TOP 10

“Qarabağ”dan sönük start: ümid edək ki...

Futbol
Tarix: 2019-07-11 00:00

“Qarabağ” mövsümü ənənəvi formada açdı.  Azsaylı transfer, məhdud oyunçu seçimi imkanı, topa nəzarət və azsaylı qol imkanları. Çempionumuzun Albaniya səfəri barədə geniş fikir bildirmək olmur. Əlbəttə, nəticə möhtəşəm deyil, amma qolsuz bərabərliyi fiasko kimi də qələmə vermək düzgün deyil.

 

Azərbaycan çempionu 90 dəqiqə ərzində bir real qol imkanı yarada bildi ki, o da yan xətt hakiminin ofsaytda olan Abbas Hüseynov üçün bayraq qaldırmadığı anda. Ancaq cinah müdafiəçisinin ötürməsindən sonra Filip Ozobiç topu boş qapıya yox, tirə vuraraq havalara göndərdi.

 

Bəli, ilk 45 dəqiqə ağdamlıların diqtəsi altında keçdi. Ancaq böyük qüvvəylə müdafiə olunan “Partizani” təmsilçimizin eynitipli, aşağısürətli hücumlarının qarşısını almaqda çətinlik çəkmirdi. “Avtobus”a qarşı ən keyfiyyətli məlhəm sayılan cinah hücumları və uzaqdan zərbələrə isə rast gəlmirdik. 

 

Düşünmək olardı ki, fasilədən sonra qonaqlar tempi artıracaq və bunun nəticəsində rəqibin müdafiə redutları silkələnəcək. Ancaq ikinci yarının əvvəlində ən çox adından söz etdirən “süvarilər”in hücum xəttinin oyunçuları yox, Vaqner da Silva oldu. Braziliyalı əlcək sahibi iki dəqiqə ərzində iki dəfə əla reaksiya nümayiş etdirməklə komandasını real qoldan xilas etdi. Bu iki epizodun arasında isə meydan sahibləri künc zərbəsindən sonra baş zərbəsi ilə Vaqnerin qoruduğu qapının tirinin möhkəmliyini yoxladı.

 

Doğrudu, bundan sonra Qurban Qurbanovun yetirmələri yenidən meydanda dominantlıq edən tərəf idi. Ancaq komandamızın hücumda faydalı iş əmsalı “0” idi. Manevr üçün oyunçuların olmaması isə baş məşqçinin işini daha da qəlizləşdirirdi. Matçın 61-ci dəqiqəsində döyüşə atılan komandanın yeni transferi Xayme Romero sağ cinahda cüzi canlanma yaratsa da, bu, tablodakı “0”-ları dəyişmək üçün yetərli deyildi. Elə Albaniya çempionunun müdafiəçiləri arasında itən Mahir Emrelini əvəzləyən Araz Abdullayev də əlahiddə heç nə ilə yadda qalmadı.

 

Beləcə, topa nəzarətdə üstün, rəqib qapısı ağzında yaradılan real imkanların sayına görə isə uduzan “Qarabağ” Tiranadan qolsuz bərabərliklə qayıdır.

 

Bəli, çempionumuz həmişə mövsümün ilk oyununda ideal futbolunu sərgiləmir. Bəli, onsuz da keyfiyyətsiz ot örtüyü yağan yağış nəticəsində bostanlığa bənzəyirdi. Bəli, səfərdə əldə olunan bərabərlik faciə deyil. Bütün bu faktorları qəbul etmək şərti ilə “Partizani”nin məğlubedilməz olmadığını vurğulamalıyıq. Deməli, bu nəticə “Qarabağ”ın passivinə yazılmalıdır. Ümid edək ki, 1 həftə sonra çempionumuz sensasiyaya imkan verməyəcək.
 

 

 

CEYHUN ƏLİYEV

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB