TOP 10

Kamran Quliyev darmadağını şərh, “Forza Neftçi”yə təşəkkür etdi: "Biz bura kiməsə cavab vermək üçün gəlməmişdik"

Futbol
Tarix: 2019-07-12 11:00

“Neftçi”nin prezidenti Kamran Quliyev Avropa Liqasının I təsnifat mərhələsində Moldovada “Sperantsa”ya qalib gəldikləri (3:0) matçdan sonra brifinq keçirib. Sport24.az-ın Kişinyova ezam olunmuş əməkdaşı xəbər verir ki, klub prezidenti öncə görüş haqda fikirlərini bölüşüb. 

 

- İlk qarşılaşma üçün pis deyil. Qələbə münasibətilə bütün “Neftçi” camiəsini təbrik edirəm. Çətin idi. Çünki ilk görüşümüzə çıxmışdıq, komanda hazır deyildi. Komandanın fiziki hazırlığı 50-60 faizdi. Bu gün daha üstün səviyyə sayəsində qalib gəldik. Yaxşı qələbədi, xüsusilə ona görə ki, qol buraxmadıq.


- Belə böyük hesabla qalib gələcəyinizi gözləyirdiz?
- Əvvəldən fikirləşirdik ki, komanda lazımı qaydada köklənsə, istədiyimiz nəticəni qazana bilərik. Böyük və ya minimal hesablı qələbə barədə düşünmürdük, əsas məqsədimiz burda qol buraxmadan qalib gəlmək idi.


- Cütün taleyinin həll olunduğunu demək olarmı?
-  Heç vaxt. Avrokuboklarda nəticə iki oyuna görə müəyyənləşir. Cavab matçını öz meydanımızda keçirəcəyik. Bəzi məqamlar var idi ki, bizə çətinlik yaradırdı. Fiziki durumumuzun ən yüksək səviyyədə olmadığını artıq qeyd etdim, digər tərəfdən matçdan öncə meydança sulanmadı. Yəqin özünüz də gördüz ki, meydança kifayət qədər sərt idi.


- Meydançanın sulanmasını rəqib istəmədi?
- Bəli. Biz müraciət etmişdik.


- Səbəb?
- Bu, onların haqqıdı. Yəqin ki, bizim sürətli futbolçularımızdan ehtiyat etdilər.


- Rəqibin baş məşqçisi görüşdən öncə iddialı danışmışdı. Hətta demişdi ki, biz “Real Madrid”lə də qarşılaşsaq, öz komandamı favorit hesab edəcəm. Sizcə, “Neftçi” öz oyunu ilə onların cavabını verə bildi?
- Biz bura kiməsə cavab vermək üçün gəlməmişdik. Məqsədimiz öz oyunumuzu keçirib, qələbə ilə azarkeşlərimizi sevindirmək idi. Yəqin ki, baş məşqçi bu cür öz komandasını motivasiya etmək istəyirdi. Bu da normal haldı. Həm də yaddan çıxarmamalıyıq ki, rəqib öz azarkeşləri qarşısında oynayırdı. Gözləyirdiz ki, rəqib komandanın baş məşqçisi desin “Neftçi” cütün favoritidi?Məncə, onun belə danışması normaldı.


- “Neftçi”nin transfer fəaliyyəti bitib, yoxsa yeni futbolçular olacaq?
-  Ola bilər ki, daha bir transferimiz olsun.


- Legioner?
- Bunu deməyəcəm. Biz həm yerli, həm də əcnəbi futbolçulara baxırıq. Söhbət hardan gəldiyində deyil, əsas odu ki, bizə yarayan futbolçu olsun. Hazırda bununla bağlı iş gedir. Yeni transferin olacağı 100 faiz deyil, ancaq ehtimal var.


- Sizcə, “Forza Neftçi”nin bu qədər məsafə qət edib, Kişinyova gəlməsi komandanın oyununa necə təsir etdi?
- 180 dərəcə. Bir-bir onların hamısına – gələnlərə də, gəlməyənlərə də təşəkkürümü bildirirəm. Bu boyda yol gəlmələri fədakarlıqdı. Onlara təşəkkür düşür. İstəyirik ki, həmin azarkeşlər sağ-salamat evlərinə qayıtsınlar və ayın 18-dəki cavab matçında bizi dəstəkləsinlər.

 

 

MEHMAN SÜLEYMANOV, Kişinyov
 

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB