TOP 10

Ayaz Quliyevi millimizə gətirmək üçün ƏN İDEAL VƏZİYYƏT

Futbol
Tarix: 2019-07-05 11:26

Ayaz Quliyev Moskva “Spartak”ının əvəzedici komandasına göndərilib. Hazırda Rusiya vətəndaşlığını daşıyan soydaşımız millimizə dəvəti qəbul etməyə tələsməyərək, şimallıların 1 nömrəli komandasının formasını geyinmək istədiyini gizlətməyib. Bunun üçün əsası da var. Rusiyanın U-16 yığmasından başlayaraq 21 yaşlılarınadək dəvətləri sıralayıb. 2015-2018-ci illərdə U-21-də 22 oyun keçirib, yarımmüdafiəçi olsa da, 4 qola imza atıb. 

 

Ancaq indi vəziyyət fərqlidi. Quliyev aşağı liqaya göndərilib. Daxili çempionatın Birinci Divizionunda çıxış edən çoxmu futbolçu əsas milliyə dəvət alıb? Əlbəttə, istisnalar olub, var, olacaq da. Ancaq real durum belədir ki, indi Ayazın Rusiya millisinə dəvət alması real deyil. Son mundialın 8 ən yaxşısı sırasına düşən ruslarda seçim imkanı kifayət qədər genişdir. Belədə, baş məşqçi Stanislav Çerçesovun Milli Federal Liqasına (MFL) boylanacağı real görünmür.

 

Doğrudu, soydaşımız Rusiyanın hansısa Premyer Liqa təmsilçisinə icarəyə də verilə bilər. Belədə, o, yenə də Rusiya millisinin məşqçilər korpusunun diqqət mərkəzində ola bilər. Ancaq bütün bunlar yalnız müəyyən hadisələr baş verəcəyi təqdirdə yaşana bilər. Ona hansısa klub göz qoymalı, daha sonra “Spartak”a müraciət etməli, “qırmızı-ağlar” buna razı olmalı, müqavilə şərtləri Quliyevi qane etməli, yarımmüdafiəçi yeni komandasında mütəmadi olaraq start heyətinə düşməli, sərgilədiyi futbolla Rusiya millisinin məşqçilər korpusunun diqqətini çəkməli və bundan sonra bəlkə dəvət almalı...

 

Göründüyü kimi, bütün bu şərtlərin həyata keçməsi üçün “xoşbəxt ulduz altında” doğulmaq lazımdı. Hələliksə ulduzlar Quliyevi MFL-ə “məsləhət görüblər”.

 

Bu da milli komandamızın qapılarının onun üzünə açılması üçün əla fürsətdir. Çünki analoji vəziyyət digər soydaşımız - Ramil Şeydayevlə də yaşanmışdı. O da vaxtilə Rusiyanın aşağı yaşlı milli komandalarının şərəfini qorumuşdu. O da klub karyerasında narazı vəziyyətə düşmüşdü.

 

Quliyev də klubundakı vəziyyətdən narazıdı? Buna zərrə qədər şübhəmiz yoxdu. Əsas komandadan ikinci heyətə göndərilən heç bir futbolçu klubundakı vəziyyətdən razı ola bilməz.

 

Deməli, Quliyevi milliyə cəlb etmək üçün ən ideal məqamdır. Əsas odu ki, futbolçu heç vaxt deməyib ki, Azərbaycan millisinin maykasını geyinmərəm. Deməli, Quliyevin “elçi daşı”nda əyləşmək lazımdı. 

 

“Biz ona niyə yalvarmalıyıq?”, “Quliyev millimizə nə verəcək?” pafoslu suallar isə yersizdir. Yetər ki, yarımmüdafiəçi razı salınsın. Çünki bu razılıq baş tutduqdan sonra onun nə dərəcədə faydalı olub-olmayacağını biləcəyik. 

 

Ramil Şeydayev də millimizə Rusiya futbolundan gəlib, amma bu gün hər kəs bu hücumçunun başına and içir. Bəli, Renat Dadaşov nümunəsi də var - ərköyün, tənbəl, əsas millinin maykasına layiq olmayan. Ancaq Renatı milliləşdirməklə biz nə uduzmuşuq? Kim bilir ki, 2-3 ildən sonra o, hansı formada olacaq, hansı klubun şərəfini qoruyacaq, millimizə dəvət aldıqda nə cür can yandıracaq?

 

Ayaz Quliyevə xitabən “özümüzdə o qədər elə futbolçular var ki” fikri isə sadəcə, absurddur. Hazırda neçə futbolçumuz Rusiyanın Premyer Liqa bir tərəfə, aşağı divizionunda oynayır?

 

Deməli, indi Ayazın gələcəkdə millimizə nə dərəcədə faydalı olacağı yox, sadəcə, razılığı önəmlidi. Futbolçunun hələ vur-tut 22 yaşı var, noyabrda 23 olacaq. Yaxın 8-9 ildə millimizə faydalı olmaq perspektivi kifayət qədər yüksəkdir. Belə bir qarışıq vəziyyət isə çətin ki, bir də ələ düşə. Ən real şans məhz indidi, indi!

 

CEYHUN ƏLİYEV

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB