TOP 10

13 saatlıq yolçuluğun icmalı: “endirim paketi”, ASALA, Sissenin “qardaş”ı

Futbol
Tarix: 2019-07-17 10:00

12:55-də İstanbul istiqamətini tutmalı olan hava gəmisi təqribən 10-12 dəqiqə yubanır. Ancaq bunadək Heydər Əliyev Hava Limanında Avropa Liqasının ilk mərhələsinin cavab qarşılaşmasına Rumıniyaya yollanacaq “Səbail”in rəsmiləri, məşqçi heyəti və futbolçularını qarşılayırıq. Əlbəttə, futbolçulardan müsahibə götürmək istəyirik. Uzun sürən danışıqlardan sonra qarşılıqlı kompromisə gəlmək mümkün olur: səfərə yollanan jurnalist triosunun hərəsinə bir futbolçudan müsahibə almaq “endirim paketi” verilir.  Çarter reysi olmadığından yolçuluğumuz uzun olsa da, təyyarədə hansısa qeyd aparmaq müşkülə çevrilir. Bir tək Aftandil Hacıyevlə mühərrik işə düşənədək ilk oyundan sonrakı mətbuat konfransında ona ünvanladığım iki sualdan birini müzakirə edirik. 

 

Ümumi ab-hava yetərincə ürəkaçandır. Bəlkə də “Səbail” Bakıdakı qarşılaşmadan qələbəylə ayrılsaydı, tam fərqli mənzərənin şahidi olacaqdıq. Ancaq indi “dənizçilər”in sıralarında bir rahatlıq hökm sürür. Yox-yox, bu, biganəlik deyil. Əminəm ki, onların hər biri ürəyinin dərinliyində möcüzəyə inanır. Ancaq bu, elə bir dərinlikdir ki, bizi qanadlarına alan təyyarə ən yüksək zirvəyə qalxdıqdan sonra yerə daha yaxındı, nəinki həmin ümidin üzə çıxması...

 

Hər halda, məhz bu amil möcüzəyə ümid qığılcımı yaradır. Paradoksdu? Əsla! Çünki iki gün sonra meydana çıxacaq komanda üzvlərinin heç biri həyəcanlı deyil, bu dəfə onların üzərində heç bir təzyiq olmayacaq.

 

Bu arada 3 saatlıq yol sona çatır. Bələdçinin “kəmərləri baglayın” tələbi istənilən sərnişin üçün təyyarədə eşitməyi arzuladığı ən ümdə arzudu... İndi növbəti 3 saat - bu dəfə  İstanbulun əzəmətli Hava Limanında iki həmkarım Vüqar Zeynalov və Elşən Məmmədovla vaxtın neçə uçduğunu hiss etmirik. Bu meqaaeroportu kəşf etməklə məşğul olarkən Cibriil Sissenin “əkiz qardaş”ını gördük. Doğrudu, saç düzümünə görə bu sətirlərin müəllifindən çox fərqlənməyən afrikalı qardaş üçün Cibriil Sisse adı heç nə demədi, amma yadigar olaraq şəklini çəkdim ki, xoş xatirəmiz qalsın.

 

Təyyarəyə mindikdən sonra naməlum səbəbdən uçuş yarım saat yubanır. Ancaq bu, kiminsə əhvalını korlamır, hər kəs səbrlə 16 iyul tarixində ikinci dəfə göyə qalxacağımız anı gözləyir. Nəhayət, yerli vaxtla 19:15-də üz tuturuq Rumıniyanın paytaxtı istiqamətinə. Bu, “Səbail”lə 3 hissəli səyahətimizin son parçasıdır. Çünki Buxarest-Krayova marşrutu eyni olsa da, fərqli avtobuslarda yollanacağıq.

 

...Endik, salamatçılıqdı. Pasport nəzarətində daha 2 saata yaxın vaxtımız getdi. Rumın sərhədçinin qarnının ağrısı nə idi bilmirəm, ancaq sanki ASALA-nın terrorçularıyıq, hər birimizi 5-8 dəqiqə süzürdü. Yerli vaxtla saat 21:30-da Buxarest hava limanını tərk etmək nəsibimiz oldu. Qarşıdakı 4 saat 20 dəqiqədən 1 saatını “Ramada” otelində təşkil olunan yolüstü axşam yeməyinə həsr etdik. Nəhayət, Bakı vaxtı ilə gecə saat 3-də (yerli vaxtla 2-də) 17,5 saat fasilədən sonra bəndəniz otaq üzü gördü. Heydər Əliyev Hava Limanında təyyarə havaya qalxdığı vaxtı sataşır olsaq, ümumi yolçuluğumuz 13 saat təşkil etdi. 

 

Artıq bu gün yerli vaxtla 16:30-da “Universitatya”nın baş məşqçisi Korneliu Papurenin oyunöncəsi mətbuat konfransı keçiriləcək. Bundan 2 saat sonra isə Aftandil Hacıyev media nümayəndələri qarşısına çıxacaq.

 

 

 

CEYHUN ƏLİYEV, Bakı-İstanbul-Buxarest-Krayova
 

05 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB