TOP 10

“Səbail”in siftəsi: “gəmi”dəki qüsurlardan, əzmkar “matroslar”adək

Futbol
Tarix: 2019-07-12 18:22

“Səbail” uduzdu. Uduzdu, əvvəlcədən proqnozlaşdırıldıği kimi. Ancaq uduzmaqdan da uduzmağı fərq var. Paytaxt təmsilçisi papağını dimdiyini dik tuta bilər. Təbii ki, pafoslu yanaşmırıqsa. Reallıq belə idi ki, “Universitatya” bir tək adı ilə “Səbail”i udmağa (sözün hər iki mənasında) məhkum idi.

 

Dünən gördüklərimiz Aftandil Hacıyevin işini yağlı bir “5”-lə qiymətləndirməyə tam əsas verməsə də, gənc mütəxəssisin gecəsini gunduzünə qatdığına şübhə yoxdu. Rəqibi maksimum təhlil edən Hacıyev əlindəki materialdan döyüşkən bir ordu qurmağa çalışdı. 

 

Bu nə dərəcədə alındı? 

 

Başlayaq müdafiə xəttindən. Bürünc medalçımızın qapısına ikinci qol vurularkən tribunadan da görünürdü ki, Nikuşor Banku topu sol ayağına çəkəcək. Ancaq 60 metrlikdən bəndənizin gördüyünü meydan sahiblərinin 3 futbolçusu görmədi. Elə 3-cü qolda da Şəhriyar Rəhimov futbola yeni başlayan kimi davranmaqla, Elvin Yunuszadə isə sanki qapıçısı ilə şəkil çəkdirmək üçün qapı xəttində dayanmaqla “istedadları”nı əyani şəkildə nümayiş etdirdilər. Daniel Bojinovski isə... Bəli, “Səbail”in qapıçısını nəzərdə tuturuq. Nə deyəsən? Əgər bir qolkiper məğlub olan komandasını 90 dəqiqə ərzində bir dəfə də olsun xilas etmirsə, onu transfer edən insanlar yanılıblar. 

 

Yarimüdafiə xəttində Bilal Hamdi çox çalışdı, ancaq görünən bu idi ki, rəqib bu futbolçunun xüsusiyyətlərini yaxşı təhlil etmişdi. Rahid Əmirquliyev hələ lazımı kondisiyada deyil, bu da başadüşüləndir - mövsümün əvvəlidi. Yevgeni Koçuk pis deyildi, lakin rəqiblərin mərkəz yarimmudafiəçiləri daha yaxşı idi. Maykl Essyen əsas işinin öhdəsindən gəldi, sadəcə, onun kimi düşünən oyunçu qıtlığı var idi. Hər halda, bir neçə dəfə fantastik ötürmələri ilə adından söz etdirdi. Ağabala Ramazanov isə böyüyüb. Onun vurduğu ikinci qoldan sonrakı hərəkətini xatırlayın. 82-ci dəqiqədə dublunu rəsmiləşdirən 26 yaşlı futbolçu mayallaq vurub sevinmirdi, o, topu götürüb mərkəzə tərəf qaçırdı. Bu, artıq həmişə çılğınlığı ilə seçilən vingerin püxtələşməsidi.

 

Mirabdulla Abbasov isə tezliklə yerə enməsə, ən qısa müddətdə Bal Liqasına üz tutacaq. Hər epizoddan sonra komanda yoldaşlarına irad bildirən forvard, əslində “Səbail”in ən zəif bəndi idi. Elə oyunun qırılma nöqtəsi kimi də məhz onun səhvini göstərərdik. Hesab 1:1 idi və Ağabalanın əla reydindən sonra ikisi bir müdafiəçiyə qarşı qalmışdılar. Ramazanovun ideal ötürməsindən sonra Abbasova topu saxlayıb qapıçı ilə təkbətəkə yollanmaq qalırdı. Ancaq forvard topu da normal saxlaya bilmədi və bununla da fasiləyə hesabda öndə yollanmaq şansı məhv edildi. Abbasov papağını qabağına qoyub yaxşı-yaxşı fikirləşməlidir: ya onlarla parlayıb dərhal da sönən futbolçuların yolunu tutacaq, ya da həyatını futbola bağlayıb özünün də, Vətəninin də adını ucaldacaq. Sabah artıq gec olacaq.

 

İkinci hissəyə rəng qatanlardan biri də Fəhmin Muradbəyli oldu. Ancaq nə gizlədək, hansısa yerli gənc futbolçudan müsbət rəy verməyə belə, çəkinirik. Bu səbəbdən də Fəhmin barədə bu qədər.

 

Göründüyü kimi “Səbail” mövcud futbolçuları ilə güclü rəqibə qarşı bacardığını etdi. Komandaya mütləq şəkildə mərkəz müdafiəçisi və hücumçu lazımdı. Əgər klub rəhbərliyi bu problemi həll etsə, “dənizçilər” start götürəcək çempionatda bir çox “gəmi”ni batırmağa qadirdirlər.

 

Bütün hallarda “gəmiçilər”in “matroslar”ı sonadək döyüşdü. Bu cür uduzanda isə sənə heç kəs irad bildirməz.

 

İndi qarşıda cavab oyunu var. Təmsilcimizdən mərhələ adlamaq tələb olunmur, ancaq ən azından dünənki əzmkarlığı göstərməlidirlər.

 

CEYHUN ƏLİYEV
 

20 Iyul 2019
19 Iyul 2019
B.eÇ.aÇC.aCŞB