TOP 10

Əsədov Ndlovulu, Reynaldolu vaxtları xatırladı: “Daha aqressiv “Qarabağ” görəcəyimizi düşünürəm”

Futbol
Tarix: 2019-07-11 14:00

Ötən axşam hamımızın gözü televiziya ekranında idi. Çempionlar Liqasının startı ürəyimiz istəyən tərzdə açılmadı. Albaniyada qeydə alınan qolsuz bərabərlik təbii ki, arzuladığımız nəticə deyildi. Ancaq “Qarabağ” hər zaman artan qrafik cızıb və bu faktor qismən də olsa, “Partizani” ilə heç-heçəni həzm etməyimizi şərtləndirir. Oyunla bağlı fikirlərini öyrəndiyimiz millinin məşqçisi Arif Əsədov Sport24.az-a verdiyi müsahibədə çempionumuzun şansları haqda bədbin notda danışmadı.


- “Qarabağ” təlim-məşq toplanışından yenicə qayıdıb. Aydın məsələdir ki, belədə, dərhal stabil futbol gözləmək olmaz. Çünki heyəti formalaşdırmaq da lazımdı, kondisiyaları artırmaq da. Bu səbəbdən də “Qarabağ”ın ən azından heç-heçəyə çalışacağı gözlənilirdi. Hesab edirəm ki, ağdamlılar istəklərinə çatdılar. 


- Yəni bu heç-heçəni müsbət dəyərləndirirsiniz?
- Çempionumuzu iki nəticədən biri qane edəcəkdi: heç-heçə, yaxud da qələbə. Hesab edirəm ki, komanda qarşısına qoyulan minimum vəzifənin öhdəsindən gəldi. 


- Qeyd etdiniz ki, heyət hələ oturuşmayıb. Ancaq start 11-liyində yer alan futbolçular ötən il də “Qarabağ”da idilər...
- Məsələn, müdafiənin sağ cinahında oynayan Abbas Hüseynov. O, yalnız bu yay təlim-məşq toplanışında heyətdə yer almağa başladı. Maksim Medvedevin cinahı dəyişdirilmişdi, onu nadir hallarda solda oynayan görmüşük. İkinci hissədə oyuna daxil edilən Xayme Romero isə təmsilçimizin sıralarında ilk rəsmi oyununa çıxırdı. Bəli, istədiyimiz oyunu görə bilmədik, amma bunun obyektiv səbəbləri var.


- “Süvarilər” 90 dəqiqə ərzində 1 qol epizodu yaratdı. Bu, “həyəcan təbili” çalmaq üçün əsas vermir?
- Hücum xəttində “Qarabağ” “dişsiz” görünürdü. Bu da rəqibin komandamızı meydanın özünə aid hissəsində qarşılamağa başlamasından irəli gəlir. Təbii ki, “Partizani”nin məşqçilər korpusu ağdamlıların oyun üslubunu təhlil etmişdi və bilirdilər ki, təmsilçimiz ara pasları ilə müdafiəni yarmağı çox sevir. Buna görə də kompakt müdafiəyə oturmuşdular. Bu da ərazi üstünlüyünü qol epizodlarına çevirməyi əngəlləyirdi. Əksinə, rəqib fasilədən sonra 2-3 dəfə real qol fürsəti yaxaladı.


- Bu cür müdafiəyə oturan komandalara qarşı adətən cinahlardan və uzaq məsafədən zərbələrdən istifadə olunur. Ancaq “Qarabağ”ın ifasında bunların heç birini gormədik...
- Vingerlər daha çox individual oyuna üstünlük verirdilər ki, bu da işin ziyanına işləyirdi. İstər Zubir olsun, istər Kintana, istərsə də Romero  - bir neçə əlverişli imkanda hava ötürməsi etmək əvəzinə, individual keçidə meyl edirdilər ki, nəticədə hücumun kəsəri itirdi. Uzaq məsafədən zərbə endirilməməsi fikri ilə də razıyam. Cəmi 1-2 dəfə buna cəhd olundu ki, onda da top çərçivəyə düşmədi.


- Hücumçu...
- Hesab edirəm ki, “Qarabağ”ın ən problemli məsələsi odur ki, bu mövqedə çıxış edən oyunçuların əsas yerləri forvard mövqeyi deyil. Elə buna görə də ön xətdə top saxlamaq baxımından problemlər yaşanır. Məsələn, Ndlovunun oynadığı dönəmdə, Reynaldonun yaxşı vaxtlarında əlbəttə ki, “Qarabağ”in hücum potensialı indikindən qat-qat əzəmətli idi. 


- Əlbəttə, 0:0 faciə deyil. Bu qolsuz bərabərlik cavab oyunu öncəsi təhlükəli gəlmir sizə?
- Düşünmürəm ki, Bakıda eyni ssenari təkrarlanacaq. Fikrimcə, “Qarabağ” daha istəkli, daha əzmkar futbol sərgiləyəcək. Bilirsiz, ilk oyun idi, rəqibi iş başında görməmişdi məşqçilər korpusu, bir qədər ehtiyatlı davranırdı komandamız. İndi isə əllərində əyani vəsait var. Çempionumuza qələbə lazımdı, bu baxımdan daha aqressiv “Qarabağ” görəcəyimizi düşünürəm. 


- Bir musahidəmə fikrinizi bilmək istəyərdim. Cütlü oyunlardan birincisində “Qarabağ” daha zəif təsir bağışlayır. Bunun sirrini nədə görürsünüz?
- Təbii ki, ilk oyun hardasa “kəşfiyyat”dı. Komanda riski minimuma endirmək istəyir ki, cavab qarşılaşmasına qədər rəqibini 5 barmağı kimi tanısın. Eyni sözləri “Partizani”nin məşqçilər korpusuna da şamil edərdim. Onlar üçün də qolsuz bərabərlik qənaətbəxş nəticədir.


- Bakıdakı oyundan nə gözləyək?
- Fikrimcə, “Qarabağ” qol axtarışına çıxacaq, rəqib isə öz fürsətini gozləyəcək. İnşallah, ilk qol “Qarabağ”dan gələr. Bundan sonra rəqib mütləq açılacaq. Bax, onda çempionumuzun işi asanlaşacaq, çünki istər-istəməz qonaqların müdafiəsində boşluqlar yaranacaq.

17 Noyabr 2019
16 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB