TOP 10

"Qoca"yla "körpə" əl-ələ verərək başlayır - moldovalıların qənimi də burdadı...

Futbol
Tarix: 2019-07-11 12:00

Bu gün Avropa Liqasındakı təmsilçilərimiz mübarizəyə başlayır. Sport24.az xəbər verir ki, 1994-cü ildə avrokuboklar marafonumuz məhz bu turnirlə başlayıb. Sadəcə, onda yarş UEFA Kuboku adlanırdı və 2009-cu ildən Avropa Liqasına çevrildi. 

 

Həmin turnirin I təsnifat mərhələsində mübarizəyə Premyer Liqamızda son mövsümün gümüş və bürünc medalçıları olan paytaxt klubları - "Neftçi"ylə "Səbail" başlayır. Avropa Liqasında daha bir təmsilçimiz olan "Qəbələ" isə ölkə Kubokunun qalibi olduğundan, mübarizəyə birbaşa II təsnifat mərhələsindən start götürəcək. 

 

"Neftçi" avrokuboklarda ən çox iştirak edən - 18-ci mövsümünə çıxacaq klubumuzdursa, "Səbail" debütantdı. "Dənizçilər" ölkəmizin avrokuboklarda 17-ci təmsilçisi kimi tarixə düşəcək. Bunadək son debütant 2017-ci ildə "Zirə" olaraq məhz by turnirdə I təsnifat mərhələsində "siftə" edərək ilk mərhələni keçə bilmişdi. "Səbail"ə isə o mənada çətin olacaq ki, rəqib güclüdü. Həm də Rumıniya klublarıyla düşəndə, bir qayda olaraq mübarizəni dayandırmışıq. Hələ 1998-ci ildə UEFA Kubokunda Bakı "Dinamo"su "Arceş"ə hər 2 oyunda yenilib - 1:5, 0:2. Bundan düz 10 il sonra "Neftçi" İntertoto Kubokunun son təsnifat mərhələsində "Vaslui"ni evdə 2:1 hesabıyla məğlub etsə də, səfərdə aldığı məğlubiyyətlə (0:2) mübarizəni dayandırıb. Halbuki, əksini bacarsaydı, Azərbaycan bu turnirin qalibi olaraq ilk dəfə avrokuboklarda 3 mərhələ keçəcəkdi. Nəhayət, həmin "Zirə" avrokuboklarda debüt mövsümündə ilk mərhələni keçəndən sonra "Astra"ya düşür və Rumıniyadan o da məğlub qayıdır - 1:3. Bakıdakı cavab matçı qolsuz bərabərliklə nəticələndiyindən, yenə mübarizəni dayandırırıq.

 

"Səbail" rumınları ilk olaraq qəbul edərək "ASCO Arena"da qarşısına çıxacaq. Bu, stadionun yeni adda avrokuboklarda "siftə"si olacaq. Çünki "Bayıl Arena"da vaxtilə "İnter" debüt edərək  mərhələ adlayıb.

 

"Səbail"dən 1 saat sonra - Bakı vaxtilə saat 21:00-da "Neftçi" mübarizəyə səfərdə başlayacaq. Rəqib avrokuboklarda ən çox üzləşdiyimiz ölkələrdən olan Moldovanın təmsilçisidi. Özü də debütant "Sperantsa". Nisporenı şəhərinin təmsilçisi öz stadionu hazır olmadığına görə rəqibini paytaxtda - Kişinyovda "Zimbru" stadionunda qəbul edəcək. 2000-ci illərdə Moldova klublarda avrokuboklarda "kabus"umuza çevrilmişdilər. "Nistru"yla "Olimpiya" "Xəzər Lənkəran"ı, "Tiraspol" "MKT-Araz"ı, "Daçiya" "Bakı"nı, "Zimbru" "Qarabağ"ı üstələmişdi. Ancaq 2012-ci ildən başlayaraq bu balansı xeyrimizə dəyişə bilmişik. Tilsim "İnter" "Tiraspol"u hər 2 matçda yenməsiylə (səfərdə 3:2, evdə 3:1) qırıldı. Ardından "Kəpəz" "Daçiya" ilə dueldən qalib ayrıldı - evdə 0:0, səfərdə 1:0. Özü də Kişinyovdakı matçda qələbə topunun müəllif yay fasiləsində "Neftçi"yə qayıdan braziliyalı yarımmüdafiəçi Dario Federiko olub. Yeri gəlmişkən, "Neftçi"nin müdafiəçisi olan Tural Axundov da həmin vaxt Gəncə klubunda idi..

 

Son 2 mövsümdə isə "Qarabağ"la moldovalıların "payını veririk".  Özü də onların neçə ildi ən güclüsü olan "Şerif"in. Ağdam klubu 2017-ci ildə məhz bu rəqibi keçərək (evdə 0:0, səfərdə 2:1) Çempionlar Liqasında pley-offa çıxan ilk təmsilçimiz oldu Məlumdu ki, sonda ilk dəfə qrupa da düşdük. Onda "Şerif"i "Neftçi"nin italiyalı hazırkı baş məşqçisi Roberto Bordin çalışdırırdı. Növbəti ilsə "Qarabağ" "Şerif"lə Avropa Liqasının pley-off mərhələsindən dueldən qalib ayrıldı - səfərdə 0:3, evdə 1:0. Göründüyü kimi, moldovalı keçdiyimiz zamanı səfərdən əksər halda qalib gəlmişik. 

 

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB