TOP 10

Qurbanov baxışa gələnləri dəyərləndirdi, püşkdən gözləntisini açıqladı: "Avropada çıxış edən afrikalı futbolçulara da baxırıq"

Futbol
Tarix: 2019-06-18 14:00

"Qəbələ" bu həftənin ilk günündə doğma məkanda bir araya gələrək Avroliqaya hazırlığa başlayıb. İki hissədən ibarət olan məşqdə əvvəlcə futbolçular fiziki hazırlıq keçib, ardından meydanda məşq ediblər. Sənan Qurbanovun rəhbərliyi altında baş tutan hazırlıqda əsasən toplu çalışmalar yerinə yetirilib. Gənc mütəxəssis Sport24.az-a müsahibəsində ilk məşqi dəyərləndirməklə başlayıb. 

 

- İyulun 17-də Qəbələdə toplaşaraq hazırlığa başladıq. Hamı məşqə qoşuldu, zədəlimiz yoxdu. İnşallah, çalışacağıq ki, yeni transferlərimiz Qəbələyə gəlsin. Ən azından 1-2-si gəlsə, bizim üçün faydalı olar. Türkiyə toplanışına ilk gündən tam komplektləşmiş formada başlamaq istəyirik. 

 

- Üç legioner transfer edəcəyiniz açıqlanıb. Kimlərlə danışıqlar aparırsınız?

- Baxdığımız legionerlər çoxdu. Sadəcə, kimi bəyəniriksə, qarşı tərəfdən gərək müsbət cavab alaq ki, nəsə bir müsbət şey yaşansın. Gözlədiyimiz futbolçularla pulla bağlı və ya klublarıyla danışıqlar gedir. Transferlərlə bağlı işlərimizi daha da sürətləndirmişik. İnşallah, yaxın günlərdə bilinəcək. 

 

- Hansı ölkələrin, hansı mövqelərin futbolçularıdı?

 - Avropadan da baxdığımız futbolçular var, Afrika ölkələrindən də. Həmin afrikalılar Avropada çıxış edirlər. Say çox olduğundan geniş seçim imkanımız var. Cinah yarımmüdafiəçisinə, oyun qurucusuna, mərkəz hücumçusuna baxırıq. 

 

- Neçə futbolçuyla Qəbələdə hazırlığa başlamısınz?

- 22 nəfərlə məşqə çıxdıq. Davit Volkov, Anar Nəzirov, Rasim Ramaldanov, Bəhlul Mustafazadə, Amin Seydiyev, Rövlan Muradov bizimlədi. Akademiyamızdan olan gənc futbolçular var ki, yavaş-yavaş nəzərdən keçiririk. Onlar artıq bizə qoşuldular - İdris İnqilablı, Veysəl Rzayev. Eyni zamanda U-19 millimizin üzvləridirilər. Cavan kadrlarımız çoxdu. 

 

- Futbolçuların hazırda fiziki, psixoloji durumları necədi?

- Deyərdim ki, gənc futbolçu olaraq hamısı istəklidi. Birinci məşq olmasına baxmayaraq, çox yaxşı keçdi. Görünən odur ki, gənc futbolçularımız həm də milli komandalardan gəldiklərinə görə məşqsiz deyillər. Akademiyamızda da mövsüm yeni bitdiyindən, futbolçuların hazırlığı yaxşıdı. 

 

- Asif Məmmədovun düşərgədə olmaması nəylə bağlıdı?

- Asif hələ bizimlə deyil. Onu da komandamızda görmək istəyirik. Ancaq bu, hələ rəsmiləşməyib. Yəqin ki, qarşıdakı günlərdə Məmmədovun də məsələsinə aydınlıq gələr. 

 

- Bir neçə futbolçunu baxışdan keçirirdiniz. Onlardan kimisə götürəcəksiniz?

- Bu dəqiqə baxışda olan futbolçu yalnız Orxan Əliyevdi. Fuad Bayramov, Oruc Balaşlı, Tural Rzayev və "Zaqatala"nın bombardiri olmuş Cavad Kazımova baxdıq. İyunun 15-də bir araya gəldik və həmin müddətdə baxışa gələnləri nəzərdən keçirdik. Yekun nə olacaq, bunu zaman göstərəcək. Onlara "hə" də deməmişik, "yox" da. Baxdıq, material var, fikirləşəcəyik. Bilirdilər ki, iyunun 15-dən 17-dək onları sadəcə, nəzərdən keçirmək istəyirdik informasiya toplamaq üçün. 

 

- Uzun müddətdi zədədən əziyyət çəkdiyinə görə oyun praktikası sarıdan korluq çəkən Orxan necə təəssürat oyadır?

- Məşqlərdə pis görünmür. Qarşıda hələ zamanımız var. İyunun 29-da "Zirə"ylə Bakıda yoxlama matçınadək qərar verəcəyik. Həmin vaxtadək bilməliyik ki, Əliyevi Türkiyəyə aparırıq, ya yox. 

 

- Hələ ki açıqlanan transferləriniz keçmiş futbolçularınız Sadiq Quliyevlə Kamal Mirzəyevdi. Klubun yetirmələri indi hansı formadadırlar?

- Onlar da ilk gündə bizə qoşuldular. Məşqdə yaxşı idilər. Bildiyiniz kimi, akademiyamızın futbolçuları olublar və yenidən sıralarımıza qayıtdılar. Görürən odur ki, istəkli idilər. Öz evlərinə qayıtmaları hiss olundu. 

 

- Başqa yerli transferiniz olacaq?

- Deyərdim ki, qapıçı Tərlan Əhmədlini və baxışda olan Orxan Əliyevi nəzərə almasaq, daha yerli futbolçu götürməyəcəyik. Çünki akademiyamızın yetirmələri də artıq Premyer Liqa təcrübələri yığırılar. Maşallah, onların sayı çoxdu. Bu mövsüm gənc futbolçularımıza şans verəcəyik. Hanıslar ki, bizə siqnal ötürürlər, yeni adlar çıxarmaq istəyirik. Onu da nəzərə alaq ki, "Sumqayıt"dan icarədən qayıdan Yusif Nəbiyevlə Ülvi İsgəndərli də dönüblər. Qayıdan bu futbolçuların hamısı özlərini çox yaxşı tərəfdən göstərirlər. Meydançada çalışmalarıyla hiss olunurdu ki, "Qəbələ" onların evləridir, rahat idilər. 

 

- Bəhlul Mustafazadə "Qəbələ"də qalacaqmı?

- Bilirik ki, onunla maraqlanan klublar vardı. "Qəbələ"yə Bəhlulla bağlı rəsmi təklif olsa, biz də istəyərik ki, gedib Avropada oynasın. Həmişə bunun tərəfdarıyıq. Bu, artıq kluba aid olan məsələlərdi və yəqin ki, qarşıdakı günlərdə aydınlıq gələr. Azərbaycanda qalası olsa, "Qəbələ"də oynayacaq. 

 

- Amin Seydiyevlə "Qarabağ"ın maraqlandığı deyilir...

- Kluba rəsmi təklif gəlməyib. 

 

- Bəs, nigeriyalı Ceyms Adeniyi ilə bağlı təkliflər nə yerdədir?

- Adeniyinin bizimlə müqaviləsi var. Ona da təkliflər gəlməkdədir. Rəhbərliyimiz onu dəyərləndirəcək. Ceymsin də məsələsinə yaxın günlərdə aydınlıq gələcək. 

 

- Komandanız daha da zəifləyib, ölkə Kubokunun qalibi olduğuna görə isə birbaşa ikinci təsnifat mərhələsindən mübarizəyə başlayacağınızdan, daha güclü rəqiblə düşəcəksiniz. Püşkdən gözləntiniz nədir? Ciddi narahatçılıq varmı?

- Hamımız istəyərdik ki, heyətimiz yaxşı, təcrübəli futbolçulardan ibarət olsun. Komandamızın heyəti hələ tam formalaşdırılmayıb. Avroliqada mübarizəyə başlayacağımız iyulun 25-dək bu prosesi tam yekunlaşdırmağımız mümkün deyil. Ona görə ki, hələ transferlərimizi reallaşdırmamışıq. Kimlər o gün meydana çıxacaqsa, məsuliyyəti dərk etməklə, istəkli olmaqla mübarizə aparmalıdı. Onsuz da ikinci mərhələdə zəif rəqib olmur. Çıxıb canla-başla oynamaq lazımdı. Başqa edəcəyimiz bir şey yoxdu. Bütün potensial rəqiblərimizi ən azından gözdən keçirmişəm. Hamısı yüksək səviyyəli komandalardı. Nəzərə alaq ki, bu dönəmdə hazırlıq dövrü çox böyük rol oynayacaq, Çünki istirahətdən qayıdan komandalar bəzən istədiyi formanı yığa bilmirlər. Çalışacağıq ki, biz də bundan istifadə edək. Bizim millidə olan futbolçuların məşqsiz olmadıqlarını nəzərə alırıq. Sadəcə, istəyimiz budur ki, transferlərimiz daha tez reallaşsa, o formanı bərpa edə bilsək, məncə, normal olacaq.

 

 

 

MEHMAN SÜLEYMANOV

20 Iyul 2019
19 Iyul 2019
B.eÇ.aÇC.aCŞB