TOP 10

Kamran Quliyev yeni transferləri incələdi, Darionun qayıdışına aydınlıq gətirdi: "Onun keçidindən aldığımız vəsait, qışadək ödədiyimiz maaşdan da artıq idi"

Futbol
Tarix: 2019-06-20 15:06

Avropa Liqasınən ikinci təsnifat mərhələsinə çıxacağı təqdirdə komandasına hansı rəqibin düşəcəyinə saatlar qalmış görüşdük. Elə bu səbəbdən də Moldova “Speranta”sını keçəcəyi təqdirdə 2-ci mərhələdəki rəqib barədə (bir qədər sonra bunun Rusiyanın “Arsenal” kollektivi olduğu müəyyənləşdi) fikirlərini ala bilmədik. Lakin müsahibə zamanı verilən suallar ətrafında da yetərincə maraqlı məqamlar çıxdı. Beləliklə,  “Neftçi”nin prezidenti Kamran Quliyevin Sport24.az-a müsahibəsi.

 

- Bu yay fasiləsində “Neftçi” ancaq ölkəmizdə çıxış etmiş futbolçuları transfer edir. Bu da fikirlərin haçalanmasına səbəb olur: bir qrup deyir ki, klub özü əcnəbi tapmaqda acizdi, digərləri isə ölkəmizə alışmış oyunçuların gətirilməsini effektiv addım sayır. Gəlin, pərdəni qaldıraq...
- Gəlin, ilk transferimizdən başlayaq. Vojislav Stankoviçi biz tək “Qəbələ”dəki oyunlarından tanımırıq ki. Əvvəlcə, Serbiya “Partizan”ı, ardınca “İnter” (hazırkı “Keşlə”), yalnız bundan sonra “Qəbələ”. Bunu ona görə deyirəm ki, bəzən səslənən fikirlər var ki, biz “Qəbələ”nin futbolçularını alırıq. Stankoviçin nümunəsində həmin məqama aydınlıq gətirdim. Ümumilikdə isə biz yoxlanılmış, təcrübəli kadrları görürük. Söhbət eyni zamanda zəngin beynəlxalq təcrübəsinin olmasından gedir. Götürək Rauf Əliyevi. Ölkənin bütün böyük klublarında oynayıb, uzun illər millimizin əsas hücumçusu olub. Bu gün də 30 yaşı var və hələ bir neçə il ən yüksək səviyyədə çıxış edə bilər. Stankoviçə qayıdaq. İnsan iki il Avropa Liqasının qrup mərhələsində oynayıb. Ümid edirəm ki, o, tək meydanda deyil, meydandan kənarda da komandaya faydalı olacaq. Hesab edirəm ki, yetişməkdə olan gənclərimizə nümunə olacaq. Stiven Monrozu ən uğurlu transferlərimizdən sayıram. Ölkəmizdə olduğu müddətdə barəsində ancaq xoş sözlər eşitmişik. Bizim üçün futbolçunun hardan gəlməsi önəmli deyil, əsas onun son illərdəki stabilliyidi. Xarici klublardan dəvət etdiyimiz oyunçuları “kəsilməmiş qarpız” adlandırmaq olmaz. Onların CV-sinə də, oyunlarına da baxılır. Ancaq bununla yanaşı, ölkəmizə necə adaptasiya olacaqları da böyük əhəmiyyət kəsb edir. Ölkəmizdə bizim dəvətə qədər oynamayan futbolçular arasında uğurlu transferlirimiz sırasında Soni Mustivarın adını çəkə bilərəm, əksər hücumçuların bir mövsümə vura bilmədikləri qol sayından artığına yarım mövsümə imza atmış mərkəz müdafiəçimiz Mamadu Mbodju qeyd edərdim, qış fasiləsində sıralarımıza qatdığımız və komandamızın hücum potensialını nəzərəçarpacaq dərəcədə gücləndirən Vangelis Platellası qabardardım. Hesab edirəm ki, qarşıdakı mövsüm Platellası daha əzəmətli görəcəyik. Qısası, futbolçunun hansı ölkədən gətirilməsinin fərqi yoxdu, əsas onun kluba verəcəyi faydadı. Bu, bütün dünyada belədir. Sadəcə, “Neftçi” elə bir klubdur ki, daim diqqət mərkəzindədi. 

 

- Dario Federiko “Neftçi”dən ayrılanda klub haqda heç də xoş sözlər işlətməmişdi. Dario Federiko yenidən “Neftçi”dədi...
- Bizdən ayrıldıqdan sonra dediklərini oxumuşdum. Həmin vaxt bu, bizim üçün xoşagəlməz sürpriz oldu. Hesab edirəm ki, o, düzgün hərəkət etməmişdi. Çünki həmin vaxtkı söhbətimiz “transfer pəncərəsi”nin bağlanması ərəfəsində idi. Ancaq bu deyimdən yayınmaq olmaz ki, hər bir insana ikinci şansı vermək lazımdı. Klub tariximizdə gedib qayıdan futbolçular olub. İstər Vobayı olsun, istər Kanalesi, istər Abışovu. Elə dünya praktikasında da analoji hallar yaşanır. Gündəmi zəbt edən Neymar məsələsi: deyilənə görə, “Barselona”ya qayıdır. O başqa məsələ ki, istədiyimizi verə biləcəkmi? Hamımız bilirik ki, Dario istedadlı futbolçudu, özündə nadir keyfiyyətləri cəmləşdirib. Bəli, “transfer pəncərəsi”nin sona çatmasına az qaldığı üçün onun gedişinə razılaşmırdıq. Ancaq insan faktoru da var. Əgər bir futbolçu getmək istəyirsə, istənilən sağlam klub “gedəni saxlamazlar” prinsipinə riayət edir. Sadəcə, çox gec olduğu üçün belə vəziyyət yaranmışdı. Ancaq bir daha təkrar edirəm, səhv Darioda idi. Daha bir məqam isə məsələnin maliyyə tərəfi ilə bağlıdı. Onun transferindən əldə etdiyimiz vəsait, qışadək ödədiyimiz maaşdan da artıq idi. Necə deyərlər, burda münasibəti bir tərəfə qoyub ticarət tərəfini götürsək, klub qazandı. İndi isə bizi məsələnin idman tərəfi maraqlandırır. Federiko gəncdir, 28 yaş futbolçu karyerasının zirvə nöqtəsi. Hesab edirəm ki, o klubumuza da, futbolumuza da faydalı olacaq. İnsanlar parlaq, driblinq ustalığı olan futbolçulara baxmaqdan zövq alırlar. Açıq deyək, komandaya olduqca faydalı olan oyunçular olur. Lakin azarkeşlər tribunalara bu keyfiyyətlərə yox, məhz gözəl futbol sərgiləyən oyunçuları izləmək üçün gəlirlər.

 

- Qeyd etdiniz ki, gedəni saxlamazlar. Belədə, Mirabdulla Abbasov ətrafındakı mövzu necə?
- Yaxın günlərdə klubun rəsmi mövqeyi açıqlanacaq. O, komandamızda qala da bilər, komandamızla müqaviləni uzatmaq şərti ilə icarə əsasında başqa kluba keçə də. Hadisələrin axarını proqnozlaşdırmaq istəmirəm. Mirabdulla klubumuzun yetirməsidir və bizim üçün qiymətli futbolçudu. “Neftçi” onu birdəfəlik itirmək istəmir. Müəyyən klubdaxili məsələlər var ki, bunu açıqlaya bilmərəm. Ancaq bir neçə günə məsələyə tam rəsmi münasibət bildirəcəyik. Əlbəttə, ideal variant futbolçunun ölkə xaricinə yollanması olardı. Ancaq belə bir variant yoxdu. Ölkə daxilində isə, dediyim kimi, ya müqavilə başa çatanadək bizdə qalacaq, ya da anlaşma müddətini uzatmaq şərti ilə icarəyə buraxacağıq. Mətbuatda səsləndirilən məbləğ sadəcə, rəqəmlərdir. Biz futbilçuları rəqəmlə olçmürük. Bizim üçün öndə rəqəmlər yox, futbolçular gedir. Satmaq niyyətimiz yoxdur, ancaq məsələ hələ ki, açıq qalır.

 

- “Neftçi”nin digər yetirməsi, qış fasiləsindən sonra 1-2 dəfə oyuna çıxmaq şansı qazanmış Əli Şirinov klubdan getdi. Deyilənə görə, maaşının qaldırılmasını istəyib, “Neftçi” rəhbərliyi də buna razı olmayıb...
- Klubdaxili məsələləri açıb-ağartmaq olmaz. Kimin kimdən nə istəməsini heç vaxt acıqlamayacağıq. Əli bizim yetirməmizdi. Yolunu özü seçdi. O, daim oynayacağı yerdə olmalıdı. “Neftçi” futbolçu yetişdirir. Ancaq belə bir şey yoxdu ki, yetirmələrimizin hər biri ancaq “Neftçi”də oynamalıdır. Bəli, istisnalar var ki, futbolçu  karyerasını bir kluba bağlayır. Ancaq futbolçu ilk növbədə karyerası barədə fikirləşməlidir. Düşünürəm ki, Əli düzgün addım atdı. Ancaq bu, o demək deyil ki, bu futbolçunu sildik. Xeyr, başqa klublarda oynayan bütün yetirmələrimiz daim diqqət mərkəzimizdədi. Məsələn, Mirabdulla Abbasov Latviyada legioner həyatı yaşadı, daha sonra “Sumqayit”da icarə əsasında oynadı. Bu da ustalıq səviyyəsinin artmasına təkan verdi. Biz həmyerlilərimizi ölkə xaricində görmək istəyirik. Sabah Əli Şirinov, yaxud bir başqa yetirməmiz parlamağa başlasa, onu sıralarımıza qaytarmaq barədə düşünəcəyik. Razılaşın ki, “Neftçi” böyük, ambisiyalı klubdur. Son iki mövsümdə bu ambisiyaları yenidən qaytarmağa başlayıb. Bütün dünyada belədir ki, böyük klublar öz yetirmələrinin cəmi bir neçə faizini saxlayırlar. Ancaq gedənlər uğurlu olurlarsa, onları yenidən geri qaytarmağa çalışırlar.

 

- Baza...
- Obyektiv səbəbdən iş dayandırılmışdı. Hüquqi bir məqam idi. Ancaq indi hər şey qaydasına qoyulur və tikinti davam etdiriləcək. Başa düşürəm ki, nələrisə söz veririk və bəzən hər şey dediyimiz vaxtda alınmır. Ancaq biz hüquqi dövlətdə yaşayırıq. İstəyimiz budur ki, baza tikilib qurtardıqdan sonra heç bir dövlət strukturu hansısa hüquqi pozuntu aşkarlamasın. Məncə, bu, düzgün yanaşmadır. Hansısa sənədin olmaması futbolçunu yetişdirdikdən sonra müqaviləsinin olmamasını xatırlamaq kimi bir şeydi. Bir kiçicik sənəd qalıb, o məsələ də tezliklə həllini tapacaq və tikinti işləri davam etdiriləcək.

 

- “Bursaspor”la əməkdaşlıq müqaviləsi imzalandı. Əməkdaşlıq edilirmi?
- “Böyük dördlük”dən başqa Türkiyə çempionluğunu yaşayan yeganə komanda olan “Bursaspor” təəssüf ki, Superliqanı tərk etdi. Fürsətdən istifadə edərək, onlara keçmiş olsun deyirəm. Yaxınlarda onlarda klub prezidentliyinə seçkilər keçiriləcək. Komandaya tezliklə elitaya qayıtmağı arzulayıram. Əməkdaşlıq məsələlərinə gəlincə, daim təmasda oluruq, bu, xüsusilə media sektoruna aiddi. Özüm də tez-tez klubun vitse-prezidentiylə əlaqədə oluram. Sadəcə, bir çox məsələlər “daxili mətbəx”də həll olunur.

 

- Yeni mövsümə avrokuboklarla start veriləcək...
- Bütün klublarımıza uğurlar arzulayıram. Biz ölkədaxili yarışlarda rəqibik. Qitəmiqyaslı turnirlərdə isə hamımız Azərbaycanımızı təmsil edirik. Nə qədər uğurlu olsaq, ölkəmizin reytinqi bir o qədər artacaq. İnanıram ki, qarşıdan gələn avrokubok mövsümü ölkəmiz adına uğurlu olacaq.

 

 

CEYHUN ƏLİYEV
 

16 Oktyabr 2019
15 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB