TOP 10

Rüstəm Əfsərliylə “Oralar”dan “buralar”adək

Futbol
Tarix: 2019-07-01 20:20

Rüstəm Əfsərli. Müasir şərhçilik məktəbinin ən populyar simalarından biri. “CBC Sport”un şərhçilər qrupunun rəhbəri. Artıq 1 ildən artıqdır ki, ölkənin ən populyar telelayihələrindən biri - “Oralar”ın 3 simasından biri. Gənc həmkarımızla müsahibədə “Oralar”dan vurub, “buralar”dan çıxdıq...

 

 

 

"Mənim ürəyim “buralar”dadı - “CBC Sport” mənim böyük oğlumdu" 

- “Oralar” və futbol – bu sintezi necə formalaşdırırsan? Razılaş ki, rollar fərqlidir. Sanki həkim və kosmonavt...

- Müqayisə bəlkə də yerinə düşür. Amma elə, ya belə məşğul olduğum sahə eynidi -  televiziya jurnalistikası. Ortaq nöqtə var. Düzdür, fərq var. Birindən obirinə keçəndə beyində olan “söndür – yandır” funksiyasını işə salmalısan. Tam fərqli mövzulardan danışmalı olursan. Hərdən olur ki, bir birinə çox kömək də olur futbol haqqında danışanda. Həmin ölkə haqqında, ölkənin mədəniyyəti haqda danışanda “Oralar” köməyə çatır. Bu, cüzi də olsa əlavə yardımdı. Birbaşa isə dəxli yoxdu. Bir başa aidiyyatı olsaydı, məşhur səyyahlar futbol şərhçisi olardılar. Çox çətindi. Ən çox da fiziki cəhətdən. Artıq 1 il 3 aydı və mənim bu müddətdə istirahət günüm olmayıb. Kimsə deyə bilər ki, səfər elə istirahətdi, amma elə deyil. Çünki, “Oralar”dakı iş rejimi çox ağırdı, çox çətindi. 45 dəqiqəlik verlişi ərsəyə gətirmək üçün 6 gün sərhasər çəkiliş etmək lazım olur. Serbiyada qar yağırdı, İordaniyada isə səhra, cox isti idi. Yəni hava şəraitinin fərqi yoxdu, işləməlisən. Hardasa kinoya çəkilməyə bənzəyir. Əsas çətinlik də odur ki, mən həm “Oralar”la məşğul oluram, həm “CBC  Sport”la. Üzərimə düşən yüklər var. Mənəvi olaraq sadəcə, 2 müsbət cəhət deyə bilərəm. Birincisi təbii ki, sevdiyim işlə - jurnalistikayla məşğul olmağım. İkincisi də dünyanı görmək. Və bu, bir az balansı saxlayır.

 

- Bir dava salım Rüstəmlə Rüstəm arasında. Kiməsə xoş olmasa belə, sənə doğma hansıdı? “Oralar”, ya “buralar”? 
- Bu suala cavab verməyimə ehtiyac da yoxdu. Məncə, bunu hamı bilir. Mənim ürəyim “buralar”dadı . İstər iş olaraq, istər ölkə olaraq. Mən bunu dəfələrlə demişəm. “CBC Sport” mənim böyük oğlumdu. Tək mənim də deməzdim. Onun yaranmasında çox adamın əməyi olub. Böyüməsində daha çox adamın əməyi var. Çox dayə görüb və davam da edir. Müxtəlif sahələrdə 6-7 iş yerim olub. Amma açıq deyim, bu kanal qədər mənə doğma, yaxın, uğrunda can qoyduğum olmayıb. Hər zaman işimi peşəkar, vicdanla yerinə yetirməyə çalışmışam. Amma bu qədər qəlbimə yaxın buraxdığım, az bir səhvin belə mənim üçün həzm etmək çətin olacaq səviyyədə iş yerim olmayıb. İlk məhəbbət var, bir də var ahıl yaşda gələn məhəbbət. Deyirlər ikinci daha güclü olur. “CBC Sport” da mənim üçün elədir. “Oralar” isə mənə xüsusi olaraq mənəvi cəhətdən çox şey vermiş və verməyə davam edən lahiyədi.

 

 

 

 

"Üstüörtülü deyim ki, Livandakı səfirliyimiz, bizimlə orda çalışan insanlar olmasaydı, bizim taleyimiz bəlli deyildi"

- Buralara hələ qayıdacağıq. “Oralar”la isə davam edək. Ən yaddaqalan və ya maraqlı hadisə yaşanmış hansı səfəri xatırlaya bilərsən?
- Ən unudulmaz...Mənə sual verəndə ki, sevimli şəhərin hansıdı, deyirəm Bakı. Bu, aydın məsələdir. Bakıda doğulmuşam və burdan başqa hansısa şəhəri sevməyim mümkün deyil. Əbədi məhəbbətdi. Bu öz yerində. Amma ən yaddaqalan səfərlər deyəndə mən Rio–de-Janeyro deyərəm. Çünki, birincisi, tamamilə başqa bir dünyadı. Baxmayaraq ki, eyni dünyadayıq. 12 saatlıq yoldu, amma insanların yaşama tərzi, şəhərin özünün ab-havası tamam fərqlidir. Rio bir nömrədi. Hələ ki ora yaxın gələn bir başqa şəhər deyə bilmərəm. İkinci, Amsterdam . Oranı da Rioya bənzədərdim. Bizə yaxın, amma bir az insanları fərqlidi. Rio isə başqa aləmdi. Bəlkə də uşaqlıq arzum idi ki, “Marakana”da olum və ona görə bu belədi. Razılaşın ora bizim, bizdən bir az yaşlı nəslin xatirəsində mifik bir iz, obraz yaradıb. Rio derbisində olmuşam - “Flamenqo” – “ Botafaqo”. Baxmayaraq ki, futbol olaraq tam həzz yaşamadım. Baxmayaraq ki, 40-50 min azarkeş var idi. Fantastik bir şey görmədim. Buna baxmayaraq “Marakana”nın özündə olmaq, o hiss... Rio şəhər olaraq isə başqa bir dünyada, başqa insanların yaşadığı şəhərdi. Braziliyada San–Pauloda da olmuşam, amma ora haqda eyni şeyi deyə bilmərəm. Ora artıq bizim də yaşamağa öyrəşdiyimiz, Bakı kimi bir meqapolisdi. Sırf lahiyə çərçivəsində isə unutmayacağım səfələr şübhəsiz ki, cənub-şərqi Asiyadı. Ordakı o mədəni şok! 2 həftə Laosda ac qaldıq. Onların yediklərinə bir söz demirəm. Bəlkə onların ağız dadı bizdən də yaxşıdı. Mübahisə etsəm, deyərlər ki, biz burda balıq yeyiyirik. Siz o pomidor-yumurtada nə görmüsüz? Amma biz heç cür bir həftə ərzində uyğunlaşa bilmədik. Ac qaldıq. Təsəvvür edin ki, yapon restoranına özümüzlə çörək aparmışdıq. Beyrutda – Livanda inanılmaz mədəniyyət qarışığı. Qarışıq dinlər. Hər an təhlükə hissi. İnsanın tükləri biz-biz olur bəzi məqamlarda. Elə məqamlar var ki, deyə bilmərəm. Deməmək öhdəliyim var müqavilədə. Livanda başımıza inanılmaz ekstrimal hadisə gəlmişdi. Üstüörtülü deyim ki, ordakı səfirliyimiz, bizimlə orda çalışan insanlar olmasaydı, bizim taleyimiz bəlli deyildi.

 

- Yəni bu müsahibə baş tutmaya bilərdi...
- Yüzdə yüz. Nəinki müsahibə, növbəti dəfə harda nəfəs alacağımız belə sual altındaydı. Səhnə olaraq da yadımdan çıxmayacaq hadisə var. Əmmanda “Mars sakini” filminin çəkildiyi yer var. Səhrada bir çəkilişimiz var. Mən pikapda gedirəm, arxadan kamera çəkir. O mənim üçün sırf televiziya mənasında, jurnalist kimi unudulmaz, ən çox sevdiyim səhnədi. Orda mən xüsusi heç nə etməsəm də, operator işi, rejissor işi mükəmməl səviyyədədi. İki tərəfdən qum dağı. Qumun ortasında tək gedirsən, bu da ayrıca hiss verir. Amma yene də Rio mübağiləsiz birincidi.

 

 

 

"Oralar"dakı digər iki qəhrəmanı CBC-də bir iş görməyə cəlb etmək çox ekzotik bir şey olardı, fikir var..."

- “Oralar”dan daha bir sual verim, qayıdaq “buralar”a.. “Oralar”ın komandasında olan digər iki qəhrəman da var. Hansısa bir fikirə düşməmisən ki, onları cəlb edəsən CBC-də bir iş görməyə? 
- Bu çox ekzotik bir şey olardı. Fikir var. Çox istərdim ki, CBC-də də o tipli veriliş olsun. Sırf idman mövzusunda. Məsəl üçün dünyanın ən gözəl stadionlarına, idman obyektlərinə, məbəd saya biləcəyimiz idman obyektlərinə - Yunanıstanda “Olimpiya”, Şimali Koreyada çox az adamın bildiyi dünyanın ən böyük stadionu hansı ki, 160 min tutumunu var hazırda. Yaxud da Hindistanda insanlar kriketə necə gəlirlər. Amma bu, birincisi çox böyük maliyyə tələb edir, üstəlik, çox zaman aparar. “Oralar”da mən bir halqayam. O verlişin bütün yükü, məsuliyyəti bir şirkətin – “Baku Media Center”ın üzərindədi. CBC-də mənim elə bir lahiyə etməyim üçün digər bütün proyektlərdən çəkilməliyəm. Ona görə də tam reallıq deyil bunun gerçəkləşməsi. Amma maraqlı olardı.

 

- Heç olmasa bir veriliş?
- Buyurub gəlsinlər. Qapımız açıqdı.

 

- Amma təklif olmalıdı...
- Yadıma Azər Qəriblə bağlı bir hadisə düşdü. Yazdığı status. Son bir neçə ildə futbolla bağlı yazdığı tək status idi. Baxmayaraq ki, futbola baxmağı sevir. Biz “Marakana”ya getdik. Üumilikdə futboldan, idmandan məlumatlı olan insandı. Ancaq dərinliyə varmır. Ona görə də inanmıran ona bir o qədər də cəlbedici gəlsin bu məsələ.

 

 

 

"Kosovo qarşılaşması ilə bağlı, bəlkə orda məndən inciyənlər də oldu"

- İndi isə qayıdaq bura...Futbol sahəsində sevilən simasan. Azarkeşlər də ən belə kritik məqamda sənə rəğbət bəsləyirlər. 
- Bunu sən dedin, ha...

 

- Bəli-bəli, mən dedim, yaşım, təcrübəm buna imkan verir. Heç olub ki, beynəlxalq oyun şərh etdiyin zaman hansısa milli futbolçumuzun ünvanına yağlı bir söyüş işlətmək istəmisən?
- Mümkün deyil. Heç ağlımdan belə keçmir.

 

- Rusiyada bu dəfələrlə olub...
- Açıq deyəcəm. Bir qram da qeyri-səmimiyyət, pafos yoxdu. Mənim ağlımdan belə söymək keçmir. Keçməyəcək də. Düzdür, sosial şəbəkə vasitəsilə şərhlərdə çox rəast gəlmişəm ki, yazırlar Rüstəm özünü güclə saxladı ki, söyməsin. Bunu daha çox obrazlı ifadə kimi qəbul edirəm. İstərdim insanlar da bunu bu cür qəbul etsin. İnsanlar qəbul etməyə bilər, amma mən bu düşüncəmi hər zaman demişəm ki, jurnalist hətta öz ölkəsinin millisi oynayanda belə maksimum obyektivliyi qorumalıdı. Digər tərəfdən də aktyor olmalıdı. Sən milli ilə bağlı fantastik emosiya keçirməyə bilərsən, amma bilməlisən ki, sənə baxan o hissləri keçirir. Sən də o insanın hisslərini oxşadmalısan. Buna məcbursan. Necə ki, milli qələbə qazananda bunu coşqu ilə qeyd edirsən, qışqırırsan, sevinirsən və insanlara da sevindiyini göstərirsən, məğlub olanda da əsəbləşmiş obrazda olmalısan, yəni azarkeşin suyunu vermək lazımdı. Mən həmişə çalışıram ki, əndazə aşılmasın. Bu çox önəmlidir. Bilmirəm bu məndə nə dərəcədə alınır, ya alınmır. Kosovo qarşılaşması ilə bağlı. Bəlkə orda məndən inciyənlər də oldu. Mən də olsaydım bəlkə elə olardı. Baxmayaraq ki, mən orda fərd olaraq ad çəkmədim. Ümumiləşdirdim. Tək futbolçuları yox, hər şeyə ümumi fikrimi bildirdim. Yenə də mən də olsam inciyərdim. Başqa çarəm var idi onda?

 

- Deməli, alınır?
- Mən çalışıram. Bacarıram, ya yox buna insanlar  qiymət verə bilər. Jurnalistikanın digər sahələrinə hələ toxunmayaq, amma sırf şərhçidən danışırıqsa, düşünürəm ki, şərhçinin müsbət və ya mənfi emosiyaları onun peşəkar düşünməyinə mane olmamalıdı. Ona üstün gəlməməlidi. Görə bilərsən ki, bir futbolçu pis oynayır, bunu qeyd edirsən, amma eyni zamanda həmin an onun niyə pis oynadığını tapıb vəziyyətə müdaxilə etməlisən. Bunu çatdırıb desən də, deməsən də anlamalısan ki, zədəsi var, məşqçi ilə problemi var və.s . Həm bu səbəbləri bəhanə getirməli deyilsən, həm də məsəl üçün, bu oyunçu Hamşik səviyyəsində oynamalıdı deyə də bilməzsən. Şərhçi kimi anlamalısan ki, harda, nə, niyə oldu...Emosiyaların sənə mane olmamalıdı. Alınır ya yox, amma mən çalışıram buna. Fərq etmir, millinin oyunları və ya başqa beynəlxalq oyunlar. Düzdür, digər oyunlar daha rahatdı. İstədiyin nə var deyə bilirsən. Bilirsən ki, nə onların azarkeşləri, nə onların agentləri Azərbaycanda sənə qulaq asmayacaq. Azərbaycanda da onların 3-5 min azarkeşi ola ya olmaya. Onlar da sənə 3-5 söz deyər. Azərbaycan millisinin, yaxud klublarımızın oyunlarında şərh etdikdən sonra azarkeşlərlə, futbolçularla hər gün üz-üzə gələ bilərsən. Düzdür, artıq həyatımızın elə bir dövrüdür ki, futbolçular bizdən yaşda kiçikdirlər. Bu da bir az haqq verir tənqid etməyə. Amma yenə də şərhdə o hissləri cilovlamağı bacarmaq lazımdı. Mən çalışıram. Alınır ya yox bunu tamaşaçılar deyə bilərlər.

 

 

 

"Jurnalistika həyatımda yazı ilə bağlı cəmi bir zəng gəlib ki, bunu niyə belə yazmısan, çox cavan idim, elə “Futbol+” karyerama aiddi"

- Vaxtıyla “Futbol+” qəzetində daxili şöbədə işləyəndə xarici şöbənin uşaqları tez-tez məndən inciyirdi. Deyirdim sizinki jurnalistika deyil. Ən böyük idmançını, fərdi “yıxıb-sürüsən” belə onun xəbəri olmayacaq. Amma hansısa 3-cü sort yerli idmançıdan kiçik bir tənqid yaz, sabah aləm dəyəcək bir birinə. Sənin də dediyin kimi üz-üzə gəlirsən...
- Yazmısansa, demisənsə, arxasında dayanmaq lazımdı. Dayana bilmirsənsə heç yazma. İkinci yazıya “duxun” çatmayacaqsa yazma. Çox eşitmişəm bu haqda ki, həmkarlarımızdan kimlərisə “razborka”lara çəkiblər. Mənim jurnalistika həyatımda yazı ilə bağlı cəmi bir zəng gəlib ki, bunu niyə belə yazmısan. Onda çox cavan idim, elə “Futbol+” karyerama aiddi. Həmkarlardan birinin “pası”yla bir futbolçunun “lipa” olması üzə çıxdı. Özü də sənədlərlə. Ana səhifədə yazı dərc olundu. Ondan sonra zənglər gəlməyə başladı mənə. 18 yaşım var idi. Normal cavab verdim ki, sənədlər var. Həm də qurum da arxamda dayandı, özüm də “az aşın duzu” deyiləm. Mənim indiyə qədər çox tənqidi çıxışlarım olub. Çalışıram ki, şəxsiyyətlərə çox dərindən toxunmayım. Bunun da səbəbləri var.

 

- Hansılar?

- Məişət tərəfləri var. O, tənqid olunan adamın ailəsi baxır mənə. Onun övladı qulaq asır. Başqa yadıma gəlmir ki, hansısa iradla bağlı mənə zəng olunsun. Bəlkə də ona görə ki, bayaq dediyim kimi, bəzi adamlar üçün sən, mən artıq birinci gün deyil jurnalistikadayıq. Bizi illərdi tanıyanlar, artıq obyektivliyimizə şübhə etmirlər. Bəlkə mən həqiqəti deyirəm ona görə zəng etmirlər, ya bilirlər ki, mən fikrimdən dönməyəcəm. Hörmət ediblər bəlkə fikrimə. İndi danışanda yadıma bir hadisə də düşdü. O da bir irad deyildi əslində. Haqqında danışdığım hakim vatsap nömrəmi tapmışdı. Nömrəni kimdən aldığını da yazdı. Mən də dedim lap yaxşı. Fikirləşdim növbəti yazacağı olacaq ki, niyə mənim haqqımda belə şey demisən. Heç nə demədi. Elə onu dedi ki, bir dəfə çay içək. Hələ də çay içməmişik. İnanmıram ki, nəvaxtsa da içəcəyik. İçsək belə, yenə də mənim fikrim dəyişməyəcək. Bəlkə də xoşbəxt adamam belə bir şey olmayıb, bəlkə də hələ irəlidədir olacaqlar. Bilmək olmaz. Hətta deyərdim adamlar fikirləşirlər ki, bu adamın dediyi ciddi deyil. Buna da yer verirəm (gülür). Hərənin bir motivi ola bilər bununla bağlı.

 

 

"Nə yalan deyim, olub ki, hansısa oyunu özüm şərh etmək istəmişəm və öz əlimdədir deyə özümü yazmışam - Əfsərli “rəngləyəcək”, vəssalam!"

- “CBC Sport”da şərhçilər qrupunun rəhbərisən. Paralel aparım. “Ögey ana” filmində bir səhnə var. Divarı rəngləmək üçün hamı qrup rəhbərinin üstünə “hücüm” çəkir ki, ver mən rəngləyim. O isə İsmayıla tapşırır. Kanalınızda da “fırça” sənin əlindədir. Olub ki, hansısa oyunu özünə götürmüsən, amma gəliblər ki, “bəlkə mən rəngləyim”? 
- Hər şeydən əvvəl onu deyim ki, hamı bilsin. Şərhçilər qrupunun rəhbəri sadəcə, statusdu. Başqa heç bir şey deyil. Biz şərhçilərlə eyni şərtlər altında həmkarıq. Sadəcə, mənim məsuliyyətim rəhbərlik qarşısında daha yüksəkdi. Mən cavabdehəm. Bundan da heç vaxt istifadə etməmişəm. Amma nə yalan deyim, olub ki, hansısa oyunu özüm şərh etmək istəmişəm və öz əlimdədir deyə özümü yazmışam. Əfsərli “rəngləyəcək”, vəssalam! Mənim əlimdə olduğu üçün kimsə gəlib nəsə deməyəcək, sadəcə, bir söz deyim də. Bizdə çox maraqlı, demokratik bir sistemdi. Məsəl üçün, çox maraqlı bir şey dedim. Milli komandanın səfərlərinin bölgüsünü artıq aparmışıq. Kim gedəcəksə şərhçilər arasında qeyri-rəsmi şəkildə danışıb bölüşmüşük. Təbii ki, fors-major ola, dəyişilə bilər. Auditoriyanın xüsusi izlədiyi oyunlar var. Daxili çempionat elə deyil, amma avrokuboklar, millinin oyunları fərqlidi. Bunlara mütləq statuslu şərhçilər təyinat almalıdı. Düzdür, yaxşı gənc şərhçilər də var. Ad çəkməyəcəm ki, “şişməsin”, amma elə gənc şərhçimiz var ki, bu gün səviyyəsinə görə ən təcrübəli şərhçilərimizə yaxındı. Onlar da artıq layiqdirlər. Amma, hələ ki, auditoriya onları tam qəbul etmir. Mənə elə gəlir bunu hamı anlayır, başa düşür. Ən yaxşı oyunlara ən yaxşı şərhçilər təyinat almalıdı. Ona görə də bununla bağlı narazılıq olmayıb. Kimsı ola bilər qəlbində inciyər.

 

- Belə bir şey olmayıb ki, gəlib desin ki, “Rüstəm ver də bu oyunu mən şərh edim”?
- Bu, ola bilər. Bu iş prosesidir. “Çox istərdim bu oyunu mən şərh edim” desin, vəssalam. Problem yoxdu.

 

- Birdən gənc biri dedi bunu?
- Gənci də başa salmağın yolları var.

 

- Yəni onun xətrinə oyunu qurban verməzsən?
- Yox, təbii ki. Auditoriya daha önəmlidi. Amma zaman gələcək o cavanlar da şərh edəcəklər və bu zaman da çox uzaqda deyil.

 

- Belə bir maraqlı halı xatırlayıram. Hansı oyun idi dəqiq yadımda deyil. Gündüz Abbaszadə şərh edirdi və dedi ki, indi qol olacaq. Yarım dəqiqə çəkmədi...
- Almaniya – İsveç oyununun 95-ci dəqiqəsi idi. Gündüz demişdi indi qol olacaq və qol oldu.

 

 

 

"Gündüz Abbaszadənin bu bacarığının olması da çox zəngin şərhçi təcrübəsinin, futbol biliyindən qaynaqlanır"


- Hamı bilir, mən sovet şərhçilər məktəbinin həvəskarıyam. Sosial şəbəkədə də çox status yazmağı xoşlamıram. Amma həmin an dözmədim, yazdım ki, Maslaçenkonun davamçısı. Maslaçenko da belə ifadədən çox istifadə edirdi. Hər zaman deyirdi “İndi qol olacağ” və olurdu da. Məncə şərhçi budu. Səncə necə, şərhçi obrazı “Məmməd verdi Hüseynə” deməklə bitməlidirmi? Xətrinə dəyməsin, amma ötürmə - ötürmə - ötürmə..Oyunun gedişində lazımı mövqelərə dəyişiklik olmasını qeyd etmək, oyunu taktiki təhlil edən barmaqla sayılacaq qədər şərhçi var. Nadir hallarla bunu görürük. Bu futbolu bilməməkdən qaynaqlanır ya auditoriyanın İQ səviyyəsi aşağıdır deyə toxunmursuz bu mövzulara?
- Birincisi onu deyim ki, Gündüzdə alınır bu. Dəfələrlə olub ki, indi qol olacaq. Unudulmaz anlardan biri də o oldu ki, Hakem Ziyeş “Ayaks” – “Totenhem” görüşündə hesab 2:2 olanda topu dirəyə vurdu. Onda Gündüz dedi bu heç də xeyirə gedən əlamət deyil və 95-ci dəqiqədə Lukas Mora fərqləndi. Gündüzün bu bacarığının olması da çox zəngin şərhçi təcrübəsinin, futbol biliyindən qaynaqlanır. Klubda çalışıb. Futbolu dərindən bilir. Futbolun müxtəlif formalarını bilir, hiss edir və onu dilə gətirir. Bizdə ekspert kimi çalışmış, çox sevdiyim Aslan Kərimovun bir ifadəsi var ki, mən məşqçilərin oyunçu dəyişikliklərinə qarışmağa qarşıyam. Çünki məşqçi karyerası ərzində 300 əvəzetmə edirsə, 297 oyunçu qol vurmur, amma 3 futbolçu qol vuranda deyirlər ki, dahidir, dəyişən kimi qol vurdu. Qol vurmayanları hara yazaq? Dəfələrlə olub mən, ya Gündüz, ya başqa şərhçimiz demişik ki, burda nəsə olacaq, amma heç nə olmayıb və bu “gözə girməyib”, amma olanda... Gündüzün şərhçi bacarığını şübhə altına salmaq istəmirəm, amma reallıq budu. Sualına gəlincə, bu çox yaralı mövzudu. Həmkarlarımızı özüm qarışıq bir az tənqid edəcəm. Təəssüf ki, futbolu dərinliyinə kimi bilmək bizdə hələ ki problemdi. Bunun yaxşılaşması yönündə addımlar atılır. Yaxşılığa doğru getməyi də görünür. Tam olaraq taktiki incəlikləri hamımız tam olaraq bilmirik. Bunu bizdən tələb etmək də nə dərəcədə doğrudu bilmirəm. Çünki biz futbol mütəxəssisi deyilik, sadəcə, şərhçiyik. Mən şəxsən rus şərhçilərini bizim daha rahat başa düşdüyümüz türk şərhçilərindən daha üstün tuturam. Daha yaxşıdı deməzdim, mənə daha yaxındı.  Son illərdə onlarda da keyfiyyət enişi var. Mən 4 dildə şərhə qulaq asa bilirəm. Rus və türk dilindən başqa italyan və ingilis dilində qulaq asıram. O sistem yalnız Rusiyadadır. Tamamilə fərqlənən Rusiyadı. Orda oyunun təhlili var. Bəzən də bu çox ifrat hala çatdırılır. Bəzən danışırlar müəyyən şeylərdən və oyun qalır qıraqda. Bunun “qızıl orta”sını tapmaq çox vacibdi. Tam iddialı deyəcəm indi. Azərbaycan futbol şərhçiliyi çox inkişaf edib. Bunun da səbəbi odur ki, biz həm rus, həm türk məktəbini müqayisə edirik və nə onlardanıq, nə bunlardan. Biz öz yolumuzu mənə elə gəlir ki, tapmışıq. Az da olsa, həm o var, həm də bu. “Qızıl orta”nı tapmağa doğru gedirik və bu inkişafın göstəricisidir. Biz “CBC Sport” olaraq tək futbol şərh etmirik, digər idman növləri də var. Bu mənada Pərviz Musayev universal adamdı. Həmçinin Şəmsəddin Abbasov, Rövşən Binnətli. Predmeti bilməklə bağlı xüsusən də gənclərdə problem var. Hərəsinin çox dar maraq dairəsi var. Yenə deyirəm, yaralı yerimizdi. Səhərə qədər səninlə bu mövzuda mübahisə edərəm və yenə də ortaq məxrəcə gələ bilmərik. Ümumilikdə isə son illərdə çox ciddi sıçrayış var yaxşılığa doğru.

 

- Son sual. Böyüyəndə kim olmaq istəyirsən? Məndən açmasını soruşma...
- Yalnız kinorejissorluğa görə jurnalistikadan gedərəm. Bənzər sahələrdi, bəlkə də ona görə.

 

 

CEYHUN ƏLİYEV

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB