TOP 10

Musadan Musayadək: “Mənimlə Qurbanın əlavə məşqimiz əsas məşqdən çox olurdu”

Futbol
Tarix: 2019-06-28 17:59

Azərbaycan futbolunda Qurbanov soyadı yetərincə çoxdu. Səməd Qurbanov, Qurban Qurbanov, Mahmud Qurbanov, İlqar Qurbanov... Həmsöhbət qismində seçdiyimiz bunlardan heç biri deyil. Futbol səhnəsində iz buraxmağı bacarıb, amma daha çox futbolumuza bəxş etdiyi qardaşının kölgəsinə çəkilməyi üstün tutub. Hərçənd, çempionatımızın bombardiri olmağı da bacarıb. İntizara son qoyaq: söhbət hazırda “Zaqatala”nın prezidenti postunu tutan Musa Qurbanovdan gedir. Sport24.az-a verdiyi müsahibədə veteran futbolçu dünənə də səyahət etdi, bu günü də vərəqlədi, sabaha da nəzər saldı.

 

 

 

"Zaqatala"ya ayrılan məbləğlə Premyer Liqaya çıxmağı məqsəd qoymaq absurddu"

- Artıq xeyli müddətdi "Zaqatala"nın prezidentisiniz. Klub rəhbəri kimi fəaliyyətiniz necədi? Növbəti mövsümdə hazırlığınız, heyətin komplekləşdirilməsi necə gedir? Birinci Divizionda bu dəfə hədəfləriniz nə olacaq?
- Yeni mövsümə hazırlaşırıq. Bu yöndə işlərlə baş məşqçimiz Rüstəm Məmmədov məşğul olur. Birinci dəstə fonunda futbolçuları daha çox o, tanıdığına görə özü uyğun bildiyi oyunçuları dəvət edir. Mənimlə əlaqə saxlayır, məsləhətləşir. Ona deyirəm ki, klub sənindi, bizə uyğun gələn futbolçuları dəvət elə, qarşımızda məqsəd yoxdu. Bildiyiniz kimi, qarşımızda məqsəd olmaq üçün bizə yaxşı sponsor lazımdı. Bizə ayrılan məbləğlə Premyer Liqaya çıxmağı məqsəd qoymaq absurddu. Amma hər dəfə baş məşqçimizə deyirəm ki, çalış,​ zaqatalalı uşaqları daha çox cəlb elə. Arada "Simurq"dan sonra Zaqatala futbolunda böyük bir durğunluq yaşanmışdı və nəticədə körpü itib. Boşluq yaranıb, futbolçular yetişməyib. Hətta I Divizion səviyyəsində ortabab komanda üçün yalnız yerli, zaqatalalı futbolçularla oynamaq qeyri-mümkündü. O qədər futbolçu yoxdu. Ümumiyyətlə, limit məsələsinə görə çox çətindi. Limit olmasa yenə I divizion fonunda hansısa komanda yığmaq olar. Çünki bu zaman seçim üçün futbolçular var. Ancaq limit olduğuna görə bu, mümkün deyil. Buna görə də limitə uyğun olan futbolçuların hamısını ya Bakıdan, ya da digər regionlardan dəvət etməliyik.​

- Son vaxtlar limit çox müzakirə olunur. Bu, daha çox Premyer Liqayla bağlıdı. Siz həm Premyer Liqa, həm də I Divizionda limitə qarşısınız?
- Dərindən bu haqda fikirləşməmişəm. Amma görünən odur ki, limit daha çox problem yaradır. Mənim düşüncəmə görə də belədi. Çünki klublarımız ölkə xaricində daha çox hücumameylli futbolçular axtarır. Klublarımız daha çox çalışır ki, müdafiəni yerli futbolçularla qursun. Halbuki, bunun da çox effekt verdiyini demək olmaz. Çempionat səviyyəsindən qırağa çıxanda bu da bizə problem yaradır.​

- "Neftçi" SSRİ çempionatında oynayanda Azərbaycanın ən böyük problemi çox qol buraxmaq idi. Amma qol vurmaqla bağlı bizdə problem olmurdu. Futbol tariximizə baxanda, yetərincə parlaq hücumçularımız olub. Son olaraq Samir Əliyevin adını qeyd edərdik. Ancaq limit tətbiq edildikdən sonra  hücumçularimız qeybə çəkildi. Bəlkə elə budu bizim problem ki, milli komandamızda başqa ölkə futbolunun yetimrələri - Ramil Şeydayevlə Rüfət Dadaşov oynayırlar, ancaq öz yetirməmiz Mirabdulla Abbasov yalnız son dəqiələr üçün yarayır?
- Yəqin ki. Milli səviyyəsində ola bilsin ki, bu problem olsun. Çünki səhv etmirəmsə, son illərədək çempionatımızda bombardirlər legionerlər olub.​

- Elədi. Bu mövsüm həsrətə Mahir Mədətov (artıq Emreli-müəllif.) son qoydu...
- Onu da nəzərə alaq ki, son 2-3 ilə baxanda bu mövsüm çempionatın səviyyəsi də düşüb.​

 

 

"İndiki nəsillə də futbol oynayardım, problem yaşamazdım"

- Sizin Zaqatala bölgəsindən boy-buxunlular, cəngavərlər çıxır. Ordan sizlər - Musa və Qurban Qurbanov qardaşları kimi taran tipli hücumçular tapmaq olmaz?
- Hazırda yoxdu. Bu, ondan irəli gəlmir ki, gənclər artıq fizioloji cılızlaşıb. Zaqatalada fiziki cəhətdən güclülər, cəngavərlər çoxdu. Ancaq söhbət futbol məktəbinin zəifliyindən gedir. İstedadlar olub və həmişə olacaq. Sadəcə, onları uşaq futbol məktəbləri, klubların aşağı yaş qrupları ortaya çıxarmaldı. Bu yöndə iş düzgün qurulmalıdı ki, nəticə ortaya çıxsın. Ancaq hələ ki görünən odur ki,​ işi düzgün qurmuruq, regionlarda Qəbələni çıxmaq şərtilə uşaq futbol məktəbləri yoxdu. Nə uşaq futbol məktəbləri var, nə də klubların uşaq futbolu inkişaf edir.

- Ancaq qardaşınız, milli tarixinin ən sərrast futbolçusu Qurban Qurbanov da futbol məktəbi görməmişdi...
- Bəli, mən özüm də az-çox oynamışam və futbol məktəbi görməmişəm. Ortaya çıxmaq xarakterdən gəlir. İnsan özü qarşısına məqsəd qoyur və xarakteri var, irəliləyir, bacardığı, istedad imkan verdiyi qədər gəlib harasa çatır. Xarakter nə qədər güclü olsa da, istedad olmalıdır ki, lap yuxarı qalxasan. Amma istedadın da müəyyən həddi var. Xarakterin hesabına bu həddə qədər gedib çıxa bilirsən. Ancaq bir "planka" var ki, onu aşa​ bilmirsən.

- İndi deyirlər ki, müasir futbolda sürət artıb. Musa Qurbanov indiki Premyer Liqamızda​ oynaya bilərdimi?
- Düşünürəm ki, oynayardım. Sürətin artması nisbi söhbətdi. İnanıram ki, indiki nəsillə də oynayardım, problem yaşamazdım.

 

 

"Qurban Qurbanov məşqçiliyə başlayandan sonra məşqçi işləməyəcəyimi konkret qərara aldım"

- Baş məşqçi kimi yanılmırıqsa, işləməmisiniz...
- Böyük ölçüdə yox.

- Özününü bu işdə görmədiniz, yoxsa...?
- Məşqçiliyi oxumuşam, B kateqoriyası da aldım. "Daşqın"ın yaxşı vaxtında - ilk milli çempionatlarımızda Qurban Qurbanovla birgə çıxış etdiyim zaman komandada baş məşqçi funksiyasını mən yerinə yetirirdim. Sonra bir az "Bakılı"da bunu etdim. Məşqçi işləməməyim​ özümü burda görmədiyimdən deyildi. Sadəcə, Qurban Qurbanov məşqçiliyə başlayandan sonra məşqçi işləməyəcəyimi konkret qərara aldım. Çünki Qurban məşqçi olanda heç vaxt onun oyunları qədər həyəcanlanmırdım. Ən sadə oyunda da o qədər həyəcanlanırdım ki, təsəvvür edə də bilməzsiniz. Təsəvvür edin ki, Qurbanla qarşıya-qarşıya bir komandada məşqçi olum -​ ​ bunu heç ağlıma gətirmirdim. Fikirləşirdim ki, alınmaz, alınan bir şey deyil.​
 

- Qurban Qurbanov tez-tez deyir ki, ilk məşqçim, məni futbola gətirən qardaşım Musa olub. İndi də deyəsən, məşqçi Qurban Qurbanovun məşqçisisiniz?
- Yox, elə deməzdim. Düzdür, Qurban hər şeydə məndən məsləhət alır. Təvazökarlıqdan uzaq olsa da, futbola gəlməyində mənim böyük rolum olub. Hətta deyərdim ki, ondan savadlıyam, orta məktəbdə daha yaxşı oxuyan olmuşam, nəinki Qurban. Ancaq etiraf edirəm ki, Qurbanın futbol biliyi məndən daha yüksəkdi. Adicə qarşılaşmalardan sonra oturub oyunun analizini edəndə, futboldan, taktikadan danışanda, fərq görünür. Qurban artıq "Baltika"da çıxış etdiyi vaxtdan görürdüm ki, futbol biliyində məni üstələyir. O, daha çox futbol anlayışına fikir verirdi. Hətta bəzən özüm görürdüm ki, Rusiyada oynayanda məşqçilərinin konspektlərini yazır, gətirir. Hətta "Bakılı"da​ işlədiyim zaman Qurbanın konspeklətindən istifadə edərək məşq keçirdim.​

 

 

"Mənə daha yaxın gələn hücumçu Rauf Əliyevi deyərdim, Mirabdullada, Mahirdə olan istedad onda olsaydı..."

- Qurban Qurbanov legioner həyatı yaşayıb və futbolçu olaraq pul qazanıb. Kobud ifadə olsa da, niyə görə indiki müasir azərbaycanlı futbolçular azacıq pul görən kimi başlarını itirirlər? Bu, ailə tərbiyəsindən​ irəli gəlir, yoxsa nədi səbəb? Futbol oynadığınızdan bunu sizdən soruşuruq...

- (gülür) Bu, bir az çətin sualdı. Fikirləşirəm ki, düzgün cavabı tapmaq çətindi. Yox, məncə, konkret ailədən gələn şey deyil. Bütün ailə başçıları - ata və ana övladının həmişə hər bir işdə uğurlu olmasını arzu edir və ona yol göstərir. Mənə elə gəlir ki, bu, gənclərimizin həyat tərzindən irəli gəlir. Bu, tək futbolçularımıza yox, bütün cavanlarımıza aiddi. Gənclər otursunlar internetlə, sosial şəbəkələrlə özlərini reklam eləsinlər, futbolçular elə şeylərə daha çox yönəlirlər.​

 

- Bizimkilərdən də qat-qat çox pulu olan xaricdə futbolçular var. Bəs onlar niyə başlarını itirmirlər?
- Orda olmamışam, futbolçuların aşağı yaş qruplarına necə yetişdirilməsindən xəbərim yoxdu. Mənə elə gəlir ki, Avropada futbolçularla tək məşq prosesi ilə qurtarmırlar. Görünür ki, bütün sahələr üzrə işlər gedir - maarifləndirilməsi, tərbiyələndirilməsi, futbolçunun hansı yola getməsini daha açıq, inandırıcı şəkildə göstərirlər. Yəqin ki, belə şeylərə daha çox önəm verirlər. Orda olmamışam, ancaq fikirləşirəm ki, belə olar.

- Yaxşı, “bəs o əjdahadan” bizdə niyə yoxdu?
- Yəqin ki, o sistemlə bizdə iş qurulmayıb, ona görə də belədi.​

- Hesab edirsiniz ki, sistem köklü dəyişilmədi?
- Bəli. Bunu qlobal şəkildə götürürəm.​

 

- Hansı azərbycanlı mərkəz hücumçusunu bəyənirsiniz? Ruhunuza uyğun gəlir ki, sizlər kimi meydanda 90 dəqiqə durmadan işləsin, rəqib müdafiəçilərini "boğsun"?
- Çox istərdim ki, belə hücumçularımız olsun.​ Bizdə məndən daha istedadlı hücumçular çoxdu.​ Sadəcə, mənə daha yaxın gələn Rauf Əliyevi deyərdim. Zəhmətkeşdi, çalışır. vuruşur. Bəlkə məndə çatmayan istedad onda da çatmır. Mirabdullada, Mahirdə olan istedad Raufda olsaydı, bəlkə daha irəli gedərdi.​

- Amma onların da zəhmətkeşliyi çatmır...
- Deməzdim ki, zəhmətkeş deyillər.​ ​ Sadəcə, Rauf mənə daha çox zəhmətkeş gəlir.​

 

 

"Qurbanla üç günlük rayona yollanırdıq, Zaqatalada evimizdən stadiona kimi 5 kilometr məsafər vardı, orda gedib qaçırdıq, futbol oynayırdıq"

- Məşqdən sonra qalıb işləmək. Heç bir futbolçunu buna şallaqla məcbur edə bilməzsən. Siz futbolçu vaxtınızda edirdiniz?
- Ümumi götürsək, mənimlə Qurbanın əlavə məşqim əsas məşqdən çox olurdu (gülür). Birgə saatlarla işlədiyimiz vaxtlar olub. Üç günlük rayona yollanırdıq, Zaqatalada evimizdən stadiona kimi 5 kilometr məsafər vardı, orda gedib qaçırdıq, futbol oynayırdıq, yenidən gəlirdik.

- Bir də futbolumuzda şablon ifadə var ki, qol imkanlarımızdan istifadə edə bilmədik, bunun üzərində çalışacağıq ki, gələn matçda təkrarlanmasın. Ancaq yenə “köhnə hamam, köhnə tas” olur. Bir hücumçu, özü də çempionatımızın bombardiri olmuş forvard kimi sirrini açardınız - hücumçuya qol vurmaq üçün nə etmək lazımdı?
-​ Hücumçunun əsas vəzifəsi qol vurmaqdı. Meydana çıxıbsa, bunu etməlidi. Sonradan işləyib bunu qazanmaq çox çətin olur. Özümdən misal götürürəm, 30 yaşımda da əlimə düşən 5 qol imkanının bəlkə 1-dən istifadə edirdim. Bunun üzərində əsas uşaqlıqdan işlənməlidi. Düzdür, sonradan da işləmək olar. O qədər işləməsəydim, belə olmazdı - bir dəfə bombardir olmuşam, az-çox qol vurmuşam. İşləməsəydim, heç bunu da edə bilməzdim. Uşaqlıdan hücumçularla fərdi məşqlər olmalıdı. Şablon məşqlər getməməlidi ki, məşqçi gəldi, 2 sata məşq oldu, qurtardı, vəssalam. Belə olmamalıdı. Düzdür, insan var ki, istedadı, qabiliyyəti var. Məsələn, Vəli Qasımovu, Yunis Hüseynovu fərqləndirərdim: iki qol imkanından birini vururdular. İstənilən halda, daha çox uşaqlıqdan işləyib bunu gətirmək lazımdı.​
 

 

 

"Fiziki güc qollarımda o qədər idi ki, hətta futbol oynayanda mənə mane olurdu"

- Bir dəfə Qurban müəllim diktofonsuz söhbət edirdi ki, məşqə gəlmişik,​ məşqçi bizə çox fiziki yüklənmə verdi, məşq qurtardı, dedim ki, bəs topla nə vaxt məşq edəcəyik. Yəni bu məşq onun üçün sayılmırdı, çünki kəndçi balasıdı, bu, məşq onun üçün adi haldı. Kəndçi balasının dözümlülüyü bu qədər üstündürsə, bəlkə rayon, region futbolunda prioriteti çevirərək yüklənmə verilməlidi?
- Özümdən götürüm, ilk dəfə qış təlim-məşq toplanışını 1988-ci ildə Qazaxın "Göyəzən" klubunda baş məşqçi Əli Rəhmanovun rəhbərliyi altında keçmişəm. Onda məni komandaya dəvət etmişdilər, SSRİ çempionatının 9-cu zonasında çıxış edirdik. Orda ilk toplanışda bir həftədən sonra gəzə bilmirdim.​

- Yəni, o qədər yüklənmə olmuşdu...
- Bəli. Halbuki, fiziki gücüm yaxşı idi. Ancaq ilk 3 gündəki o yükləmələrdən sonra tərpənə bilmirdim. Bütün bədənim elə bil taxta olmuşdu. Amma tezliklə bu, keçdi, ordakı məşqlərə uyğunlaşdım. Qurban isə tez futbola gəlib, hardasa 15-16 yaşı vardı. Yəni rayonlu olmadığında fərq görmürəm.

- Ancaq sizə bir fakt deyək, Region Liqasının final oyununu izləməyə getmişdik, qusarlılar da dağ havası udub axı, onların mübarizliyinə heyran olduq. Dedik ki, "Şahdağ" ilk hissədən sonra çökəcək, çünki o tempi ki, onlar vermişdilər sadəcə, ağlasılmaz idi. Taktiki-texniki cəhətdən qüsurları çox idi. Ancaq fiziki o dözümlülük nəfəskəsici idi...
- Bu, ola bilər. Əlbəttə, rayon uşaqlarında o fiziki göstəricilər mümkündü. Rayon uşağıdı idim, səhər tezdən gedirdim ot yığırdım. İlk dəfə futbola gələndə, kürəklərim çox enli, ayaqlarım nazik idi. Pis görnürüdüm. Ayaqlarım güc yığanadək vaxt getdi. Yəqin ki, indi də hiss edirsiniz bu fərqi. Fikirləşirdim ki, yuxarı ətraflarımı necə arıqladım, çəkim düşsün. Məndə o qədər inkişaf etmişdi ki... Fiziki güc qollarımda o qədər idi ki, hətta futbol oynayanda mənə mane olurdu. Ən önəmlisi fiziki gücü, göstəriciləri düzgün yönləndirməkdi.

- Qusarlı futbolçular 90 dəqiqə durmadan qaçırdılar...
- Bir şəhər götür, bir də kənd uşağını, fiziki yüklə. Razıyam ki, kənd uşağı daha çox dözəcək. Yaxud onu daha tez istədiyin səviyyəyə gətirərsən, nəinki şəhər uşağını.Onu da qaldırmaq mümkündü, ancaq kənd uşağı daha tez gələcək. Çünki bu əziyyətləri daha çox görüb.​

- Bəlkə əks tərəfdən gətirmək lazımdı. Həmin kənd uşaqlarını Avropaya çıxarmaq. Deyək ki, "Ayaks"ın skautlarını bura dəvət etmək, klub tərəfindən maliyyə ayırmaq, bölgələrimizə səfər etsinlər və yekunda bəyəndikləri 2 nəfəri götürüb Hollandiyaya aparırlar. Sizcə, bu, effekt verərmi?
- Hər halda, verər. O vaxt bir çox rayonumuzda futbol vardı. Məncə, yaxşı olardı ki, hər regionumuzda internat tipli futbol məktəbi yaradılsın. Onları inkişaf etdirəndən sonra ikinci mərhələdə siz deyənlə razıyam. Bu dəqiqə desək ki, gəl bölgələr bax, hansını istəyirsən apar, heç kimi aparan deyillər. Sistem qurulsun, heç olmasa 4 regionda - Cənub, Şimal, Şimal-Qərb, Qərb zonasında internat tipli futbol məktəbi yaradılsa, sistem qurulsa, xaricdən skautlar gələndə üzə çıxarılası məhsul olsun. Onda xeyri olar. Yoxsa bu gün gəlib regionda bir toplantı edək, uşaq seçək, bu, qeyri-mümkündü.​

 

 

 

"Düşünürəm ki, Musa Qurbanlı ​atasından da, mən də güclü futbolçu olacaq"

- Adaşınız Musa Qurbanlı necə hücumçu ola bilər? Bir əmi yox, mütəxəssis kimi qiymət verərdiniz...
- Musanın yaxşı futbol oynayacağına çox ümidliyəm. Bir az çatmayan cəhət bəlkə cəldlik, sürətdi. İnşallah, o da gələcək. Özü zəhmətkeş uşaqdı, öz üzərində işləyir. Ancaq futbol anlayışı, tez düşünməsi, düşündüyünü həyata keçirmək istəməsi - bu önəmli şeylər onda var. Düşünürəm ki, atasından da, məndən də güclü futbolçu olacaq. Hər iki ayağı ilə oynayır. İşlək ayağı sağdı. Ancaq bu, önəmli bir şey deyil.​ Futbolçu oğluna baxsaq, kimi sağ ayaqdı, kimi sol. Messi də bir ayaqdı (gülür). Musada inkişaf gedir. Bizim bacoğlu vardı. uşaqlıqda yaxşı futbol oynayırdı.

- Tural İsgəndərli...
- Bəli, çox cəld, sürətli idi. Yadınızda olar bu futbolçu. Ancaq 18 yaşında gördük ki, bu xüsusiyyətlər onda dayandı. Həm boyu çıxmadı, bəstəboy oldu, həm də sürət artmadı. Ancaq 12-14 yaşında cin kimi idi.​

-​ Və son olaraq, futbolumuzun yaxın gələcəyini necə görürsünüz?

- Səmimi olsaq, nikbin deyiləm (gülür).​

- İndikindən də pis, yoxsa indiki kimi?

- Yaxşı heç nə vəd olunmur. Belə deyək də, inşallah, yaxşı olar. Yaxşı deyək, yaxşı olsun. Düşünək ki, yaxşı olacaq. inşallah, belə də olar.​

 

 

 

CEYHUN ƏLİYEV, MEHMAN SÜLEYMANOV

23 Sentyabr 2019
22 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB