TOP 10

Hacıyev 2 əcnəbi mərkəz müdafiəçisinin transferinin həllini gözləyir: "Dilanla Bilalı ötən yay bəyənmişdim, "Zirə" bizdən qabağa düşdü"

Futbol
Tarix: 2019-06-16 18:36

Avrokuboklarda qarşıdakı mövsümdə təmsilçilərimizdən ilk olaraq hazırlığa başlayan "Səbail" artıq bir yoxlama matçı da keçirib. Düzdür, "Qarabağ"a "Azərsun Arena"da 1:3 hesabıyla uduzduqları görüş 90 yox, 60 dəqiqə davam etsə də, hər halda, baş məşqçi Aftandil Hacıyev heyətində böyük dəyişikliklər olan komandasında xeyli futbolçunu sınaya bildi. Gənc mütəxəssis Sport24.az-a müsahibəsinə bu qarşılaşmanı dəyərləndirməklə başlayıb. 

 

- 10 günə yaxındı gənc futbolçularımızı da hazırlığa qataraq məşq edirik. İstədik ki, Bakıdakı hazırlığımızı bu oyunla tamamlayaq. Əlbəttə, tam komplekləşməmişik. Ancaq hazırlığımızı proqram üzrə davam edirik. İstəyirik ki, hər bir futbolçumuz rəqabətə hazır olsun. "Qarabağ"a qarşı meydanda daha çox gənclər idi. Onların bəzilərini çempionatda istifadə edəcəyik. Və ya Avroliqada onlara güvənə blərikmi, buna da baxırdıq. Onları iş başında görmək istədik. Bu baxımda bizim üçün faydalı oldu. Oyuna gəlincə, əlbəttə, "Qarabağ" kimi komanda keyfiyyət baxımndan daha üstün idi. Ancaq bütövlükdə götürdükdə, bu gün bizə daha çox lazım olan futbolçuların hərəkətdə olması idi. Onlardan istədiyimiz hərəkətliliyi ala bildik. 

 

- İki yeni transferiniz ilk dəfə "Səbail"in formasında oyuna çıxdı - Kamal Bayramov qapıda, universal Ürfan Abbasov isə müdafiənin mərkəzində yer aldı. Necə təsir bağışladılar?

- Əlbəttə, uyğunlaşmaqla bağlı hələ qiymət vermək tezdi. Çünki komanda hələ tam formalaşmayıb. Amma hər ikisinin oyununa bələdəm və buna görə "Səbail"ə dəvət etmişik. İstəməzdim ki, ilk oyunla onlara qiymət verim. Amma ümumən çalışdılar və düşünürəm ki, yavaş-yavaş, zaman-zamanla adaptasiya olacaqlar. 

 

- Kamal nə qədər təcrübəli qapıçı olsa da, oyunda top itkiləri oldu ki, bunun biri qapınıza qolla nəticələndi. Buna necə qiymət verərdiniz?

- Normaldı, bu gün səhvlər olmalıdı. Müdafiəçilərimizdə, yarımmüdafiəçilərimizdə də səhvlər oldu. Bu gün futbolçularımızda xətaları gözləyirik və bunları normal qarşılayırıq. İstirahətdən sonra ilk oyunumuz idi. Kamalın penalti qaytarması daha çox yadımda qaldı, nəinki səhvləri.

 

- Hesab edirisiniz ki, Dani Kintananın penaltisini hər qapıçı qaytara bilməz?

- (gülür) Bəli, ilk oyunda hər qapıçı qaytara bilməz.

 

- 1 illik fasilədən sonra əsas kapitanınız Eltun Yaqublu yaşıl meydana qayıtdı. O, komandaya kömək etməyə nə dərəcədə hazırdı?

- Sevindiricidi ki, Eltun uzun fasilədən sonra əsas heyətdə yer aldı. Əlbəttə, 1 ildən sonra yaşıl meydanlara qayıtmaq ağırdı. Onun da digər futbolçularımız kimi yavaş-yavaş formaya düşəcəyini gözləyirik. 

 

- Makedoniyalı qapıçı Daniel Bojinovski hansı üstün keyfiyyətləri ilə diqqətinizi çəkdi ki, məhz onu transfer etdiniz?

- Bojinovskini qışdan izləyirdik, ancaq həmin vaxt onu əldə edə bilmədik. Sonralar ukraynalı qapıçı Aleksandr Rıbkayla sözləşmə imzalaya bildik. Demək, qismət  bu günə imiş. Bojinovski də sərbəst futbolçu oldu. Təcrübəli qapıçıdı, Makedoniyanın ən təcrübəli qolkiperlərindən biridi. Onu deyə bilərəm ki, ayaqla daha yaxşı oynamağı bacarır. Düşünürəm ki, komandaya fayda verəcək. 

 

- "Zirə"nin yollarını ayırdığı fransalı legionerlər, bunadək Kiprdə də bir komandada çıxış etmiş Dilan Duventruyla Bilal Həmdi heyətinizdə olacaq. Dilanın transferini artıq reallaşdırdınız, Bilalla isə rəsmiləşmə qalıb. Hesab edirsiniz ki, bir-birinə yaxşı tanıyan bu yarımmüdafiəçilərin orta sahədə tandemi daha faydalı olacaq?

- Bu 2 transferə hərtərəfli qərar verdik. Bilal da inşallah, bizə qoşulandan sonra onlar arasında olan anlaşma, çempionatımıza artıq bələd olmaları bizə faydalı olmalıdı. Onu da deyim ki, hər ikisini keçən ildən - "Zirə"yə gəlməmişdən qabaq bəyənmişəm. Onlar keçən yay bizdən qabaq komandanın o vaxtkı baş məşqçisi Ayxan Abbasova təklif olunmuşdular. Buna görə danışıqları aparmadıq. Yəni, "Zirə" bizdən qabağa düşdü. 

 

- İndi müqavilələri bitdi və bu fürsəti əldən vermədiniz....

- Bəli, indi bizə sərbəst futbolçular kimi təklif olundular. Bizim də vaxtımız yoxdu, hər gün bizim üçün önəmlidi. Ona görə daha yaxından tanıdığımız, bildiyimiz futbolçuları heyəti qatmağın bizə faydalı olacağını düşündük. 

 

- Həmdinin komandanıza qoşulmasına, keçidinin hələ gerçəkləşməməsinə nə imkan vermir ki, bu, Bolqarıstanda təlim-məşq toplanışında həyata keçəcək?

- Hal-hazırda ölkəsində ailəsiylə bağlı məsələləri həll etməlidi. Bundan sonra təlim-məşq toplanışımıza qoşulacaq. 

 

- Növbəti legioner transferlərini orda görəcəyik, yoxsa Bakıda həll olunacaq?

- Axtarışdayıq. Müdafiəçi istəyirik, ən azı bir stopper. İmkanımız olarsa, 2-cini də götürəcəyik. Onlar artıq Bolqarıstanda düşərgəmizə gələcəklər. İyunun 18-də bu ölkəyə ikihəftəlik təlim-məşq toplanışına yollanacağıq. 

 

- Və mərkəz hücumçusu mövqeyinə hələ də Mirabdulla Abbasobla bağlı ümidləriniz qalıb?

- Bu mövqeyə bir futbolçu düşünürük. Hal-hazırda mərkəz hücumçumuz yoxdu. "Qarabağ"la oyunda gənc futbolçuları yoxladıq. Ara-sıra Ağabala Ramazanovdan da istifadə etmişik. Mirbadulla bağlı hələ bir az gözləməyimiz lazımdı.

 

 

 

MEHMAN SÜLEYMANOV

20 Oktyabr 2019
19 Oktyabr 2019
B.eÇ.aÇC.aCŞB