarşısında oynayacaq və məncə, burda da rahat olmasa da, qalib gələcək. 

 

- Növbəti rəqib Tula "Arsenal"ıdı. Rusiya Premyer Liqa təmsilçisiylə avrokuboklarda başabaş oynaya bilərikmi?

- Fikrimcə, oynaya bilərlər. Niyə də oynamasınlar? Klublarımız təlim-məşq toplanışlarında Rusiya klubuyla ilə oynayıblar. Baxmayaraq ki, bunlar hazırlıq matçları olub, qarışıq heyətlə çıxış ediblər. Bu görüşlər də göstərir ki, Rusiya Premyer Liqa təmsiçiləriylə oynamaq olar. Düzdür, orda MOİK, "Lokomotiv" olmur. Fikrimcə, "Neftçi" ruslarla mübarizə apara bilər. Hətta əvvəllər də olub, vaxtilə MOİK-lə qarşılaşıb. Baxmayaraq ki, həmin mövsüm ordu klubu UEFA Kubokunu götürdü, "Neftçi" onunla başabaş mübarizə apardı. Buna görə də mümkündü. Bu gün çəkinmək lazım deyil ki, ay "Arsenal"dı, oynamaq olar. 

 

 

 

MEHMAN SÜLEYMANOV

22 Avqust 2019
21 Avqust 2019
B.eÇ.aÇC.aCŞB