TOP 10

Tuayev avrokuboklardakı start, infrastruktur və veteranlara diqqətdən danışdı

Futbol
Tarix: 2019-07-15 13:12

“Yeni futbol mövsümünün başlanğıcındayıq. Bu münasibətlə futbola bu və ya digər şəkildə bağlılığı olan hər kəsi təbrik edirəm; həm bu sahədə çalışanları – buraya futbolçu və məşqçilərdən tutmuş klub və federasiya rəsmilərinə qədər hamını aid edirəm, həm də könlünü bu möcüzəvi oyuna vermiş təmənnasız şəxsləri – azarkeşləri”. Sport24.az xəbər verir ki, bunu AFFA İcraiyyə Komtisənin üzvü Kazbek Tuayev deyib.

 

“Neftçi-66”-nin heyətində bürünc medal qazanmış veteran futbolçu yenicə start götürmüş avrokubok mövsümünə munasibət bildirib. O, əvvəlcə “Qarabağ”ın ÇL-dəki səfər heç-heçəsi haqda danışıb: “Əlbəttə, yeni mövsümün startında hamımızın diqqəti klublarımızın avrokuboklardakı çıxışına yönəlir. Təbii ki, bütün nəticələri izləyirəm, xəbərdaram, üstəlik, imkan olanda oyunlara stadionda və ya televiziya vasitəsilə canlı baxıram. Klublarımızın hazırkı vəziyyətini və nəticələri bir neçə il əvvəllə müqayisə etmək düzgün olmazdı. Sözün yaxşı mənasında çox şey dəyişib. Məsələn, artıq klublarımızın avrokubok oyunlarından azarkeşlərin gözləntiləri çox fərqlənir. Ötən illərdə səfər oyununda qol vurmaq təqdirəlayiq hal sayılırdısa, indi qələbə qazanılmayanda narazılıq sədaları eşidilir. Bəzən hətta minimal hesabla əldə olunun qələbələr də azarkeşləri razı salmır. Elə bugünlərdə “Qarabağ” Çempionlar Liqasında səfər oyununda qolsuz bərabərlik edib. İnanıram və əminəm ki, evdəki qarşılaşmada komandamız Albaniya təmsilçisi üzərində gözəl qələbə qazanaraq növbəti mərhələyə adlayacaq. Lakin bəzi futbolsevərlər səfər heç-heçəsini az qala uğursuzluq kimi qəbul edir. Əslində, bunun da müsbət tərəfi var. Deməli, azarkeşlərimiz komandalarımıza inanır, onların qələbə qazanacağına şübhə etmir. Necə deyərlər, uman yerdən küsərlər". 

 

Tuayev avrokuboklarda debüt edən “Səbail” barədə fikirlərini klubun tarixinə boylanaraq bildirib: “Səbail” gənc klubdur, bu qədər qısa vaxt ərzində Avropa Liqasına vəsiqə qazanmaları özlüyündə bir uğurdur. Futbolçular Rumıniya komandası ilə oyunda da kifayət qədər yaxşı mübarizə apardılar. Bir top fərqi ilə uduzsalar da, qolubağlı şəkildə təslim olmadılar”.

 

“Neftçi”nin Moldovadakı parlaq qələbəsinə də toxunan İK üzvü işin böyük hissəsinin görüldüyünü düşünür: “Neftçi”nin səfər qələbəsi təbii ki, hamımızın üzrəyincə oldu. Moldovoda işin böyük hissəsi görülüb, amma arxayınlaşmaq olmaz, başladıqları işi eyni tempdə də başa çatdırmalıdırlar”.


Millimizin sabiq baş məsqçisi daha sonra stadion, infrastrukturla bağlı mövzuya toxundu: “Avrokuboklardan söz düşmüşkən, bəzi problemlər də var ki, onları mütləq qeyd etməliyik. İlk növbədə stadion məsələsinə toxunmalıyam. Çox maraqlı, bir qədər də qəribə vəziyyət yaranıb. AFFA-nın inşa etdirdiyi stadionlar olmasa, klublarımız avrokuboklardakı oyunlarını harada keçirəcək? Ardıcıl bir neçə ildir ölkə çempionu olan “Qarabağ” Çempionlar Liqasında rəqibini “Dalğa Arena”da qəbul edəcək. “Neftçi” ev oyunlarını “Bakcell Arena”da keçirəcək, “Səbail” Rumıniya təmsilçisi ilə Bayıl stadionunda qarşılaşdı. Bəli, bütün  bu stadionlar AFFA-nın həyata keçirdiyi infrastruktur layihələridir. Bəs bu stadionlar olmasa, necə olacaqdı?! İcraiyyə Komitəsinin üzvü kimi AFFA rəhbərliyinin fəaliyyətini yaxından izləyirəm. Assosiasiya prezidenti Rövnəq Abdullayev, baş katib Elxan Məmmədov futbolun inkişafı üçün əlindən gələni, bəlkə də daha artığını edir”.

 

Sonda təcrübəli mitəxəssis klub sayının azlığına toxundu, veteranlara ayrılan diqqətdən söz açdı: “Son zamanlar AFFA rəhbərliyi ilə bağlı bəzi mətbu orqanlarda çox neqativ fikirlərə yer verirlər. Fikir verdinizsə, tənqidi fikirlər demədim, neqativ fikirlər dedim. Konstruktiv tənqid hamı üçün faydalıdır. Lakin həmin o neqativ yazılar, fikirlər süni xarakterlidir. Buna yol vermək olmaz! AFFA rəhbərliyini elə absurd məsələlərdə ittiham etməyə çalışırlar ki, deməyə söz tapa bilmirsən. Ən çox da səsləndirilən fikirlər 8 komandalı çempionat, millinin məğlubiyyətləri, guya veteran futbolçulara diqqətin az olması, müəyyən şəxslərin işsiz qalması və sairdir. Gəlin hər məsələyə ayrıca aydınlıq gətirməyə çalışaq. Premyer Liqada 8 komanda çıxış edir? Bəli! Amma AFFA klubların sayının az olmasını arzulayırmı? Xeyr! İcraiyyə Komitəsinin iclaslarında dəfələrlə bu məsələ barədə uzun-uzadı müzakirələr aparılıb. Mövcud standartlara cavab verən klublar yoxdursa, lisenziyalaşdırma şərtlərinə əməl edə bilmirlərsə, bunun təqsirkarı AFFA rəhbərliyidirmi?! Milli komandanın hər uğursuz oyunundan sonra məşqçilər və futbolçular barədə deyil, assosiasiya rəhbərliyi haqqında sağlam məntiqə söykənməyən müzakirələrin aparılmasını da anlaya bilmirəm. Futbol veteranlarına AFFA-nın göstərdiyi diqqət göz qabağındadır. Hətta bütün dünyada iqtisadi böhran olduğu dövrdə də AFFA futbol veteranlarına təqaüd verilməsini dayandırmadı, çoxsaylı layihələrinin icrasını davam etdirdi. Bəzən elə veteran futbolçular işsiz qalması barədə şikayət edir ki, həmin şəxslər indiyə qədər həm milli komandalarda, həm də müxtəlif klublarda çalışıblar. Məşqçi işi elədir ki, müəyyən müddət işsiz qalmağını təbii qəbul etməlisən. Futbolçu kimi böyük karyeraya malik olmaq heç kimə əsas vermir ki, yaxşı futbolçu olmasının məşqçi çalışdığı dövrdə də ona əlavə imtiyazlar verə biləcəyini düşünsün. Futbol oynamaq və məşqçi işləmək müəyyən qədər çox oxşar olsa da, mahiyyət etibarilə fərqli şeylərdir. Bilirsiniz ki, uzun müddətdir uşaq futboluna çox yaxından bağlıyam, rəhbərlik etdiyim məktəbdə xeyli uşaq futbolun sirlərini öyrənir. AFFA-nın uşaq futbolu sahəsində gördüyü işlərə çox yaxşı bələdəm. Futbol veteranı, sabiq məşqçi, İcraiyyə Komitəsinin üzvü kimi sizi əmin edirəm ki, AFFA-nın bu istiqamətdə gördüyü işlər mütləq bəhrəsini verəcək”.
 

CBCsport
14 Dekabr 2019
13 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB