TOP 10

"Səbail" Banskoya getdi - Mirabdulla Abbasov ora yollanmaq üçün Bakıya gəlməlidi

Futbol
Tarix: 2019-06-18 12:07

"Səbail" Avropa Liqasına hazırlığın əsas mərhələsini keçirmək üçün Azərbaycanı tərk edib. Sport24.az xəbər verir ki, komanda səhər saatlarında Bakı-Sofiya hava reysilə Bolqarıstan paytaxtına yollanıb. "Dənizçilər" ordan təlim-məşq toplanışı keçəcəkləri Bansko şəhərinə avtobusla 2 saatlıq yol qət edəcəklər.

 

Baş məşqçi Aftandil Hacıyev Bolqarıstanda bir neçə futbolçunun gəlişini gözləyəcək ki, qapıçıları da nəzərə alsaq, ümumi say 21 oyunçu olacaq. Bakıdan 16 futbolçuyla yola çıxan Hacıyev əvəzedici komandasından bir gənc oyunçusu səfərə aparıb. Bu, U-19-un üzvü olan sol cinah müdafiəçisi Murad Məmmədovdu.

 

Gənc mütəxəssis Bolqarıstanda 2 futbolçusunun yolunu gözləyəcək. Bunlar məşhur qanalı yarımmüdafiəçi Maykl Essyenlə millimizin üzvü Ağabala Ramazanovdu. Məlumdu ki, Essyen uzun illər çıxış etdiyi "Çelsi"nin heyətində Londonda xeyriyyə oyununda iştirakla əlaqədar icazə alıb və onun birbaşa Bolqarıstana gəlməsi nəzərdə tutulmuşdu. Ağabala isə millinin matçlarından sonra xaricdə istirahətdədi və o da Banskoda hazırlığa qoşulacaq. "Səbail"in milliyə cəlb olunan digər üzvü - sol cinah müdafiəçisi Şəhriyar Rəhimov isə Bakıda məşqlərə qoşularaq komandayla birgə səfərə çıxıb.

 

Qalan gələnlər yeni transferlər olacaq ki, bunlardan hələ ki bilinəni "Zirə"dən ayrılan fransalı yarımmüdafiəçi Bilal Həmdidi. Onunla Bolqarıstanda rəsmi müqavilənin imzalanması nəzərdə tutulub. Həmdiylə yenidən komanda yoldaşı olacaq həmyerlisi Dilan Duventru isə "Səbail"ə keçidini Bakıda rəsmiləşdirərək səfərə çıxıb.

 

"Səbail" mərkəz hücumçusuyla bağlı bütün ümidlərini bağladığı "Neftçi"nin futbolçusu Mirbabdulla Abbasovun da yolunu artıq Bolqarstanda gözləyəcək. Bu məsələyə qarşıdakı günlərdə tam aydınlıq gələcək. Onsuz da Mirabdulla milliyə cəlb olunduğundan hazırda istirahətdədi və "Səbail"ə keçidi artıq həll olunsaydı belə, düşərgəsinə gec gələcəkdi. Hazırda xaricdə dincələn 24 yaşlı forvardın Bolqarıstana getməsi üçün Bakıya gəlib viza alması lazımdı. Abbasov "Neftçi"də qalası olsa, onda "Səbail" mərkəz hücumçusu mövqeyinə legioner axtarmalı olacaq ki, bu da indiki vaxtda əlavə qayğıdı. Avropa Liqasına vaxtın az qalması debütanta əlavə çətinlik yaradır. Yeni hücumçu transfer etmək mümkün olmazsa, Bansko toplanışında bununla bağlı alternativ variantlara əl atılacaq. 

 

Qeyd edək ki, "Səbail" 4 yoxlama matçı keçirəcəyi Bolqarıstandakı hazırlıq prosesini iyulun 2-də bitirərək Vətənə qayıdacaq. 

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB