TOP 10

Moldova çempionu "Sperantsa"nın "Neftçi" qarşısında əsas üstünlüyünü göstərdi: "Bordinin bu qərarına özüm də təəccübləndim"

Futbol
Tarix: 2019-07-11 10:16

Moldova futbolu tarixində ən yaxşı oyunçulardan sayılan, çempionluğa, çoxsaylı titullara malik, çempionatının bombardiri də olmuş, millisinin heyətində Azərbaycan yığmasıyla yoldaşlıq görüşündə dubl edən Sergey Daduyla bunadək bir neçə dəfə telefonla ünsiyyət qurmuşdum. Bu dəfə onun Vətənində olduğunu biləndə görüşmək istəyərək, Kişinyovda qaldığım oteli soruşdu. "Vila Verde"yə baş çəkən 38 yaşlı keçmiş hücumçu, hazırda FİFA agenti olan Daduyla geniş söhbət etdim. Müsahibənin ilk hissəsi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunları çərçivəsində bu gün keçiriləcək "Sperantsa" - "Neftçi" dueliylə bağlı oldu. 

 

- "Neftçi" "Sperantsa"yla matçda şanslarınızı necə dəyərləndirərdiniz? Azərbaycan təmsilçisinin favorit, klubların büdcələri arasında böyük fərqin olması nə dərəcədə həlledici ola bilər?

- "Sperantsa" ilk dəfədi avrokuboklarda çıxış edir və həqiqətən "sirli qutu"du. Moldova çempionatından oyunu izləmişəm, tanıyıram. Uğurlu matçları da olub, uğursuzları da. Hazırkı məqamda "Sperantsa"nın bütün üzvləri - rəhbərlik, məşqçilər korpusu və futbolçular yaxşı başa düşür ki, bu, avrokuboklardı və hardasa özünü göstərmək olar. Məncə, "Neftçi"yə burda - Kişinyovda çətin olacaq.

 

- Hansı planda? Gəlin, detallı danışaq...

- Fikrimcə, burda söhbət məsələnin psixoloji tərəfindən gedir. Futbolçuları, komandanın özü ilk dəfə avrokuboklarda matça çıxır və bu döyüşkən ruh təmsilçimizin "Neftçi" qarşısında ən böyük üstünlüyü olacaq. 

 

- Ancaq digər tərəfdən, avrokubok təcrübəsinin olmaması faktı var. Bu, rəqibimizə mənfi təsir göstərməyəcək?

- "Sperantsa" bunu matça köklənməklə kompensasiya edəcək. İndi bu komandada elə bir köklənmə var ki, nəyin hesabına olursa-olsun tarixində ilk avrokubok qarşılaşmasında qalib gəlmək lazımdı. Başa düşürsünüz, bu, vacibdi və mənə görə, "Neftçi"ylə qarşılaşmada ən həlledici amillərdən biri olacaq. 

 

- "Sperantsa" doğma şəhərində yox, paytaxtda oynayacaq. Sizcə, Kişinyovda anşlaq olacaq?

- Ola bilər ki, olmasın, stadion tam dolmasın. Ancaq inanın mənə ki, insanlar stadiona gələcək. Bizdə futbolu sevirlər, üstəlik, "Sperantsa" kimi debütant komanda Avropada çıxış edəndə. Maraqlı olacaq, azarkeşlər oyununa gələcək. Stadion tam dolmasa da, görüşə maraq istənilən halda, olacaq.

 

- Ümumiyyətlə, bu klubu Moldovada sevirlər?

- İndi bu sualınıza cavab verə bilmərəm ki, sevirlər və ya əksinə, nifrət edirlər. Bizdə çempionatda az komanda var. Təbii ki, Moldovada bütün dövrlərin vahid lideri var - "Şerif". Bundan əlavə, "Milsami", "Petrokub", "Sperantsa" var ki, hansılar bu il ölkəmizi avrokuboklarda təmsil edirlər. Hər birinin öz azarkeşləri, fanatları var. Ancaq elə də insanlar var ki, sadəcə, futbola, Avropa Liqasının təsnifat mərhələsi matçına baxmağa gəlirlər. 

 

- Yaxşı, "Sperantsa"nın güclü və zəif tərəfləri üzərində dayanaq...

- Zəif tərəfi dediyiniz kimi, avrokubok təcrübəsinin olmamağıdı. Bir də ola bilər ki, bəzi futbolçularının oyun səviyyələri "Neftçi"dəkilərdən zəifdi. Ancaq indiki məqamda ən güclü tərəfi meydanda taktiki cəhətdən ağıllı hərəkəti olacaq. Hansını ki baş məşqçisi qarşıdakı görüşə seçəcək. Və təbii ki, əzmkarlıq. Fikrimcə, bu, "Sperantsa"da ən böyük faktorlardan biri olacaq. 

 

- "Sperantsa"nın prezidenti Petru Efros saytımıza müsahibəsində öz hücum xəttini "Neftçi"dən güclü saydı. Doğrudanmı, bu, belədi? Deyir ki, kamerunlu hücumçuyla moldovalı gənc forvardı bizimkilərdən üstündü...

- Bilirsiniz, "Neftçi"ni xüsusi izləməmişəm ki, onda hücumçu kimdi. 

 

- "Neftçi"nin əsas "qol silahı" bombardiri olan Baqali Dabodu. Ancaq o, zədə üzündən Kişinyovda meydana çıxmayacaq...

- İndi heç kimi müqayisə etmək istəmirəm ki, kim güclüdü, kim daha yaxşıdı. Mən özüm hücumçu olmuşam və həmişə ilk növbədə statistikaya baxmağa adət etmişəm ki, forvard nə qədər qol vurub. Hücumçu çox yaxşı ola bilər, ancaq heç bir qol vura bilməyib. 

 

- Həmin moldovalı çempionatınızda bombardirdi...

- Mənə aydın oldu ki, kimdən söhbət gedir - Maksim Yurku. Bəli, Moldova çempionatında qol vurur, söhbəti yoxdu. Ancaq Avropa Liqası tam başqa səviyyədi. Bu vəziyyətdə demək olmaz ki, Moldova çempionatında vurursa, hər yerdə bunu edəcək. Bu, artıq taktikadan, hansını seçəcəklərindən, necə oynayacaqlarından asılı olacaq. 

 

- Azərbaycanda "Sperantsa"yla bağlı əsas maraqlı mövzu klubun ailəyə məxsus olmasıdı. Efroslar yığınıdı - emosional klub prezidenti, ondan geri qalmayan oğul baş məşqçi, qohum kapitan. Bu, nə məsələdi? Moldovada əvvəllər belə praktika olub?

- Doğru qeyd etdiniz kimi, ata Efros emisonal insandı. Onunla uzun illərdi tanışıq. Oğlu Kristian Efros baş məşqçi kimi bu komandada debüt edib və onu Moldovanın yüksək liqasına çıxarıb. Moldova çempionatıyla bağlı artıq inkişafdı ki, ilk dəfə Avropa Liqasına çıxıblar. Bu, o deməkdi ki, ambisiyalı məşqçidi, futbola öz baxışı var. 

 

- Nədir oyun fəlsəfəsi?

- Bunu deyə bilmərəm. çünki komandalarında olmuram.

 

- Hər halda, kənardan hansı futbola üstünlük verdiyi görünür...

- Kənardan ilk növbədə emisonal olması diqqət çəkir. Hansı futbolu təbliğ etməsinə gəlincə, hər şey rəqibdən asılıdı. Bəzən "Şerif"lə müdafiə futbolu oynayır, bəzən də həmin "Şerif"lə dəliqanlı oyun nümayiş etdirir. Hücum edir, güclü rəqibdən qorxmur. Bəzən bu, alınır, bəzən də yox. 

 

- Sizcə, Kristian Efros "Neftçi"yə qarşı hansı taktikanı seçər?

- Bunu da demək mənə çətindi. Ancaq xarakeri olan, işini bilən mütəxəssisdi. 

 

- Petru Efros eyni zamanda sizin kimi futbol agentidi. Yaxşı oyunçu seçimi varmı?

- Bunu klubun imkanları daxilində edir. Başa düşmək lazımdı ki, maddi imkanları var, ancaq məhduddu. Bilirəm ki, kiçik büdcələri var, ancaq stabildi. Efros Moldova çempionatı üçün kifayət qədər yaxşı büdcə qurur. 

 

- Sizcə, Bordin faktoru kimin xeyrinə olacaq? Çünki moldovalılar deyir ki, necə o, bizi tanıyır, biz də onu, futbolunu beş barmağımız kimi tanıyırıq...

- Götürək Avropanın ən güclü məşqçilərini, məsələn Xosep Qvardiolanı, Karlo Ançelottini. Hər şey komandadan asılıdı. Bordin Moldovanın ən güclü klublarından "Şerif"də işləyib. Buna uyğun olaraq həmin komandann futbolçularının səviyyəsi bütün Moldovada çıxış edənlərdən üstündü. Götürək Bordini qoyaq bizim çempionatın zəiflərindən olan "Dinamo-Avto"nun baş məşqçisi postuna. Onda müqayisə etmək olar ki, necə məşqçidi. Hələ ki Boridn elə komandalarda işləyib ki, maddi durum yaxşıdı, yüksək səviyyəli futbolçuları var. Ola bilər ki, bizimkilər Bordini beş barmağı kimi tanıyırlar. Ancaq onlar "Neftçi"ni tanımırlar, bilmirlər ki orda hansı futbolçular çıxış edir. Onu da demək olmaz ki, Bordin burda hamını tanıyır, çünki Moldovada xeyli vaxtdı işləmir. Komandanın oyun üslubu isə dəyişə, yeni futbolçular gələ bilər. Bəli, Bordin burda "Şerif"lə çempionluq qazanıb, həmin "Sperantsa"nı məğlub edib. Ancaq hər şey dəyişir. Futbol bir yerdə dayanmır, heyət dəyişilir, yeni ideyalar gəlir. 

 

- Bordini Moldovada sevmirlər? Problem varsa, xatakteriylə bağlıdı?

- Bordinlə heç vaxt işləməmişəm, ünsiyyət qurmamışam, heç vaxt görüşməmişəm belə. Buna görə xaraktercə necə insan olduğunu deyə bilmərəm. Bütün matçboyu "texniki zona"da davranışlarına baxsaq, yetərincə emosional şəxsdi. Bir yerdə oturmur, qışqırır, komandasına motivasiya verir. Bunu görərək deyə bilərəm. Ancaq insan kimi necə olduğunu yox.

 

- Yaxşı tanıdığınız moldovalı futbolçu Petr Raku "Neftçi"də niyə möhkəmlənə bilmədi? Belə çıxır ki, millisinin üzvü olsa da, "Neftçi"nin futbolçularından geri qalır...

- Onunla bağlı vəziyyətin necə olduğunu bilmirəm. Ancaq səviyyəsinə görə "Neftçi"də çıxış etməyə layiq olduğunu deyə bilərəm. Ola bilər ki, həmin mövqedə daha güclü futbolçular var. Bunu sizlər daha yaxşı bilərsiniz, ən əsas da onu komandaya götürən Bordin. 

 

- Cəmi 2 matçda ona şans verdi...

- Özüm də buna təəccübləndim. Ya mövqeyində güclü futbolçular olub, ya da özü elə geriləyib ki, artıq "Neftçi" üçün yararlı olmayıb. 

 

- Hər halda, Bordinin sevimlisi olsaydı, onu daim heyətə qoyardı. Necə ki "Şerif"də bunu edirdi....

- Bu, artıq Bordinə aid sualdı. Onu heyətə qoymayacasansa, niyə götürəsən? Bunu başa düşmürəm.

 

- Aydındı ki, bir moldovalı olaraq "Sperantsa"ya azarkeşlik edəcəksiniz. Ancaq hər halda, "Neftçi"yə bir şey məsləhət verə bilərsiniz ki, nəyə xüsusi diqqət yetirsin?

- (gülür) Mən tərəfdən "Neftçi"yə nəsə arzulamaq düzgün olmazdı ki, ölkəmdə olan kluba qalib gəlsin. Yalnız onu arzulayardım ki, heç bir komandada zədə olmasın və gözəl futbol görək. Təbii ki, "Sperantsa"ya qələbə diləyirəm. Qarşı tərəfdə heç bir inciklik olmasın. Hər halda, öz ölkəmin komandasının qələbəsini istəməyim daha düzgün olardı.

 

- Ancaq real olaraq "Neftçi"ni daha şanslı görürsünüz?

- Axmaq adamlar deyilik. Hamımız real olaraq yaxşı başa düşürük ki, "Sperantsa" bu turnirdə yenidi, heç bir təcrübəsi yoxdu. "Neftçi"nin isə belə təcrübəsi çoxdu. Həm də futbolçuları bir az daha səviyyəlidi. Ancaq bu, futboldu, hər şey ola bilər. Hər şey komandaların köklənməsindən asılı olacaq. Yəni rəqibə yuxarıdan aşağı baxmaq olmamalıdı. 

 

 

MEHMAN SÜLEYMANOV

22 Sentyabr 2019
21 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB