TOP 10

Keçmiş legioneri "Xəzər Lənkəran"ın dağılma səbəbindən danışdı: "Qarabağ"la "Neftçi"nin büdcəsi bütün Moldova çempionatının büdcəsinə bərabərdi"

Futbol
Tarix: 2019-06-23 12:16

"Xəzər Lənkəran" çıxış etdiyi vaxtda həmişə ən yüksək yerlər uğrunda mübarizə aparırdı. Belə bir klubun artıq mövcud olmamağı mənim üçün ağrılıdı. Çünki bu klubda yaxşı şərait, yaxşı rəhbərlik vardı. Mənsimov qardaşları futbola böyük diqqət göstərir, sərmayə qoyurdular. Ağasəlim Mircavadovun başçılıq etdiyi gözəl məşqçilər korpusumuz vardı. Klubda bizlərə qarşı çox isti münasibət vardı, bunu hər dəfə xoş xatirə kimi yada salıram. Çox təəssüf ki, belə bir strukturu olan klub əvvəl futbol səhnəsində liderlikdən getdi, sonra isə ümumiyyətlə, fəaliyyətini dayandırdı". Bu fikirləri Sport24.az-a açıqlamasında "Xəzər Lənkəran"ın moldovalı sabiq legioneri Denis Kalinkov bildirib.

 

2009/10 mövsümündə Qafqazın "Çelsi"si adlandırılan Lənkəran təmsilçisində çıxış edən keçmiş yarımmüdafiəçi belə bir zəngin klubun dağılması səbəbi ilə bağlı öz fikrini bildirib: "Əlbəttə, daxildə nə baş verdiyini bilmirəm. Təbii ki, belə bir zəngin klubun başına belə şey gələcəyini, bir gün dağılacağını heç kim gözləmirdi. Ancaq gəlin, onu da unutmayaq ki, postsovet məkanında - Azərbaycanda, Gürcüstanda, Ukraynada, Moldovada klubların sahibləri müəyyən bir insanlardı. Həmin iş adamları şəxsi pullarını xərcləyirlər, klub onların ciblərindən maliyyələşir. Buna görə həmin sahiblər, prezidentlər həmişə klublarının dağılmaq riskiylə üz-üzədirlər. Onlarda bilet satışı, teleyayım və bu kimi digər marketinq işləri görülmür ki, klub burdan əldə olunan gəlirlərlə yaşasın. Nə qədər ki hələ bu sistem olmayacaq, dediyim ölkələrdə istənilən klub bu dağılmaq riski qarşısında olacaq".

    

"Xəzər Lənkəran"ın tarixində 2-ci çempionluğunun bir addımlığında məhz Kalinkovun çıxış etdiyi mövsümdə olub. Belə ki, Ağasəlim Mircavadovun komandası son turda Lənkəranda "Bakı"ya qalib gəlsəydi, qızıl medalçı olacaqdı. Ancaq 0:1 hesabıyla uduzan lənkəranlılar sonda heç mükafatçılar sırasında ola bilməyərək, mövsümü 4-cü pullədə bitirdilər. Denisin fikrincə, bu həlledici matçda məğlubiyyətin bir sıra səbəbi vardı: "Mövsümün sonunda yorğunluq öz sözünü deyirdi. Əsas səbəb isə çoxlu zədəli futbolçumuzun olması idi. Heyətin, meydana çıxanların yarısı zədəli oynayırdı. Əlbəttə, inanmaq istəyirəm ki, bir gün yenidən "Xəzər Lənkəran" qayıdacaq. Azərbayanda, Lənkəranda futbolu necə çox sevdiklərini, azarkeşlərin futbola necə azarkeşlik etdiklərini bilirəm. Klub rəhbərliyindən tutmuş sıravi şəxslərədək bütün hamının, hətta bazadakı aşpazların, xadimələrin "Xəzər Lənkəran"a necə ürəklə azarkeşlik etmələri gözümün qabağındadı. Bunu xatırlamaq mənə ağrılıdı".

 

Məlumdu ki, hələ Kalinkov oynadığı vaxtda Moldova təmsilçiləri avrokuboklarda klublarımıza qənim kəsilmişdilərsə, indi vəziyyət əksinədi. Veteran futbolçu çıxış etdiyi bu iki çempionat arasında hazırda ilk növbədə maddi baxımdan böyük fərq olduğunu diqqətə çatdırıb: "Gəlin, məsələyə real yanaşaq. Əvvəllər Moldova çempionatında mübarizə gərgin, komandaların, futbolçuların, pulun səviyyəsi üstün idi. Son 5 ildə isə çempionatımız yumşaq dildə desək, "oturub". Bunu demək mənim üçün ağrılı olsa da, belədi. Azərbaycan çempionatı isə Moldovayla müqayisədə daha rəvandı. Düzdür oynadığım vaxtdakı - 10 il əvvəlki pul yoxdu. Sonradan Azərbaycanda maddi böhran oldu. Ancaq bunu Moldovadakı böhranla eyniləşdirmək düzgün olmazdı. Hazırda Premyer Liqanızda iki klub - "Qarabağ"la "Neftçi"nin büdcəsi bütün Moldova çempionatının büdcəsinə bərabərdi. Təbii ki, bu böyük fərq transferlərə, səviyyəli futbolçuların, ilk növbədə legionerlərin gətirilməsinə və nəhayət, ümumilikdə çempionatın səviyyəsinə təsir göstərir".

 

 

MEHMAN SÜLEYMANOV

18 Oktyabr 2019
17 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB