TOP 10

Mütəxəssis fikri: “Əminəm ki, Tiranada “Qarabağ” 1 və ya 2 qol vuracaq”

Futbol
Tarix: 2019-07-09 15:51

Sabah “Qarabağ” UEFA Çempionlar Liqasında mövsümün debüt matçına çıxacaq. Səfərdə Albaniya çempionu “Partizani”nin qonağı olacaq ağdamlıların şansları barədə fikirlərini öyrəndiyimiz “Qarabağ”ın və millimizin sabiq kapitanı Aslan Kərimov Sport24.az-a verdiyi müsahibədə Qurban Qurbanovun komandasının mərhələni adlayan tərəf olacağına şübhə etmədiyini bildirdi.
 

- Həm kağız üzərində, həm də reallıqda “Qarabağ” cütlüyün aşkar favoritidi. Söhbət həm ifaçılar, həm maddi, həm də texniki imkanlardan gedir. Elə albaniyalıların baş məşqçisinin verdiyi açıqlamada da çempionumuzdan çəkindikləri aşkar hiss olunur. Onların oyunu “2-ci nomrə”ylə oynayacaqlarını deməsi çox şeydən xəbər verir. Hesab edirəm ki, “Qarabağ” Albaniya çempionunu rahatlıqla keçəcək.


- Necə düşünürsüz, ilk oyunu səfərdə keçirəcək “Qarabağ” cütlüyün taleyini Albaniyada həll etməlidir, yoxsa ehtiyatlı davranıb döyüş episentrini Bakıya daşımalıdır?
- Əlbəttə, səfərdə oynayan komanda ilk görüşdə elə bir nəticə əldə etməyə çalışır ki, cavab qarşılaşması öncəsi özünü komfort hiss etsin. Zənnimcə, Tiranada 1 qol vurmaq “Qarabağ” üçün məsələnin böyük ölçüdə həlli deməkdi. Əlbəttə, mövsümdə ilk rəsmi oyundu, yeni transfer komandaya uyğunlaşmaya bilər, futbolda istənilən nəticə qeydə alına bilər. Bu nüanslar yekunda bərabərliyə də gətirə bilər. Ancaq mən belə fikirləşirəm ki, bu ehtimal 20-30 faizdi. Proqnozum, daha real gördüyüm - “Qarabağ”ın səfərdən qələbəylə dönəcəyidi.

 


- Bəşir Səfəroğlunun iştirak etdiyi məşhur səhnəcik düşdü yadıma, rinqdə hər iki boksçu bir-birinə “vur-vurum” deyir. Belə bir ssenari gozləyirsinizmi ki, meydan sahibləri də, ağdamlılar da hucuma meyl etməsinlər və 90 dəqiqə ərzində “vur-vurum” desinlər?
- İlk oyundu. Fikrimcə, tərəflər oyuna kifayət qədər ehtiyatlı başlayacaqlar. Sadəcə, hansı tərəf daha çox səhvə yol versə, rəqib bundan istifadə edir. “Qarabağ”ın heyətində təcrübəli oyunçular yetərincədir. Top meydan sahiblərində olanda istər-istəməz “doğma divarlar” onları açılmağa sövq edəcək. Bu cür situasiyalar mütləq yaranacaq və çempionumuz bundan istifadə edərək qol vura bilər. Özü də “Qarabağ” artıq böyük qüvvəylə geridə oturan müdafiə xəttini də yarmağı bacarır. Çünki belə təcrübəni ölkə çempionatında qazanıb: keçirdiyi oyunların 90 faizində klublarımız onlara qarşı məhz “avtobus” qururlar. Bütün bu faktorlar belə düşünməyə əsas verir ki, komandamız fərqlənməkdə çətinlik çəkməyəcək. 


- “Qarabağ”ın iki probleminə də toxunmaq istəyərdim. Başlayaq müdafiə xəttindən. Aylton transfer olunsa da, cəzalıdı və ən yaxşı halda 2-ci mərhələnin cavab oyununda iştirak edə bilər. Gerye Afrika Millətlər Kubokunda iştirak etdiyindən, təlim-məşq toplanışında olmayıb. Bədavi Hüseynov zədəlidir. Yakub Jezniçak göndərildi və həmin movqeyə futbolçu alınmayıb. Qurban Qurbanovun seçimi məhdudlaşıb. Faktiki müdafiədə Rəşad Sadıqov, Rahil Məmmədov, Maksim Medvedev və Abbas Hüseynovdan başqa heç kəs yoxdu. Doğrudur, Gerye bəlkə də oynayacaq, alternativ kimi Qara Qarayev müdafiəyə çəkilə bilər, ancaq birbaşa ümid bəslənilən cəmi 4 müdafiəçi var. 
- Əlbəttə, bu, bir siqnaldı. Ancaq hesab edirəm ki, bu faktorlar daha güclü rəqiblə oyunda öz əksini tapa bilər. Söhbət 2-ci, 3-cü mərhələdən gedir. Məsələn, Polşa təmsilçisi ilə qarşılaşma olsaydı, “həyəcan təbili”ni çalmağa dəyərdi. Ancaq “Partizani”nin oyun keyfiyyətini nəzərə almalıyıq. Bu, elə rəqib deyil ki, 3 dəfə əks-hücum şansı yaxalayacaq, 3-nü də məntiqi sonluğa çatdıra biləcək. Məgər “Qarabağ” daxili çempionatda müdafiədə səhvsiz oynayırdı? Əlbəttə ki, yox. Sadəcə, rəqibləri bu imkanlardan istifadə etməkdə çətinlik çəkirdilər. Albaniya çempionunun futbolçuları da elə bir potensial sahibi deyillər ki, əllərinə düşən fürsətdən dərhal faydalana bilsinlər.


- İkinci məqam isə iştirak ərizəsində yalnız bir forvard - Mahir Emrelinin olmasıdı...
- İspaniyalı Hayme Romero bildiyim qədəri ilə hücumçu mövqeyində də oynaya bilir. Ümumilikdə isə bu mərhələyə görə narahatçılığım yoxdu. “Qarabağ” hansı heyətlə oynamasından asılı olmayaraq, bu mərhələni adlanacaq. Ancaq daha mühüm məqsədlər - ÇL-in, yaxud AL-in qrupuna düşmək istəyən komanda ən azından Dino Ndlovu səviyyəsində bir forvardı sıralarına qatmalıdı. Bunu klub rəhbərliyi də, məşqçi heyəti də gözəl bilir ki, mütləq bir vuran ayağa ehtiyac var. 


- Son sualdı, mütəxəssislər sevməsə də, verəcəyik: sabahkı görüşdən hansı nəticəni gözləyirsiniz?
- Konkret hesab demək çətindir, amma əminəm ki, “Qarabağ” Tiranada 1, və ya 2 qol vuracaq. Konkret proqnoz istəyirsinizsə, 3 nəticə deyim: 1:0, 2:0, 2:1. Kimin xeyrinə? Əlbəttə, “Qarabağ”ın!

21 Noyabr 2019
20 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB