TOP 10

“Qəbələ”nin “eynəkli funksioneri”ylə tet-a-tet: "Tarixdə qalan nəticə yox, qəhrəmanlardır"

Futbol
Tarix: 2019-06-17 12:26

Jurnalistikadan başlayıb klub funksionerliyində fəaliyyət göstərən az insan olmayıb. Bunları üç kateqoriyaya bölərdik:

1) vəzifə aldıqdan sonra dünəni unudanlar;
2) vəzifə aldıqdan sonra zərrə qədər dəyişməyənlər;
3) vəzifə aldıqdan sonra daha da sadələşənlər.

 

Həmsöhbətimiz 3-cü kateqoriyaya aid etdiyimiz qrupun üzvlərindəndi. Təmkinli, kübar, mədəni, alicənab. Onu heç eynəksiz xatırlamıram. Belə fikir formalaşıb ki, o, əl-üzünü yuyanda da eynəyini çıxarmır. Söhbət “Qəbələ” futbol akademiyasının direktor müavini Nail Kərimovdan gedir. Uzun illərdi yeniyetmə futbolçularla çalışır. Bu zaman kəsiyində Azərbaycan ölçüləri ilə ən şəraitli akademiyada işləyib. Lakin mayın 30-da “Qəbələ”də büdcənin kəskin şəkildə azaldılması barədə informasiya rəsmiləşdi. Belədə, klub öz yetirmələri, akademiyanın uşaqları ilə yola davam edəcəyi də müəyyənləşdi. Deməli, Kərimovun üzərinə düşən yük və məsuliyyət xeyli artdı.

 

 

"Akademiyamızda ixtisarlar olub, amma elə hesablamışıq ki, bu keyfiyyətə təsir etməsin"

- “30 may inqilabı”ndan sonra akademiyada durum necə görünür?
- Əvvəla onu deyim ki, bu, “30 may inqilabı” deyil. Növbəti mövsümün büdcəsini də, planlarını da bir neçə ay əvvəldən qurmuşduq. Bizi nə gözlədiyini bilirdik və ona əsasən də hazırlaşırdıq. Hələ bir neçə ay əvvəl, konkret desəm, fevral ayında akademiyanın növbəti mövsüm üçün planları necə görünürdüsə indi də olduğu kimi davam edir. Düzdür, bir az azaldılmış büdcə ilə, amma əvvəlki templə, əvvəlki səliqə ilə işimiz davam edəcək. Bura da digər klublarda olan istedadlı uşaqları cəlb etmək, Qəbələnin ucqar kəndlərindən necə ki, əvvəl avtobusla aparıb-gətirirdik, yenə də eyni qaydanı qorumaq, uşaqları topla, formayla, inventarla təmin etmək, məşqçi heyətimizi qoruyub saxlamaq, maaşlarını vaxtında vermək daxildi. Onu da deyim ki, bizim məşqçi heyətimizdə, ümümiyyətlə personalımızda maaş azaldılması yoxdu. Bir neçə nəfərlə yollarımızı ayırmışıq, ixtisarlar olub, amma elə hesablamışıq ki, bu keyfiyyətə təsir etməsin. Akademiya yataqxanamız 73 nəfərlikdi. Bura U-19-dan ən az yaşlıya qədər futbolçularımızın yerləşdirilməsi və məişət problemlərinin həlli daxildi. Bunlar hamısı da yerindədi və davam edəcək. Gələn mövsüm üçün də 73 nəfər qalacaq yataqxanada. Komandalarımızın Azərbaycan çempionatında iştirakı, onların səfər xərcləri, yemək-içməkləri, bir sözlə orta səviyyəli bir akademiyanın fəaliyyət göstərməsi üçün nə lazımdırsa gələn mövsüm olacaq. Hazırda ötən mövsümlərlə müqayisədə açıq qalan tək mövzü beynəlxalq yarışlarda iştirakdır ki, bunu da alternativ yollarla həll etməyə çalışacağıq.

 

- Kubokun finalından sonra məşqçiniz Zaur Həşimov bildirdi ki, kubok oyunun nəticəsi bir başa büdcəyə təsir edəcək. Əgər büdcə fevralda bilinirdisə, o, niyə belə açıqlama verirdi?
- Mən daha çox akademiya haqqında danışmağa üstünlük verirəm. Həşimovun açıqlaması ilə bağlı, ümümiyyətlə əsas komandadın işləri ilə bağlı bildiklərim ya bilmədiklərim haqda danışmaq istəməzdim.

 

- O zaman mövzunu belə qoyum ki, mən “30 may inqilabı” deyərkən onu nəzərdə tuturdum ki, görünən budur ki, “Qəbələ” ötən mövsüm I Divizionda təmsil olunsaydı, bu gün gəncləriniz daha hazırlıqlı olardı və artıq belə oda atılmazdılar. O baxımdan deyirəm ki, hazırdılarmı?
- Bu haqda indidən bir söz deyə bilmərəm. O ki, qaldı uşaqların gələn mövsüm çətinlik çəkəcəyinə, hazırki heyətimiz də o qədər “bişməmiş” deyil. İndi əsas komandaya oyunçu alınmayacaq söhbəti də yoxdu. Təxminən 5-6 transfer də nəzərdə tutulub. Yaxın günlərdə onlar da olacaq. Anar Nəzirov kimi liderlik keyfiyyətləti olan qapıçımız var. Ötən mövsüm əsas heyətdə oynayan oyunçularımız var. Qismət, Amin, Bəhlul və.s. var ki, onlar da bizimlə yola davam edəcəklər. Yusif Nəbiyev kimi icarədə olan və müqaviləsi bitən oyunçularımız var ki, geri qayıdıblar və onların da elita təcrübəsi var. Heyət formalaşdırılacaq. Bir neçə oyunçumuz var ki, bəlkə onlar bu yükü götürməyə hazır deyillər. Hazırki vəziyyət budur və biz buna uyğun davranmalıyıq. Bu hadisələr 5-6 il əvvəl olsaydı, akademiyamıza bu qədər arxalanmazdıq. İndi isə güvəndiyimiz potensiallı oyunçularımız var. Necə ki, Amin Seydiyev oynadı və mövsümün tapıntılarından biri oldu. Bəhlulu da bura əlavə edərdim. Bəhlul “Sumqayıt”dan bizə gəldi, əsas heyət oyunçusuna çevrildi və millinin də heyətinə daxil ola bildi. Ən əsası, artan templə də davam edir. Burdan da o nəticəyə gəlirik ki, hələ tanınmayan bir neçə belə oyunçumuz var ki, onlar da özlərini sübut edəcəklər.

 

 

"Amin Seydiyevin komanda yoldaşı olmuş Hacıağa Hacılı qışda “Qarabağ”a keçdi, amma biz onun potensialını görməmişdik"

- Adlarını çəkdiyin oyunçular həqiqətən tapıntıdılar. Üçlüyü özün dedin. Məsələn,  Amini qışa qədər tanımırdım. Başqa kimləri qeyd edə bilərsən ən azı bu üçlük qədər perspektivli?
- U-13 komandamızdan 25-30 uşaq gəlib keçib. Aminin özü də o yaşda olan qrupda başlamışdı. Ələnə-ələnə say azalırdı, amma bu gün həmin heyətin şəklini götürüb baxsam ən azı 18 nəfər peşəkar futbol oynayır hazırda. “Qəbələ”də, digər klublarda, divizionda...Təbii ki, proqnoz da vermək olmaz ki, kimlər önə çıxacaqlar. Ola bilər ki, olmasın heç. Mən gözləyim, amma uşaqda alınmasın gələcəkdə​. Peşəkar karyera tam başqadı. Burda çalışqanlıq da bəs etmir. Xarakter, şans məsələsi var. Saysız-hesabsız şərt var peşəkar oynamaq üçün.​ Məsəlçün, bizdə Aminin komanda yoldaşı olmuş Hacıağa Hacılı qışda “Qarabağ”a keçdi, amma biz onun potensialını görməmişdik. Gələn mövüm görə bilərik yəqin ki. Yaşda böyük olanlar var. Tellur var ki, mövsümü tam oynadı “Zirə”də. Ülvu, Ehtiram var idi “Sumqayıt”da. İndi adını çəkmədiyim başqa uşaqlarımız da var.​ Bizdə isə Qismət var, Rövlan var ki, mövsümün əvvəlindən komandayladılar, oynayırlar. U-19 -dan qoşulan Nuriyev Rüstəm, Məsimov Vüsal, Qurbanov Şamil, İdris İnqilablı və başqa oyunçular var . Amma bu, o demək deyil ki, adını çəkdiklərim mütləq oynayacaqlar. Bu qumar kimi​ bir şeydi, ona görə də əvvəldən nəsə demək də olmur. Ola bilər ki, indi adını çəkmədiyim oyunçu mövsümə U-19-da başlasın, amma mövsümün digər yarısında əsas komandada özündən söz etdirsin.

- Cavabınla razıyam. Adını çəkdiyin oyunçularda qismən potensial var. Amma məsəlçün Rövlan inanmıram ki, nə vaxtsa millidə yer alar. Ümumiyyətlə, bizim oyunçularda hücuma meyllilik çatmır. Səncə bu mərəz nədən qaynaqlanır?
- Dünyanın hər yerində olduğu kimi, bizdə də legioner gətirəndə çalışıb hücüm xəttinə alırsan. Bizdə də əsas komandaya legioner alanda hücumameylli alınıb. Fikrimcə, əsas səbəblərdən biri də məhz budur. Elə öz akademiyamızı nəzərdə tuturam ki, bizdə hücumçular parlaya bilmirlər. 2009-cu ildən akademiyanı qurmuşuq. Mən o vaxtdan bəlkə də on minlərlə uşaq futbolu oyunlarına baxmışam, hər zaman məni də düşündürən suallardan biri bu olub. Bu gün bizim hücumçu problemindən danışırıqsa burda məncə, cəsarət faktoru da ön plana çıxır. Azərbaycanlı futbolçuda özgüvən, cəsarət nisbətən aşağı olduğuna görə hücüm məsələsini tam reallaşdıra bilmirik. Qapıçı mövqeyi də həmçinin. Heç kimə sirr deyil ki, bizdə yaxşı qapıçı da az olub. Geriyə baxanda da “Neftçi”nin qapısını hər zaman rus əsilli azərbaycanlılar qoruyub. Jidkov, Romenski, Kramarenko olub. Son dövrlərdə yerli qapıçılar müəyyən qədər özlərini göstərə biliblər. Həm qapıçı, həm də mərkəz hücumçusu üçün cəsarət böyük rol oynadığına görə axsama uzun illər davam edir. Müdafiəçi ​ yetişdirmək isə asandı, yəni bizim təbiətimizə uyğundu. Müstəqillik dövrümüzdə yetişən mərkəz müdafiəçilərinə də baxsaq onlar da barmaqla sayılacaq qədərdir. 10 illərlə Azərbaycan millisində mərkəz müdafiəçisi azərbaycanlı olmayıb. Bu gun Bədavi oynayır. Mütləq kənardan bir müdafiəçi gətirməyə çalışmışıq. Mütləq Rəşad Sadıqov, yaxud Tərlan Əhmədovun yanında qıraqdan gətirilən müdafiəçi olub. Yəni biz bu ölkədə yan-yana oynamaları üçün iki azərbaycanlı mərkəz müdafiəçisi tapmamışıq. Xatırlayarsan yəqin, Rəşad da başqa - ön müdafiəçi mövqeyində oynayırdı. Sonradan Tərlan, Arif gedəndən sonra Rəşadı məcburiyyətdən mərkəz müdafiəçisi oynatdılar.

 

 

"İkinci Bəhlul Mustafazadəmiz var, yaşı az olduğu üçün adını deməyəcəyəm"​


 

- Keçək digər qlobal nöqtələrə. O nöqtələrdən də biri mərkəz müdafiəçisidir. Azərbaycanda hazırda ən güvənilən mərkəz müdafiəçisi Bəhlul Mustafazadədir. Fəxr edə bilərsiz ki, o da sizin akademiyanın yetirməsidi. İkinci Bəhlul var?
- Var. Yaşı az olduğu üçün adını deməyəcəm. 15-16 yaşı var. Yəqin ki, müsahibəmi ya özü, ya da məşqçilər korpusumuz oxusalar biləcəklər kimi nəzərdə tuturum. Göstəriciləri yüksəkdi, boyu yaxşıdı, cəldliyi, çevikliyi var. Kifayət qədər ağıllıdır. Bizə qalır ki, təbiətin verdiyi o istedadı korlamayaq. Ona çox cüzi texnika və taktika əlavə edək ki, bu uşaq yüksək səviyyəyə gəlib çata bilsin. Ona qədər və ondan sonra da var. Hazırda isə real gördüyümüz odu. Solaxaydı. Millidə də solaxay mərkəz müdafiəçisi xatıramıram. Tərlan Quliyev bir neçə oyun oynadı, vəssalam. Bizə gəldiyi bir neçə il olsa da, biz 2 ildir ki, onu sırf millidə Bəhlulla çiyin-çiyinə oynamağı üçün çalışırıq. Düzdür, indi millidə Anton oynayır, amma o da Azərbaycan futbolunun yetirməsi deyil. Və biz çalışırıq ki, ən azı Antondan daha yaxşı oyunçu yetişdirib ortaya çıxaraq. Onun və onun kimi seçilən oyunçularımız üzərində ən xırda detala qədər, gündəlik həyatından tutmuş həyatındakı hər hansı çatışmamazlığa qədər iş aparırıq.

 

- Hər il 2 dəfə seleksiya işləri aparırsız. Uşaqlarla işləyirsiz. Təcrübən də var. Səncə, Mirabdulla Abbasov bayaq dediyin cəsarətli futbolçu ola bilərmi?
- Əvvəlcə qeyd edim ki, mən Mirabdullanı yaxından tanımıram. Səhv etmirəmsə, 1995-ci il təvəllüdlüdür. Bizim akademiyada oynamayıb deyə yaxından da tanımıram. Azərbaycanda futbolçu yetişməsinin bir məqamı da var. Məsəlçün “Barselona”da akademiyada olan oyunçu 19 yaşında debüt eləmirsə, heç vaxt etmir. 19 yaşına kimi əsas komandada ilk oyununa çıxırsa, demək oynayacaq, çıxmırsa, yox. Bu, mənim müşahidəmdi. Azərbaycanlı futbolçu isə 19 yaşında mental cəhətdən hazır ola bilmir. Loru dildə desək, bizdə kişi kimi formalaşmaq 23-25 yaş arası baş verir. Ola bilər indi kimisə nümunə göstərəsiz mənə, amma 5 nəfərdən artıq ad çəkə bilməzsiz. Halbuki Slovakiyadan 500 nəfər saymaq olar, Litvadan 300 nəfər. Biz isə atamız bizi evdə tək qoya bilənə kimi kişiləşə bilmirik. Ona görə də, Ekvadorda məsəlçün desək ki,​ bizdə 95 təvəllüdlü futbolçu var və biz onun açılmağını gözləyirik, bizə gülərlər ki, 25 yaşı var, bu nə vaxt açılacaq? Dünya və Avropada hücumçunun ən parlaq dönəmləri 27-28 yaşında olur da. Bizdə belə çıxır ki, bu dövr 30-31 yaş olur. Belədə də 31 yaşında mental olaraq hazır olur, amma artıq fiziki cəhətdən bacarmır. Bütün mövqelərdə belədir. Belə qəribə bir mənzərə ilə qarşılaşırıq. Bizdə oyunçu olub ki, 24 yaşında kişiləşdi, halbuki 23 yaşında da oynaya bilərdi, amma məhz 24 yaşında bərkidi.

 

 

"Sual oluna bilər ki, necə olur “Mançester Yunayted” Reşfordu üzə çıxara bilir, amma “Qəbələ” yox?"

- “Sumqayıt”ın prezidenti Riad Rəfiyev açıqlama verib ki, başa çatan mövsümdə bir oyunda ən çox gənc oyunçu oynadan “Sumqayıt” olub. “Qəbələ” kimi akademiyanız var. Bu açıqlama sizi utandırmadı?
- Uzun illər yaxşı büdcə ilə yüksək yerlər uğrunda oynamışıq. Ona görə gənclərin heyətə düşməsi az olub. Bu haqda özümüz də çox müzakirə etmişik. Mən bizim məşqçilərlə də mübahisə etmişəm ki, İngiltərə Premyer Liqasında limit olmasa da, 3-4 belə gənc oyunçu oynayırdı heyətdə. “Arsenal”, “Çelsi”, “Mançestrr Yunayted” və.s klubların heyətinə baxsaq, 2000-2001 təvəllüdlü uşaqlar oynadırlar. Sual oluna bilər ki, necə olur “Mançester Yunayted” Reşfordu üzə çıxara bilir, amma “Qəbələ” yox? Qardaş, bizim də səviyyə budur da. Ölkə olaraq geriyə qalırıq çox.

 

- Razıyam, amma Reşfordu nəzərdə tutmuram. “Qəbələ” öz səviyyəsinə uyğun da 2 oyunçu çıxarıb oynada bilmədi axı...Bu səhvi etiraf edirsən?
- Razıyam. Hər zaman demişəm, akademiyada məşqçi əsas məşqçilərə oyunçu təklif etməlidi, müdafiə etməlidi, əsas komandanın məşqçiləri də həmin uşaqda nəsə zəif nöqtə tapmalıdı və belə kəllə-kəlləyə gələ-gələ hansısa nəticə əldə olunmalıdı. Konkret bu mövsümə gəldikdə isə biz də kifayət qədər gənc oyunçu oynadan komanda olmuşuq. Eyni anda 4 yetirməmiz start heyətində oyuna çıxdığı vaxt olub. Məncə, bu, heç bir klubda yoxdu. Əvvəlki mövsümlər üçün həmin açıqlama kəçərli ola bilərdi, amma bu mövsüm biz gənc oyunçulara kifayət qədər şans vermişik. Bəhlul, Amin bir çox oyunda start heyətində başlayıblar. Bəzən Qismət də onlara qoşulub.

 

- Müstəqillik dövründə çıxış edən bir çox klub artıq tarixin yaddaşına qovuşub. Qəbələ” də ən çox ​ “Bakı” və “Xəzər Lənkəran”a ​bənzədilir. Əvvəl akademiya oyunçuları ilə davam etdilər, sonra sonuncu yer və daha sonra dağıldılar. Düzdü, bu fikri absurd hesab edirəm. Çünki onlardan fərqli olaraq “Qəbələ” nəticə verib - iki dəfə AL qrupuna vəsiqə qazanıb. Digər tərəfdən adını çəkdiyim klublardan fərqli olaraq “Qəbələ” qohumluq əlaqələri ilə idarə olunmayıb. Bu mövsüm yanılmayacağıq?
- Biz bütün gücümüzü səfərbər etmişik ki, bu mövsüm hamıya xoş anlar yaşadaq. Adını çəkdiyin xoş insanlardan təəssüf ki, sıralarımızı tərk edənlər var. Düzü mən gözləyirdim ki, Səbuhi Səfiyarlinın ayrılması xəbəri çıxan kimi başqa bir xəbər çıxacaq ki, o, digər bir kluba dəvət olundu. Hələ də belə bir xəbər olmamasına təəccüblənirəm. Azərbaycanda bu işi bilən neçə Səbuhi var ki? İntellektaul, yerini bilən, hündürboy (gülür) və ilk gün olduğu qədər indi də elə həvəsli, məqsədyönlü. Adətən adam “doyar” da kuboklar, çempionluqlar görsə. Səbuhi doymur. Yenə də qalan kollektivlə xoş sürpriz edəcəyik. Mən demirəm biz gələn mövsüm böyük nəticə göstərərik, amma həm biz, həm uşaqlar hazırdılar. Heç kimin şübhəsi olmasın ki, ən azı hamı bizim haqqımızda xoş danışacaq.

 

 

"Sonuncu olmaq üçün​ yola çıxmaqdansa çıxmamaq daha yaxşı olar"

- Müsahibəyə səni dəvət etməyimin səbəblərindən biri də artıq akademiyaya böyük bir yükün düşəcəyi oldu. Məhz akademiya məşqçiləri üçün gələn mövsüm sonuncu olmamaq real görünürmü?

- Yüz faiz elədi. Onsuz da elə olmasa, yola çıxmağa dəyməz. Ondansa “obyekti” bağlayıb gedərik. Sonuncu olmaq üçün​ yola çıxmaqdansa çıxmamaq daha yaxşı olar. 3-4 il əvvəl olsaydı belə əmin danışmazdım. Amma indi bunu mən demirəm, hamı deyir biz bayaq dediyim kimi, Reşford olmasa da, Azərbaycan səviyyəsində oynaya biləcək futbolçu çıxarda bilərik. Bu futbolçuları da görəcəyik gələn mövsüm. Adla demək olmaz, uşaqların 18-19 yaşı var, hələ keçid mərhələsindədilər. Onlardan da bir neçəsinin parlayacağına şübhə olmasın. ​


- Belə bir duyğusal sual da verim. Akademiya yetişdirir və vidalaşır. Olub ki, ağlamısan kiminləsə vidalaşanda?
- Yox, heç vaxt. Ümumiyytlə, emosiyalarım daxilimdə olur. Nadir hallarda büruzə verirəm hisslərimi. Başqa nəyəsə ağlayaram, amma buna yox.

 

- Olub ki, hansısa istedadın zədə və ya ailə probleminə görə parlaya bilməməsinə peşman olmusan?
- Futbolçular olub ki, mən gözləyəndən daha zəif çıxıblar oyuna. Ümumi isə hansı oyunçunun üzə çıxacağını proqnozlaşdırmışıq, onlarda alınıb. Harasa gediblər, ya da gətməyə doğrudurlar. Ən böyük itkilərimiz fiziki inkişafda olub. Bəzi futbolçular o gücü vaxtında qazana bilməyiblər.

 

- Kimin günahıdı?
- Bir növ təbiətin verdiyi bir şeydi. Futbolçuya müəyyən qədər kömək etmək olur və biz o köməyi etmişik. Amma müəyən qədər etmişik, tam edə bilməmişik. Burda bir məqam da ortaya çıxır. Lap başda mən dedim ki, gələn mövsüm üçün orta səviyyəli akademiya saxlamağa qadir olacayıq. Yaxşı akademiya olmaq üçün dediyim o gücü tam verə bilməkdi.

 

- Yəni akademiya o gücü verə bilmir?
- Hazırda bizim əlimizdə o imkanlar məhduddur. Daha 5-6 cəhət var ki, istərdim onları da yüksək səviyyəyə çatdırım. Onda bizim akademiya daha güclü olardı. Uşaqlar da daha güclü futbolçu, daha yaxşı şəxsiyyət kimi yetişərdilər.

 

- Daha bir vacib məqam - Bəhlul və digər artıq üzdə olan oyunçularla akademiyada görüş keçirirsizmi?
- Qətiyyən etmirik.

 

- Səbəb?
- O futbolçuların da performansına təsir etməmək üçün etmirik.

 

- Ayda bir saat vaxt ayıra bilməzlər?
- Söhbət vaxt itkisindən getmir. İstəmirik o səviyyəyə gətirək ki, hansısa futbolçu gəlib öyrənib indi də sizə öyrədəcək. İstəmirik onlara o hissi yaşadaq ki, sən artıq zirvədəsən və gəlib kimisə öyrədə bilərsən. Yaşda ən böyük Hesab edirik ki, hələ çox tezdi. Akademiyadakı uşaqlara o yolu başqa vasitələrlə izah etməyə çalışırıq. Bəzən üzdə olanlar haqda təqdimat hazırlayırıq. Məsəlçün Bəhlul 14 yaşında gəlmişdi və onun haqqında təqdimat hazırlayırıq. Təbii ki, Bəhlulun xəbəri olmadan.

 

"Qəbələ"dən gedən bir nə futbolçudan fədakarlıq gözləyərdim, belə fədakarlıq ki..."

- Artıq Elvin Camalov da komandanı tərk edib. Düzdür, çalışdı özünə bəraət qazandırsın. Bəzi səbəblər göstərdi. Səncə,  nəyə görə, məsələn, Kasilyas, Totti, Banişevski, Nedved kimi oyunçular son ana qədər öz klublarına sadiq qalırlar, klubları üçün əfsanə olurlar, amma yetirmələriniz komandanı ən çətin anda buraxıb gedir?
- Dediyiniz oyunçular gəldilər sivil qaydada halallıq aldılar. Düzdür, məndən yox, eşdiyimə görə, rəhbərlikdən. Sonra getdilər. İndi deyəcəyim fikir də klubun yox, mənim şəxsi mövqeyim olacaq. Mən bir neçə nəfərdən fədakarlıq gözləyərdim. Belə fədakarlıq ki, biz ona get desək belə, o, getmirəm , qalıram deyərdi. Bunu demək də çox çətindi. O vaxt “ Yuventus” B Seriyasına düşəndə də bunu yalnız 5-6 futbolçu deyə bilmişdi. Onlar qaldılar tarixdə. Futbolda belə deyim var: “Tarixdə nəticə qalır”. Elə deyil. Tarixdə qəhrəmanlar qalır . İndi heç kim DÇ-74-ün qalibini bir anda yadına salıb deyə bilməz. Pelenin, Maradonanın qəhramanlıqlarından isə hamı danışa bilər. Hamı Qvardiolanın oynatdığı futboldan uzun illər danışacaq. “Totenhem”in finala çıxmağını isə heç kim xatırlamayacaq. Əvəzində isə “Ayaks”ın oynadığı futbol uzun illər danışılacaq. Tarixdə qalan nəticə yox, qəhrəmanlardı, insanlardı. Qəhrəmanlıq etmək isə çox çətindi. Bəlkə mən də edə bilməzdim həmin qəhrəmanlığı.

 

- Müsahibə baş tutdu. Necə idi?
- Bəzən insan hər şeyi danışa bilmir. Buna iş gizliliyi mane olur. Buna şəxsi münasibətlər mane olur. Buna digər məsələlərə qarışmamaq kimi məqamlar mane olur. Mən çalışdım ki, nə deyə bilərəmsə, nə qədər deyə bilərəmsə hamısını deyim. Sonuncu sualı çıxmaq şərti ilə digər bütün suallara şəxsi prizmadan cavab vermədim. Tutduğum vəzifənin tələb etdiyi formada cavab verdim. Ancaq sonuncuda şəxsi, öz içimdən gələni çılpaqlığı ilə söylədim.​


 

CEYHUN ƏLİYEV

23 Sentyabr 2019
22 Sentyabr 2019
B.eÇ.aÇC.aCŞB