TOP 10

"Neftçi" üçün yeni, Bordinə tanış ölkəyə 22 futbolçuyla - ötənilki uğursuz təcrübədən çıxarılan nəticə

Futbol
Tarix: 2019-07-10 13:37

Avrokuboklarda ən çox - 17 mövsüm keçirən təmsilçimiz olan "Neftçi". 1995-cü ildə debüt etdiyi avrokuboklarda 18-ci mövsümünü Kişinyovda açır. Özü də ilk dəfə Moldova klubuyla qarşılaşmaqla. Bunu həmin ölkədə "Şerif"lə 2 il çalışaraq hər 2 mövsümdə çempion etmiş italiyalı mütəxəssis Roberto Bordinlə etmək nəsib imiş. Rəqib isə onun yaxşı tanıdığı, Moldova çempionatında əksər vaxt qalib gəldiyi, avrokuboklarda debüt edən "Sperantsa"dı. Niskomentı şəhərinin təmsilçisi stadionu təmirdə olduğundan qitəmiqyaslı turnirdə "siftə"sini paytaxtda - "Zimbru" stadionunda edəcək. 

 

Avropa Liqasının I təsnifat mərhələsində bu matçın keçiriləcəyi Kişinyova getmək üçün dünən günün böyük hissəsini yolda olduq. "Neftçi"nin sponsorlarından olan Türk Hava Yollarının Bakı-İstanbul-Kişinyov reysilə səfərə çıxan nümayəndə heyətində KİV nümayəndələriylə yanaşı, PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev də vardı. Matçı canlı yayımlayacaq "CBC Sport"un əməkdaşları da Moldova paytaxtına ezam olunublar.

 

Komandayla birgə səfər çıxmaq futbolçulardan müsahibə, açıqlama imkanı yaratmaq imkanı yaradır. Təbii ki, baş məşqçinin oyundan 1 gün öncə mətbuat konfransı olacağından, onun fikirlərini istər-istəməz həmin vaxtadək gözləməli olursan. Ancaq Bordinin oyunçulara qadağası əl-qolumuzu bağladı. Əslində, italiyalı mütəxəssis bunu bir neçə gün öncədən futbolçularının qarşıdakı vacib matça rahat hazırlaşması, konsentrasiyasının pozulmaması məqsədilə edib. Hər halda, Macarıstanda "Uypeşt"lə bağlı ötənilki uğursuz təcrübə - 0:4 hesablı məğlubiyyət var. Elə klub rəhbəriliyi də mətbuata daha sonra danışmağı məqsədəuyğun saydı. 

 

Futbolçulardan söz düşmüşkən, Bordin səfərə 22 nəfər aparıb. Ancaq onlardan komandanın aparıcı üzvləri olan - haitili yarımmüdafiəçi Sonni Mustivarla fransalı hücumçu Baqali Dabonun zədə üzündən Kişinyovda meydana çıxa bilməyəcəkləri əvvəldən bəlli idi. Ancaq onlar istənilən halda, düşərgədirlər və hazırda komanda yoldaşlarına mənəvi dəstək verirlər. Bu ikiliklə bağlı əldə etdiyimiz son məlumata görə, Mustivarin sağalma prosesi daha sürətlə gedir. Təsadüfi deyil ki, Soni Bakıya qayıdan kimi artıq komandayla hazırlıqda iştirak edəcək. Ancaq Baqaliylə bağlı bunu deyə bilməyəcəyik və onun tam sağalması üçün hələ bir müddət də gözləməli olacağıq. Türkiyə hazırlığı zamanı sol ayağında hematoma aşkarlanan Dabo İtaliyaya müayinəyə yollanaraq kiçik əməliyyat olundu. Həkimlər fransalı bombardiri iyulun 18-də "Bakcell Arena"dakı cavab matçına tam sağaltmağa çalışırlar.

 

"Neftçi"nin oyuna hazırlaşan 20 futbolçu arasında 3 gənc oyunçu var. Ancaq onlar daha əvəzedici yox, əsas komandanın üzvləri sayılırlar. Söhbət U-19 yığmamızın da üzvləri olan yarımmüdafiəçilər - Turan Vəlizadə, Vüsal Əsgərov və İsmayıl Zülfüqarlıdan gedir. Onlar arasında daha tanınmış olan, vaxtilə "Fənərbaxça"nın formasını geyinmiş Turan əslində, ötən mövsüm də əsas komandada idi, Premyer Liqa matçlarımızda heyətdə yer alırdı. Əsgərov da vaxtilə "Neftçi"nin əsas komandasına cəlb olunub, sonra əvəzedici heyətə göndərilərək yaxşı çıxışla özünü doğruldandan sonra qaytarılıb.

 

İsmayılı isə Bordinə köməkçisi Füzuli Məmmədov tövsiyə edib və Türkiyədəki yay təlim-məşq toplanışına cəlb olunaraq diqqət çəkib. Təsadüfi deyil ki, Bakıya qayıdandan sonra klubun yetirməsi olan Zülfüqarlıyla müqavilə müddəti 5 illik artırılıb. Onu da bildirək ki, hər 3 gənc futbolçu hücumameylli oyunçulardı. İsmayılla Turan yarımmüdafiənin mərkəzində, Vüsal isə cinahlarda çıxış edir. Bordinin klubun yetirmələrinə az şans vermədiyini görmüşük ki, belələrindən olan Ömər Buludov artıq əsas heyət oyunçusuna çevrilib. 

 

"Neftçi"nin "Sperantsa"yla matça hazırlaşan heyətdə əsas oyunçular - 17-lik aşağıdakılardı:

 

Qapıçılar: Səlahət Ağayev, Aqil Məmmədov, Kamran İbrahimov

 

Müdafiəçilər: Mamadu Mbodj, Kiril Petrov, Vojislav Stankoviç, Anton Krivotsyuk, Tural Axundov, Ömər Buludov

 

Yarımmüdafiəçilər: Emin Mahmudov, Mamadu Kone, Vangelas Platellas, Namiq Ələsgərov, Rəhman Hacıyev, Dario Federiko 

 

Hücumçular: Stiven Monroz, Rauf Əliyev

 

Hələ dünən axşam Kişinyov bizi sərin havayla qarşıladı. Ancaq Moldovada rütubət olduğundan havaların yetərincə isti, hətta 35-40 dərəcə olması diqqətimizə çatdırıldı. Bu axşam isə hər iki komanda "Zimbru"da oyunöncəsi son məşqə, baş məşqçiləri mətbuat nümayəndələri qarşısına çıxacaq. 

 

 

 

MEHMAN SÜLEYMANOV, Bakı-Kişinyov

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB