TOP 10

Cavadov klublarımızın avrokubok şanslarından danışdı, iş adamlarına səsləndi, milliyə aparan yoldan danışdı 

Futbol
Tarix: 2019-07-17 13:37

“Hər zaman arzulamışam ki, komandalarımız həm Çempionlar Liqasında, həm də Avropa Liqasının qrup mərhələsində iştirak etsinlər. Bugünkü təmsilçilərimiz aşağı-yuxarı gözlədiyimiz nəticələri qazanırlar”. Sport24.az xəbər verir ki, bu sözləri AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov deyib.

 

Veteran futbolçu əvvəlcə “Səbail”in “Universitatya” ilə Bakıdakı oyunun haqda fikirlərini bölüşdü: “İlk dəfədir ki, avrokuboklarda iştirak edirlər. Rəqibi də kifayət qədər güclü və təmsilçimizlə müqayisədə imkanlı klubdur. İlk oyunda mübarizə apardılar, məncə, məğlubiyyətdən qaçmaq olardı. Təcrübəszlik buna mane oldu”. 

 

“Neftçi” haqda danışan Cavadovun fikrincə, gümüş medalçımız mərhələ problemini həll edib. “Qarabag”la bağlı da fikirlərini bölüşən veteran çəmpionumuzu daha şanslı görür: “Məncə, “ağ-qaralar” cütün taleyini səfərdə həll etdi. “Qarabağ”ın qolsuz heç-heçədən sonra doğma meydanda azarkeşlərini sevindirəcəyinə şübhə etmirəm. Ümumi götürdükdə, istənilən rəqiblə duellərin favoriti olmasaq da, ən azı 1-2 mərhələ keçmək minimum tapşırıq, tələbdir. Aydın məsələdir ki, klublarımız çox işləməli, rəqabəti artırmalı, nəticədə çempionatın səviyyəsi qalxmalıdır”.

 

İsgəndər bəy Premyer Liqada iştirak edən klubların sayının az olması məsələsinə də münasibət bildirib: “Əlbəttə, yaxşı olardı ki, Premyer Liqada klubların sayı artırılsın. Bununla bağlı tez-tez narazılıqlar səsləndirilir. İcraiyyə Komitəsinin hər iclasında bu məsələ müzakirə olunur. Ancaq məsələ təkcə AFFA-dan asılı deyil. İş adamları bu sahəyə maraq göstərməlidirlər. Federasiya üzərinə düşən öhdəliyi yerinə yetirir və rəhbrəlik də maraqlıdır ki, komandaların sayı çox olsun. Mən 14-16 komandalı çempionatın tərəfdarıyam. Bunun üçün isə klubların lisenziya tələblərini yerinə yetirməsi lazımdır. Bəzən bu şərtlərin ağır olduğunu qeyd edirlər. Ancaq lisenziya tələbləri olmasa, komandalar yenə mövsümü yarımçıq dayandıracaq, boşluqlar yaranacaq. Sponsorların, iş adamlarının sinəsini irəli verməsi vacibdir. Bu gün ölkəmizdə futbolu sevən kifayət qədər iş adamı var. Ölkə başçısı da idmanın inkişafı üçün hər cür şərait yaradıb. Onlar irəli çıxsalar, AFFA da dəstək olacaq. Onsuz da federasiya köməyini əsirgəmir. Mümkün qədər klublara həm maddi, həm də digər sahələrdə köməklik edir”. 

 

“Neftçi”nin 80-ci illərdə ən parlaq siması olmuş Sabiq forvard infrastrukturla bağlı da danışıb: “Federasiya infrastrukturu inkişaf etdirir, uşaq futbolu ilə bağlı müxtəlif liqalar təşkil edir, məşqçilərin təhsilini artırması, yeniliklərlə tanış olması istiqamətində işlər görür, hakimliyin səviyyəsinin qalxması üçün müxtəlif layihələr həyata keçirir. Vaxt var idi bütün klublarımız avrokubok oyunlarını bir stadionda keçirirdilər. Çünki UEFA tərəfindən bu cür oyunları qəbul edəcək lisenziyaya sahib başqa stadionumuz olmurdu. İndi kifayət qədərdi. Bakcell Arena, Dalğa Arena, Bayıl stadionu istənilən qitəmiqyaslı oyunları qəbul edəcək durumdadır. Deməli, futbolun inkişafında infrastrukturun təkmilləşdirilməsi və genişləndirilməsi vacib məsələdir. Tək paytaxtla kifayətlənmirik. AFFA-nın xətti ilə regionlarda olan stadionlar təmir edilir. Gəncə şəhər stadionunun ot örtüyü yeniləndi, indi isə stadionun ərazisində yardımçı meydança tikilir. Tovuzda akademiya yaradılır, meydançaların tikintisi üçün tenderlər elan edilir. Ağsuda stadion yenidən quruldu. Ölkənin müxtəlif rayon və şəhərlərində mini-futbol meydançaları salınıb və təmənnasız yerli ictimaiyyətin xidmətinə verilib”.

 

Cavadov klubların “bostanına da daş atdı”: “Kənardan futbol təsərrüfatı çox sadə görünür. Ancaq futbol özü bir elmdir, mürəkkəb idarəçilikdir. Hansısa zavodu qısa müddət ərzində qurub, istehsala başlamaq mümkündür. Bunu futbola aid etmək olmaz. Burada gərək məqsədə doğru addım-addım irəliləyəsən. Nərdivanı pillə-pillə qalxmasan, yıxılmağın an məsələsidir. Yaxşı büdcən varsa və işləri düzgün qurmasan, tez zamanda müflis olacağın qaçılmazdı. Bunun nümunələrini az görməmişik. Legionerlərə ətək-ətək pul xərcələyib uşaq futbolunu görməzlikdən gəldilər. Nə stadion tikdilər, nə uşaq futboluna diqqət yetirdilər. Təbii ki, belə olan halda inkişaf olmayacaqdı. Sonradan AFFA tərəfindən tələblər artdı, lisenziya şərtləri sərtləşdirildi. Bundan sonra müəyyən işlər görməyə başladılar. Klub rəhbərləri məsuliyyətini anlamalıdır. Stadion tikmək AFFA-nın işi deyildi, amma federasiya bunu edir. Klublar infrastrukturu, yetirmələri ilə öyünməli, milliyə dəvət almaları ilə fəxr etməlidirlər. Bu gün futboldan hamı danışır, amma mexanizmi bilmirlər. Bu gün U-10 liqasından başlamış U-19 liqasına, əvəzedicilərin çempionatına qədər yarışlar təşkil edilir. Deməli, meydan var. Qalır klubların bu meydandan öz xeyri üçün istifadə etmələri. Yerli oyunçuları yetişdirməklə, onlara güvənməklə büdcənə də xeyir vermiş olacaqsan. Niyə bizim futbolçular ölkə xaricində oynamırlar? Halbuki hamısının akademiyası, uşaq futbol məktəbi var.  Bəs onların illərdi yetişdirdikləri futbolçular hanı? Niyə bu gün millidə rəqabət yaratmaq mümkün olmur. Milli komandaya futbolçu klubdan gəlir. Klub öz yetirməsinə güvənmirsə, onun mütəmadi oynayıb inkişaf etməsindən maraqlı deyilsə, əlbəttə, zərbə milli komandaya dəyəcək. Baş məşqçi seçimi hardan, necə etməlidir? Bu işlər üzərində düşünmək və işləmək lazımdır”.

 

20 Avqust 2019
19 Avqust 2019
B.eÇ.aÇC.aCŞB