TOP 10

Diniyevin versiyası: “Neftçi” mərhələni adlayacaq, “Səbail”in Bayıl üstünlükləri

Futbol
Tarix: 2019-07-10 17:00

Avropa Liqasındakı təmsilçilərimizlə bağlı mütəxəssis rəyi öyrənmək üçün millimizin sabiq baş məşqçisi, hazırda AFFA Məşqçilər Komitəsinin üzvü olan Şahin Diniyevi seçməyimiz səbəbsiz deyil. Belə ki, 53 yaşlı mütəxəssisin hələ futbolçu karyerası dövründə çıxış etdiyi klublar arasında Moldova da olub. Bu, 1989-cu ildə SSRİ çempionatında 7 matçda 1 qol vurduğu Kişinyov "Nistru"sudu. "Neftçi"ni də sabah Moldova paytaxtında sınaq gözləyir. Moldova futbolua yaxşı bələd olan Diniyevlə söhbətimizdə həm "ağ-qaralar"ın "Sperantsa"yla səfər görüşündə, həm də avrokuboklarda debüt edəcək "Səbail"in Rumıniya "Universitatya Krayova"sıyla Bakıdakı matçda şanslarını dəyərləndirdik. 

 

 

“2:1 qalib gəlməkdənsə, 0:0 daha yaxşıdı”

 

- Təqribən sentyabrda klublarımızın avrokubokdakı oyunları haqda danışmaq daha asan olur. Çünki çempionat artıq start götürmüş olur və komandanın potensialına bələd olursan. İndiki vəziyyətdə isə “Neftçi”ni rəsmi oyunlarda görməmişik. Toplanışı yenicə başa vurmuş komandanın müdafiədə, hücumda hansı səviyyədə olmasını bilmək olmur. Digər tərəfdən də “Sperantsa” nə “Şerif” deyil, nə “Nistru”, nə də “Daçiya” ki, yaxından bələd olaq. Bir sözlə, bu komanda “torbada pişik”di. Bəli, müqayisədə, Moldova çempionatı Azərbaycan çempionatından zəifdir. Ancaq bu məqamı vurğulayım ki, “Neftçi” hazırda ölkə çempionatında iştirak etmirsə, Moldovada ölkə birinciliyi davam edir və bu, “Sperantsa”nın həftəlik  tsiklə düşməsi deməkdi. Bu da şansları müəyyən mənada bərabərləşdirir. Ancaq istər maddi tərəfdən, istər futbolçuların potensialı, istərsə də tarix və təcrübə - bütün komponentlərdə “Neftçi” qat-qat üstündü. Buna baxmayaraq, unutmaq olmaz ki, futbolda üstünlük yalnız kağız üzərində olur. Kubok oyunlarının yazılmamış bir qanunu var: səfər komandası qol vurmağa çalışmalı, meydan sahibi isə qapısının toxunulmazlığını qorumağa səy göstərməlidir. İnanın mənə, evdə 0:0 2:1 qalib gəlməkdən daha sərfəlidir. 

 

- Üç mövsüm öncə “Kəpəz”lə “Daciya” səddini eyni ssenariyə keçdiniz: evdə qolsuz bərabərlik, səfərdə 1:0 hesablı qələbə...
- Bu, Şahin Diniyevin ixtirası deyil. Yuxarıda qeyd etdiyim kimi, avrokubokların yazılmamış qanunudur. Əlbəttə, biz də taktikanı buna uyğun qurmuşduq. Evdə başlıca məqsədimiz qol buraxmamaq idi. Səfərdə isə psixoloji cəhətdən üstün olursan. Çünki meydan sahibi təqribən 15 dəqiqədən sonra taktiki tapşırıqları unudulur və tələsməyə başlayır ki, qol vursun. Bu baxımdan “Neftçi” üçün Moldovada qol vurmaq olduqca vacibdir.

 

- Qeyd etdiniz ki, “Neftçi”ni iş başında görməmisiniz. Ancaq komandaya transfer edilmiş futbolçuların hamısı Azərbaycanda çıxış ediblər və bizim futbola bələddirlər. Hesab edirsiniz ki, bu üstünlüyə rəğmən, “ağ-qaralar”ın debütantları komandaya hələ də adaptasiya olmaya bilərlər?
- Çempionat ayrı, komanda ayrı. Hesab edirəm ki, heyətə uyğunlaşmaq üçün onlara müəyyən zaman tələb olunacaq. Götürək Stiven Monrozu. Fransalı futbolçu “Qəbələ”də çox effektiv idi. Ancaq hansı hallarda? Komanda əks-hücum qurarkən. “Neftçi” isə daha çox mövqe hücumları quracaq. Belədə, Monroz nə dərəcədə effektiv olacaq? Bunu bilmirik. 

 

- Bəs Dario Federiko necə, o, effektiv olacaqmı? Həmin Dario ki, vurduğu qolla moldovalıları “Kəpəz”in heyətində “dəfn etdi”.
- Dario başqa məsələ! Qeyd etdiyim kimi, “Neftçi” daha çox mövqe hücumlarında olacaq və belədə, birəbir mübarizələrdə vizavizisindən sıyrıla biləcək oyunçulara ehtiyac yaranacaq. Çünki rəqibindən sıyrıldınsa, hücumda say üstünlüyü qazanırsan. Dario da məhz bu istedadı ilə seçilir. Başqa sözlə, ondan düzgün istifadə olunsa, çox faydalı olacaq. 

 

- “Neftçi"yə dair son sual. Sabahkı matça proqnozunuz?
- İlk oyuna proqnoz vermək çətindir. Ancaq iki oyunun nəticəsinə görə, “Neftçi” mərhələni adlayan tərəf olacaq.

 

 

"Mən “Səbail”in ilk oyundakı üstünlüklərindən danışım..."

 

- "Səbail" avrokubokların debütantı, rəqibi isə güclü....

- Bu fikirlə razı deyiləm ki, “Səbail" üçün rəqib keçilməzdi, yaxud “Universitatya” ən arzuolunmaz rəqibdir. Belə olsaydı, onlar yarışa I təsnifat mərhələsindən qatılmazdılar. Gəlin, Rumıniya təmsilçisini çox şişirdib, təmsilçimizi oyundan əvvəl məğlubiyyətlə barışmağa sövq etməyək. Kimin daha güclü olması iki oyunun nəticəsindən sonra bilinəcək. Hər iki komanda hazırlığa eyni vaxtda başlayıb. Hesab edirəm ki, “Səbail”dəki futbolçuların potensialı rəqibin oyunçularından dəhşətli dərəcədə aşağı deyil. 

 

- Şahin müəllim, “Universitatya”nın büdcəsi 9 milyon avro təşkil edir...
- Bu gün pul hər şeyi həll etmir. Birincisi, bu vəsaitdən necə istifadə olunması önəmlidi. İkincisi də ki, bu fərq çempionat matçlarında, yəni uzun marafonda özünü qabarıq formada büruzə verir. Avrokubok dueli isə iki oyundan ibarətdi. Bu cür qarşılaşmalarda ön plana taktika çıxır. Belədə, digər şərtlər arxa plana keçir. 

 

- Nikbinliyiniz daha çox Aftandil Hacıyevə güvənməyinizdən qaynaqlanır, yoxsa “Səbail”in futbolçularına inamınız hədsizdi?
- Gəlin, məsqçi-futbolçu bolgüsü aparmayaq. Çünki “Neftçi”dən də vahid mexanizm kimi danışdıq. Mən ümumi komandanı nəzərdə tutub danışdım.

 

- Sizcə, “Səbail”in hansı futbolçusu “Universitatya”nı təəccübləndirməyə bacarar?
- Mən “Səbail”in ilk oyundakı üstünlüklərindən danışım. Oyun süni örtüklü meydançada keçiriləcək. Rumınlar üçün bu, əlverişsiz örtükdü. Havanın isti olması da təmsilçimizə sərf edən məqamdır. Nəhayət, bürünc medalçımızın evdə daha uğurlu çıxış etməsi pozitiv düşüncələrə rəvac verir. Mövzuya girərkən bəlkə də bir qədər aqressiv danışdım. Bu da ondan qaynaqlanır ki, hər kəs “Səbail”i əllərini yuxarı qaldırıb təslim olmağa yönəldir. Özündən əvvəl bu cür əhval-ruhiyyə yaratmaq düzgün deyil.

 

- "Səbail”in bir özəlliyi diqqətimi çəkir. Əksər klublarımız hücum xəttində əcnəbiləri oynadır, yerli futbolçuları isə ancaq müdafiədə görürlər. “Dənizçilər”də isə bunun əksini görürük: Ağabala Ramazanovdan sonra Mirabdulla Abbasov da ön xəttə yer alacaq. Sizcə, bu uşaqlar müsbət effekt verə biləcəklərmi?
- “Sarı sim”ə toxundunuz. Birincisi, futbolda etibarlı müdafiə aqressiv hücumdan heç də az önəm kəsb etmir. İkincisi, həm Ağabala, həm də Mirabdulla milli komandamızın üzvləridi. Ölkəmizdə çıxış edən legionerlərin çoxundan da zəif deyil bu uşaqlar. Hər iki futbolçu bənzər üslubda oynayır - topla yaxşı davranırlar, sürətləri hesabına müdafiəçilərdən sıyrılmaq bacarığına malikdirlər. Bayaqdan Krayova təmsilçisinin güclü olmasını müzakirə edirik. Belədə, təmsilçimiz “2-ci nomrə”ylə oynayacaq və deməli, oyunu əks-hücumlar üzərində quracaq. Bu şərtlər altında isə həm Ramazanov, həm də Abbasov üstün tərəflərini göstərə bilərlər. 

 

- Yenə də son sual: proqnozunuzu bilmək istəyərdik...
- ilk oyunu gördükdən sonra proqnoz vermək asanlaşır. Bayaq Azərbaycanla Moldova çempionatını müqayisə etmişdik və üstün tərəf özümüzü göstərmişdiksə, bu dəfə Rumıniya çempionatının daha üstün olduğunu etiraf etməliyik. Ancaq ilk oyun Bakıdadır və belədə, “Səbail”in müdafiədə etibarlı oynaması ön plana çıxa bilər. Meydança da sünidi, deməli, nələrsə yaratmaq olar.
 

 

 

CEYHUN ƏLİYEV

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB