TOP 10

“Böyük kapitan”la çaparaq: “Bizi bəlkə də 120 dəqiqəlik mücadilə gözləyir”

Futbol
Tarix: 2019-07-12 15:50

“Gözlədiyimiz kimi, ağır oyun keçdi. Baxmayaraq ki, oyuna nəzarət edən tərəf biz idik, ərazi üstünluyü tərəfimizdə idi, hər an rəqibdən təhlükəli əks-hücumlar gözləyirdik. Oyunun gedişatında da bunun şahidi olduq”. Bu sözləri  Sport24.az-a verdiyi açıqlamada Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk oyununda Albaniyada “Partizani” ilə qolsuz bərabərliyə imza atan “Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib.

 

Təcrübəli futbolçu “Partizani”nin daha çox qol epizodu yaratması fikri ilə razılaşmadı: “İkinci hissənin əvvələrində oyunun ritmini hardasa 2 dəqiqəlik rəqibə verdik. Bir hücumda iki təhlükə yaşandı. Əvvəlcə başla zərbə endirildi ki, Vaqner topu çıxardı, bundan sonrakı korner isə qapı tirinə tuş gələn zərbəylə yadda qaldı. Ümumilikdə yaxşı əks-hücumlara çıxa bilirdilər”.

 

Sadıqov meydanın bərbad olmasının kimə daha çox ziyan vurduğunu bilmir: “Bununla bağlı deyə bilmərəm ki, meydan daha yaxşı olsaydı, bizim lehimizə olardı, yoxsa rəqibin. Gəlin, faktlara söykənək: məlum örtukdə oynadıq və oyun da bu cür alındı”.

 

“Böyük kapitan” cavab oyunuyla bağlı da fikirlərini bölüşdü: “Bizi gərgin, ağır 90, bəlkə də 120 dəqiqəlik mücadilə gözləyir. İlk görüşdə albanlar “doğma divarlar” arasında qol buraxmaqla bağlı psixoloji təzyiq altında idilərsə, indi analoji vəziyyətdə biz olacağıq. Üstəlik, rəqibi doğma stadionumuzda yox, “Dalğa Arena”da qəbul edəcəyik. Əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi sevindirək. Hər halda, rəqibin keyfiyyətli əks-hücum qurmaq bacarığı, sürətli oyunçulara sahib, standart vəziyyətdə təhlükəli, döyüşkən ruhlu komanda olmasını bir an belə yaddan çıxarmamalıyıq. Bunun üçün də oyuna maksimal konsentrasiyalı hazırlaşmalıyıq ki, hər şey istədiyimiz kimi nəticələnsin”.

12 Noyabr 2019
11 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB