TOP 10

"Qarabağ"la Ağayevi məyus edən, "Xəzər Lənkəran"ı sevindirən, "Moldova kabusu"nu qırdığımız gün

Futbol
Tarix: 2019-07-10 15:30

Azərbaycan avrokuboklarda 6-cı dəfə 10 iyul tarixində matç keçirəcək. Sport24.az xəbər verir ki, bu, ölkəmiz üçün qitəmiqyaslı turnirlərdə yeni - 2019/20 mövsümündə start olacaq. "Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsində Tiranada "Partizani"ylə qarşılaşacaq. 

 

Bugünkü tarixdə ilk matç elə "Qarabağ"la bağlıdı. Ancaq bu, heç də uğurlu olub. Əksinə, Ağdam klubu avrokuboklar tarixində ən ağır məğlubiyyətlərdən birini - 1999-cu ilin iyulun 10-da İntertoto Kubokunun II təsnifat mərhələsinbub cavab matçı çərçivəsində Fransada "Monpelye"dən alıb - 0:6. Onda komandanı Böyükağa Ağayev çalışdırırdı, hazırkı məşqçisi Müşfiq Hüseynov isə liderlərindən idi.

 

Maraqlıdı, bundan 5 il sonra iyulun 10-da yenə Ağayev yenə İntertoto Kubokunun II təsnifat mərhələsinin cavab görüşünə komanda çıxarır. Ancaq bu dəfə Bakıda, özü də "Qarabağ"ı yox, "Xəzər Universiteti"ni. O vaxt "Şəfa", indi "ASK Arena" adlanan stadionunda Finlandiyanın "Tampere Yunauted" klubuyla keçirilən cavab matçını Elmar Baxşıyevin 85-ci dəqiqədə vurduğu qolla 1:0 hesabıyla qalib başa vursaq da, səfərdə 0:3 hesabıyla uduzduğumuzdan mübarizədən kənar qalırıq. 

 

2012-ci ilin 10 iyul tarixi isə avrokuboklarda ən uğurlu günlərimizdən biri olur. Çünki artıq tarixin yaddaşına köçən "Xəzər Lənkəran" həmin gün ilk dəfə mərhələ adlayır. Bu, Avropa Liqasının I təsnifat mərhələsində Estoniyada "Nomme Klayu" klubu ilə cavab qarşılaşması olur. Millimizin sabiq futbolçuları olan Ruslan Abışovla (41-ci dəqiqə) Branimir Subaşiç (85-ci dəqiqə) vurduqları qollarla bu tarixi qələbənin əsas memarları olurlar. Bu, Yunis Hüseynovun baş məşqçiliyi dövründə gerçəkləşir. 

 

Nəhayət, 2014-cü il. Onda iyulun 10-da Avropa Liqasının I təsnifat mərhələsində 2 matçımız olur. "Qəbələ" avrokuboklarda ilk səfər görüşünü bugünkü tarixdə keçirərək Bosniya və Herseqovinadakı cavab oyununda "Şiroki Briyeq"ə 0:3 hesabıyla uduzur. Qəbələdəki ilk matç 0:2 hesabıyla yenildiyimizdən, mübarizədən kənar qalırıq. Həmin vaxt "Qəbələ"nin baş məşqçisi rumıniyalı Dorinel Muntanu idi. 

 

"İnter" (hazırkı "Keşlə) isə həmin gün Bakıda cavab matçına çıxır. Rəqib Moldovanın "Tiraspol" klubu idi. "Şəfa"dakı görüş təmsilçimizin 3:1 hesablı əzmkar qələbəsiylə yekunlaşır. Matçın artıq 6-cı dəqiqəsində hesabda geri düşən Kaxaber Tsxadadzenin komandası son 11 dəqiqədə geridönüş edir. Arif Daşdəmirov 83-cü dəqiqədə hesabı bərabərləşdirir, bundan 4 dəqiqə sonra baş məşqçinin oğlu Baçana Tsxadadze penaltidən "İnter"i hesabda irəli çıxarır. 90+1-ci dəqiqədə isə Mirağa Hüseynpur oyunda son nöqtəni qoyur - 3:1. "İnter" səfərdə də qalib gəldiyindən (3:2) mərhələ keçir. Bu, Azərbaycanın Moldova klublarıyla avrokuboklarda duellərində nəhayət, ilk dəfə mərhələ adlamasıyla tarixə düşür. 

 

15 Noyabr 2019
14 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB