TOP 10

"Pomidor satanlar"a tərs sillə

Futbol
Tarix: 2019-07-14 11:16

18 illik idman jurnalistikası fəaliyyətimdə ilk dəfə xaricdə olduğum "Neftçi"ylə bunadək olmadığım Moldovaya yolçuluq. Kişinyova 4 günlük səfərin yarısında özündə olduq, yarısında yolda. Ancaq matçın nəticəsi yol yorğunluğunu unutdurdu. Axı, "Neftçi"nin ölkəmizə ilk xalı qazandırdığı avrokuboklarda səfərdə ilk böyükhesablı qələbəsinə şahid olduq.

 

 

Yamyaşıl Kişinyovdan biclik edən "Sperantsa"yadək

 

İstanbuldan ən azı 100 kilometr aralıda, şəhərin kənarında olan yeni hava limanı çox böyük olmasıyla diqqət çəkdisə, Moldova paytaxtı keçmiş SSRİ-ni xatırlatdı - köhnə Sovet binaları, göydələnlər demək olar yoxdu, ictimai nəqliyyatda daha çox trolleybusdan istifadə edilir. Və təbii ki, yaşıllıq. Kişinyov yamyaşıllığına görə göz oxşayır. Yolun kənarında hündür çinar ağacları sıralanıb, meşəni hasara alıb park edirlər. Son vaxtlardakı hakimiyyət dəyişikliyi, hakimiyyətə yeni qüvvələrin gəldiyi Moldovada iqtisadi böhran hökm sürür, işsizlik baş aldığına görə insanları Avropaya üz tuturlar, qiymətlərdə bahaçılıq görünür.

Ancaq təbii ki, bizləri daha çox futbol maraqlandırırdı. Təcrübəsiz "Sperantsa" avrokuboklarda debütünü Azərbaycanın ən "qoca" klubu "Neftçi"ylə edirdi. Təmsilçimizi gözəl bir stadionda qonaq etdi. Ancaq unutmaq olmaz ki, bu, öz stadionu yox, "Zimbru"nun arenası idi. Ümumiyyətlə, "Zimbru"nun bazası şəraiti, meydançaları ilə diqqət çəkirdi. Öz arenasında təmir işləri getdiyinə görə elə hazırda çempionatda da rəqiblərini Kişinyovda qəbul etməli olan Nisporenı təmsilçisi güclü rəqibini məğlub etmək, ən pis halda onunla heç-heçəyə qalmaq üçün hər biclikdən istifadə etmişdi - qəribə toplarla oynamaq, meydanı oyundan qabaq sulamamaq. "Neftçi" matçdan qabaq buna etirazını etsə də, moldovalılar öz bildiklərini etdilər. Ancaq bu da onlara kömək olmadı. "Neftçi" "Sperantsa"nın Avropada "siftə"sini qara gətirdi. Özü də adama əsas ləzzət edən bunun erməninin gözü qarşısında oldu. Axı UEFA matça hakim-inspektor Ermənistandan olan Gevorq Hovhannisyanı təyin etmişdi.

 

 

Efroslara layiqli cavab 

Yaxşı deyiblər ki, balıq başdan iylənər. Ailə klubu olan “Sperantsa” Efrosların sərəncamındadı, onların açıqlamalarıyla daha çox diqqət mərkəzinə düşür. Klubun prezidenti olan Petru Efros qarşılaşmanın yayımı ilə bağlı elə Sport24.az-a müsahibəsində iki ayağını bir başmağa dirədi ki, 15 min avrodan bir qəpik aşağı düşməyəcəm. Ancaq sonradan öyrəndik ki, qiymətdə bizimkilərə endirim edib. Matçdan əvvəl daha səs-küylü açıqlaması isə “Neftçi” benzin satır, biz isə pomidor” oldu. Bununla bağlı moldovalı həmkarlarımız oyunöncəsi mətbuat konfransında “Şerif”də işlədikləri müddətdə yaxşı tanıdıqları “Neftçi”nin baş məşqçisi Roberto Bordinə sual ünvanladılar. İtaliyalı mütəxəssis də buna məntiqlə cavab verdi ki, futbola aiddiyyatı olmadığından buna şərh vermək istəmirəm.

 

Ancaq oğula baxanda, ata şükürlü imiş. “Sperantsa”nın baş məşqçisi olan Kristian Efros ümumiyyətlə, tərsin, inadkarın biri imiş. Qarşılaşmada geyimiylə daha çox “manıslar”ı xatırladır, şou-biznezdə olduğu kimi, daha çox qalmaqalıyla medanın diqqət çəkməyə çalışırdı. Cəmi 27 yaşı olan bu baş məşqçinin bu qəribəliklərini hələ görüşdən əvvəl hiss etmişdim. Onun mobil telefonunu tez taparaq zəng vurdum. Ancaq nə zəngimə cavab verdi, nə də mesajıma. Atası da bu işdə mənə kömək olmayandan sonra həmyerlisi, həmkarı, yaxşı münasibətdə olduğum Vadim Boretsə vasitəçi olmasıyla bağlı müraciət etdim. Ancaq “Neftçi”nin sabiq legioneri mənə qısa konkret dedi ki, incimə, mən sənə kömək edə bilməyəcəm, çünki başqa xarakterlidi, sözümə qulaq asan deyil.

 

Oyundan əvvəl mətbuat konfransına iki nəfər daxil olur ki, bunun hansının baş məşqçi, hansı futbolçu olduğu bilinmir. Hər halda, özüylə gətirdiyi müdafiəçisi İon Arabaci ondan 7 yaş böyükdü. Yanında da təqdim olunmur ki, bu, kimdi, hansı futbolçudu. Kristianı qəribəliyi elə futbolçunu seçməsindən də görünür. Adətən baş məşqçilər mətbuat konfransına start heyətdə meydana buraxacaq futbolçuları gətirirlər. Ancaq oğul Efros İona nəinki ilk dəqiqələrdən şans vermir, onu sonadək yanında oturdur. Təvazokarlıqdan uzaq olsa da, Kişinyova ezam olunan idman mediamızın “ağsaqqal”ı kimi Kristiana başa salmağa çalışıram ki, “Neftçi” “Real” olmasa da, hər halda, komandanızla matçın favoritidi. Ancaq o isə kor tutduğundan əl çəkməyən kimi dirəşib ki, “Real”la oynasaq belə, öz komandanı favorit hesab edəcəm. Ancaq əsl favoritin kim olduğu ertəsi 90 dəqiqəlik mübarizə göstərdi. “Neftçi”dən “pomidor satanlar”ə tərs sillə gəldi. Di, gedin, pomidorunuzu satın.

 

Sizi əmin edirəm ki, “Sperantsa”nın süni maneələri olmasaydı, “Neftçi” daha böyükhesablı qələbə qazanacaqdı. Çünki təmsilçimizin sürətli, texnikalı futbolçuları öyrəşmədikləri qazonda öyrəşmədikləri toplarla oynayırdılar ki, bu da potensiallarını tam göstərməyə imkan vermirdi. İndi iyulun 18-də “Bakcell Arena”dakı cavab matçında “Neftçi” özünü suda balıq kimi hiss edəcək. Nə Kişinyovdakı toplar olacaq, nə də qazon. Roberto Bordinin komandası Tula “Arsenal”ıyla görüşə gücünü saxlamasa, moldovalıları darmadağın etmək gücündədi.

 

Kristan matçdan sonra özünü lap gözdən saldı. Etikaya uyğun olaraq rəqibi qalibiyyət münasibətilə təbrik etmək əvəzinə onun inamlı qələbəsinə kölgə saldı, haqsız yerə “bostanına daş atdı”. Ay nəticəni hakimlər müəyyənləşdirdi, ay nə bilim qolları 3-cü şəxslər vurdular. Futboldan bir az başın çıxmaq yetərli idi ki, qüvvələr nisbətində necə böyük fərq olduğunu görəsən. Debütant 0:3-lə hələ canını yaxşı qurtardı.

 

İkinci hissə başlayır, anaq “Sperantsa”nın baş məşqçisi yerində deyil. Bir müddət keçir, Kristan meydanın kənarında gəzişə-gəzişə irəliləyir, hələ yolüstü tribunada olan fan-klubuyla da söhbət edir, sonda gəlib çıxır “texniki zona”ya. Görüşfən sonra konfransda niyə belə etdiyini soruşanda, başlayır ki, Useyn Bolt deyiləm tez çatım. Bolt olmaq lazım deyil, sadəcə, vaxtında çıxmaq lazımdı paltardəyişmə otağından, ay Kristian.

 

Oğul Efros sonda bizə qarşı aqrersiv olmağa başladı ki, bunun da səbəbini soruşduq. Ancaq yenə eyni mənzərə, yenı söz güləşdirməsi. Bilmirəm, konfrans bitəndən sonra ayıldımı, yoxsa vicdanının səsi ona səsləndi ki, bunlar qonaqlardı, minlərlə kilometr yol qət edərək bura gəliblər, qonaqpərvərlik göstərmək lazımdı, onları acılamaq yox, gəlib yanımıza bir-birimizə əl verərək görüşdü.  

 

 

Nə gündəsən, ay mətbuat katibi...

“Sperantsa”nın mətbuat xidməti isə ayrı bir mövzudu – sadəcə, fiasko. Təşkilatçılıq bərbad idi, elementar işləri görə bilmirdilər. Bizimkilər menecerlik işlərində onlara dərs keçərlər. Avrokuboklar təmsilçisi olan mətbuat xidmətinin rəhbəri demək olar yox idi. Kimisə tutub gətirmişdilər, bu işlərə cavabdeh həmin şəxsi heç cür ayırd edə bilmirdik. Bizi konfrans zalına mühafizəçi aparır və gəlib çatanda dəhşətə gəlir. Söhbət onda getmir ki, bu zal yox, Fuad Musayevin dövründəki çempionat zamanı olan kiçik otaqdı. Yalnız bu, olsaydı, dərd yarıydı. Ən dəhşətlisi odur ki, otaq hazır deyil, stollar, masa küncdə yığılıb. Konfransın başlanmasına isə dəqiqələrə qalıb. Həmin müddətdə konfrans otağını hazır etməyə başlayırlar, biz də kömək edirik.

 

Bundan sonra digər problemi həll etməliyik – internet. Vayfay var, kodu bilmirik. Yenə mətbuat katibini tapa bilmirik, kodla bağlı “Neftçi”nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevlə moldovalı həmkarlarımız köməyimizə çatırlar. “Sperantsa”nın baş məşqçisiylə futbolçusu konfransa daxil olurlar, ancaq konfrnası başlaya bilmirik. Çünki mətbuat katibi yerinə keçərək konfransı açmır, bizləri salamlamır, iştirakçıları təqdim etmir. Biz Efrosun üzünə baxırıq, o da bizim. Bir az pauzadan sonra mən işarə verirəm ki, başlaya bilərikmi, bundan sonra danışmağa başlayır.

 

Nəhayət, bundan sonra bəlli olur ki, mətbuat işlərinə cavabdeh olan şəxs kimdi. Beynəlxalq matçda ən azı rəsmi geyimdə olmalı olan klub rəsmisi köynəyi şalvarının üzünə ataraq gəzir, sanki bazar alverçisidi, əlində salafan torbayla gəzir. Diktofonu bizim kimi stolun üstünə qoyaraq qıraqda dayanır, hələ bir baş məşqçisinin üstünə qışqırmasıyla diqqət çəkir. Kristian da oyunöncəsi konfransa gecikməsi azmış kimi az sonra bizə işarə vurur ki, 1 dəqiqə vaxtınız var, məşqə gedirəm, suallarınızı bitirin.

 

Oyun günü isə stadionda media lojaya getmək üçün xeyli gözləməli oluruq. “Sperantsa”nın həmin sözçüsü peyda olanda bizə irad bildirir ki, stadiona düzgün yerdən daxil olmalısınız. Ay qardaş, atamız, babamız Kişinyovdandır ki, buraları beş barmağımız kimi tanıyaq. Belə götürəndə də, stadiona əsas giriş hamının gördüyü bir yerdən idi.

 

 

Və yenilənən, güclənən "Neftçi" haqda 

Nəhayət, sonda hazırkı “Neftçi” haqda. Yenilənən Robetro Bordinin komandasının gücləndiyini demək olar. Vojislav Stankoviçin gəlişindən sonra müdafiə xəttində rəqabət artıb. Təsəvvür edin ki, “Qəbələ”nin liderlərindən olan Stankoviç hələ “Neftçi”də əsas heyətə düşə bilmir. Komandanın indi əsas gücü yarımmüdafiənin cinahlarıdı. “Qəbələ”yə ilk titulu qazandıran Stiven Monrozla “Neftçi”yə qayıdan Dario Federiko tam formaya düşəndən sonra hələ rəqiblərinə çox başağrısı olacaqlar. Mamadu Kane zədəli Sonni Mustivara layiqli əvəzləyici olduğunu göstərdi. Ancaq hücuma cavabdeh olan Emin Mahmudovla Vangelas Platellas elə də yaxşı təsir bağışlamadılar, potensiallarından aşağı çıxış etdilər. Zədəli Baqali Dabonun yoxluğunda hücumda əsas qol ümidimiz olan Rauf Əliyev qol vurmasa da, meydanda faydalı iş gördü. Adətən hesab açılmadıqca gərginlik artırdı və onun qazandığı penalti qırılma nöqtəsi oldu. Rauf 90 dəqiqə durmadan işlədi, rəqibin müdafiəçilərinin ona başına vurduqları zərbələrdən belə çəkinmədi . Hər halda, yaxşı bilir ki, onun Daboyla çox güclü rəqabət gözləyir və verilən şansdan maksimum yararlanmalıdı.

 

Hazırkı “Neftçi”də ən uzun müddətdi çıxış edən futbolçu olan Rəhman Hacıyev deyəsən, yenidən səhnəyə qayıdır. Bu baxımdan vurduğu şedevr qola ona özünəinam gətirməlidi. Bordinin klubun yetirməsi olan 18 yaşlı İsmayıl Zülfüqarlının əsas komandada rəsmi debütünün məhz avrokuboklarda olmasını gerçəkləşdirməsi xüsusilə alqışanasıdı. Eləcə də "Forza Neftçi" 4000 mindən artıq kilometr qət edərək Bakıdan Kişinyova gəlməsi. Onlar səsləriylə rəqibin fan-klubunu susdurdular. Necə ki "Neftçi" 90 dəqiqədə "Sperantsa"nı...

 

 

 

MEHMAN SÜLEYMANOV, Bakı-Kişinyov-Bakı

22 Avqust 2019
21 Avqust 2019
B.eÇ.aÇC.aCŞB