TOP 10

Bordin nəticədən də razı qalıb, oyundan da: "Artıq mərhələni keçdiyimizi fikirləşmək böyük axmaqlıq olardı"

Futbol
Tarix: 2019-07-11 23:19

"Neftçi"nin baş məşqçisi Roberto Bordin Avropa Liqasının I təsnifat mərhələsində Moldovada "Sperantsa"ya 3:0 hesabıyla qalib gəldikləri matçdan sonra mətbuat konfransı keçirib. Sport24.az-ın Kişinyova ezam olunmuş əməkdaşı xəbər verir ki, italiyalı mütəxəssis əvvəlcə qarşılaşmanı dəyərləndirib. 

 

- Əlbəttə, nəticədən çox razıyam. Ancaq ən çox futbolçuların yeni mövsümdə ilk oyuna yanaşmasından razı qaldım. İlk dəqiqələrdən istəkli, motivasiyalı idilər. Mənim üçün əsas bu idi. Artıq mərhələni keçdiyimizi fikirləşmək böyük axmaqlıq olardı. Bizi  qarşıda hələ  bir həftə gözləyir. Cavab oyununa da yaxşı hazırlaşmalıyıq.

 

- Asan qələbə oldu?

- İndi bəziləri belə düşünə bilər. Ancaq belə deyildi. Meydançanın vəziyyəti də yaxşı deyildi. İlk hissədə rəqib qapımıza cəmi 1 zərbə vurdu. Yeni mövsümdə ilk rəsmi matça yaxşı başlamağımız mühüm idi. Futbolçularıma tapşırmışdım ki, oyuna diqtə edən tərəf biz olaq. 

 

- Adətən səfər komandaları müdafiə futbolu oynayır. Ancaq siz hücum futbolu göstərdiniz. Bu ondan irəli gəlir ki, Moldova çempionatını yaxşı tanıyırsınız, yoxsa komandanıza inanırsınız?

- Ona görə də hücum futbolu seçdim ki, futbolçuların xarakteristikasına bələdəm. Mənə elə gəlir ki, futbolçular hər şeyi düzgün yerinə yetirdilər.

 

- Rəhman Hacıyev oyuna yaxşı qoşularaq gözəl qola imza atdı. Onu yenidən "Neftçi"nin əsas heyətində görə biləcəyik?

- Rəhmanla yanaşı, digər oyuna qoşulanları da qeyd etmək lazımdı. Hamı yaxşı oyun göstərdi. Bizdə yaxşı futbolçular çoxdu, rəqabət güclüdü. Buna görə heyətdə rotasiya edə bilərik. 

 

- "Neftçi" çoxdandı avrokuboklarda belə inamlı qələbə qazanmırdı. Bu fakt sizin üçün nə dərəcədə önəmlidi?

- Nəticə vacibdi. Ancaq mənim üçün bundan önəmli olan futbolçuların istəyi, oyuna yanaşmasıdı. Əlbəttə, 3 qol vurmaq çox xoşdu. Ancaq fiziki formada yaxşı olan belə rəqibə qarşı düzgün oynamaq daha önəmli idi. 

 

- Gənc futbolçu İsmayıl Zülfüqarlını meydana buraxdınız. Bu hesabın verdiyi rahatlıq idi, yoxsa onu meydanda tez-tez görəcəyik?

- Çox yaxşı gənc futbolçudu. Bizdə digər belə oyunçular var. Hesab belə olanda, İsmayıla Avropa Liqasında debüt etməyə imkan verdim. Bəli, 3:0 öndə olmağımız mənə bu qərarı verməyimə imkan yaratdı. 

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB