TOP 10

Qurban Qurbanov Mahirin xaricə getmək variantına aydınlıq gətirdi, Gerye məsələsində son nöqtəni qoydu: "Bir-iki istədiyimiz transferi etsək..."

Futbol
Tarix: 2019-06-16 11:10

"Qarabağ" Çempionlar Liqasına hazırlığa Bakıda başlayaraq artıq yoxlama matçı da keçirib. Düzdür, "Səbail"ə "Azərsun Arena"da 3:1 hesabıyla qalib gəldikləri qarşılaşma 90 dəqiqə yox, 60 dəqiqə davam etdi. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra Sport24.az-a müsahibəsində bu və digər məqamlardan söz açdı. 

 

- Yoxlama matçını necə dəyərləndirərdiniz? Avstriyaya təlim-məşq toplanışına gedənədək belə qarşılaşma keçirmək planda yox idi. Özü də milli futbolçularınızdan yalnız Rahil Məmmədova şans verdiniz...

- Rahil ən az oynayan futbolçularımızdan biridi. Çempionatda da olsa. Həm də millidə son oyunu oynamamışdı. Ona görə istədim bir az meydanda olsun. Bakıdakı hazırlıq müddətində minimum ikitərəfli oyun keçirmək nəzərdə tutmuşduq. Hansısa bir komanda olsa, yoxlama matçı keçirməyi planlaşdırmışdıq. Sonda belə bir variantımız çıxdı ki, "Səbail"lə qarşılaşaq. Gördüyünüz kimi, hər hissə 30 dəqiqə oldu. Məşq xarakterli belə bir oyun oynadıq. Düşünürəm ki, hər iki komanda üçün faydası oldu.

 

- 30 dəqiqə nəylə bağlı idi? Məşq xarakterli olduğuna, yoxsa isti havaya görə?

- Yox, havayla bağlı deyildi. Sadəcə, futbolçular hələ 90 dəqiqə oynamağa hazır deyillər. Açığı, iki 30 dəqiqədən də bir az narahatlığım vardı. Bu matçda istər-istəməz mübarizə tam fərqli olur, fərdi keyfiyyətlər daha çox önə çıxır. Futbolçular hazır olmayanda bu komponentlərdən ehtiyat edirəm. Düşünürəm ki, maraqlı qarşılaşma oldu.

 

- Qeyri-rəsmi oyunda oğlunuz, mərkəz hücumçusu Musa Qurbanlını əsas heyətdə gördük. Necə təsir bağşladı? Nə çatmır, nədə artırmalıdı, nə xoşunuza gəlmədi?

- Təkcə Musa yox, bir çox futbolçular haqda belə fikir bildirmək düzgün olmazdı. Musayla yanaşı, gənc futbolçularımızın əsas heyət oyunçularmızla bir yerdə olmalarını istədik. Əlbəttə, hələ üzərlərində çox işləməlidirlər. Onlardan biri də Musadı. Hansı cəhətləri xoşuma gəldi, hansılar yox - təkcə mənim yox, hər bir məşqçi üçün bunu demək düzgün olmaz.

 

- Yay "transfer pəncərəsi". Yenə qayğılı dövrdümü? Hazırkı mənzərə necədi?

- Həmişə olduğu kimi çətindi. Ancaq müsbətə doğru irəliləyiş var. Konkret olanda tam adları açıqlayacağıq.

 

- Neçə futbolçuyla artıq anlaşmaq üzrəsiniz?

- Anlaşmaq üzrə olduğumuz yalnız ispan futbolçu Xayme Romero Rodrigesdi. Digərləriylə isə hələ ki müsbətə doğru danışıqlar gedir.

 

- Klub prezidenti Abdulbari Goozal açıqlama vermişdi ki, bu mövsüm daha yaxşı transferləriniz olacaq. Demək olarmı ki, transfer qiyməti, səviyyə baxımından bu dəfə fərqli olacaq?

- Həmişə istəmişik ki, yaxşı transferlərimiz olsun. Sadəcə, bizdən asılı olmayan anlar var. Hansılar ki, sonadək gözləyirik. Çox futbolçu hətta "transfer pəncərəsi"nin son gününə kimi gözləyir. Daha yaxşı çempionatlarda iştirak etmək, daha yaxşı komandalarda oynamaq istəyirlər. Ona görə bizə son variant kimi baxırlar. Hər il olduğu kimi, bu il də yaxşı transferlər etmək istəyirik. Ancaq nə dərəcədə alınacaq, bunu zaman göstərəcək. Hətta bir istədiyimiz transfer əldə etdikdə buna sevinirik. Bugünkü durum elədi ki, Türkiyədə legioner limiti götürüldükdən sonra bizə bir az daha çətin olur. Koreya, Yaponiya variantları çıxandan, ərəblər böyük pullar verəndən sonra bizim üçün transferlər çox çətin olub. Bu zaman variantlarımız çox az olur. Buna görə bir-iki istədiyimiz transferi etsək, buna sevinərik.

 

- Yerli transfer gözlənilir?

- Bu gün üçün görünmür.

 

- Neçə legioner almaq nəzərdə tutmusunuz və hansı mövqelərə?

- Qapıdan başlayaq hər xəttə futbolçu axtarırıq.

 

- Cənubi afrikalı futbolçu, keçmiş hücumçunuz Dino Ndlovunun həmyerlisi Hendrik Eksteynin də adı çəkilir. Meneceri Azərbaycandan təklif aldıqlarını açıqlayıb...

- İstədiyimiz, maraqlandığımız, danışdığımız futbolçulardan biri olar. Təkcə afrikalıya görə yox, ümumiyyətlə, deyirəm. O da onlar sırasında olar yəqin.

 

- Sizə ilk növbədə hücumun sivri ucunə futbolçu lazımdı. Çünki tək mərkəz hücumçunuz Mahir Emrelidi. Ancaq alacağınız ispan vingerdi. Sizdə isə yarımmüdafiənin cinahlarında sıxlıq var...

- Romero sağda da oynaya bilir, solda da, hətta hücum xəttində də. 

 

- Donald Geryenin məsələsi nə yerdədi? Gah sağollaşdı, gah da dediniz ki, yeni müqavilə imzalayırsınız. Özü isə açıqlama verdi ki, gözləyirəm. Son durum necədi?

- Bugünə olan danışıqlar müsbətdi. Gerye burdan gedəndə bizimlə anlaşıb getmişdi. Kağız üzərində deyildi, ancaq şifahi razılaşmışdıq. Sonra belə bir açıqlama oxudum. Ancaq məncə, bundan sonra dərhal fikrini dəyişdi. Xırda detalları açıqlamağa ehtiyac yoxdu.

 

- Geryeylə ümumi razılıq ədə olunub?

- Onunla danışıqlarımız müsbətə doğru gedir. Görüdən odur ki, böyük ehtimalla "Qarabağ"da qalacaq. 

 

- Mahir Emreli "Qarabağ"da qalacaq, yoxsa gedəcək? Onunla bağlı xaricdən təklif almısınız?

- Yenə deyirəm ki, Mahirlə bağlı rəsmi heç bir təklfi yoxdu. Ancaq hər hansı futbolçumuzun yaxşı komandada oynamasını istəyirik. 

 

- Millinin son oyunları haqda fikirləriniz maraqlıdı...

- Macarıstan və Slovakiyayla qarşılaşmaları stadiondan izlədim. Həmişə milliyə uğurlar arzulayıram və əlbəttə, bir azərbaycanlı olaraq həmişə yanında olmağa çalışmışam. Hətta məğlub olanda da. Düşünürəm ki, gələn qarşılaşmalarda daha yaxşı oynayacaqlar.

 

- Millimizin xorvatiyalı baş məşqçisi Nikola Yurçeviçin açıqlaması vardı ki, ən yaxşı məşqçiniz Qurban Qurbanov Maltanı uda bilməmişdi. Onu oxuyanda nə hisslər keçirdiniz? Özünüz özünüzə nə düşündünüz?

- Bilirsiniz ki, belə fikirlərə önəm verən deyiləm. Yurçeviçlə normal münasibətlərimiz olub. Digər tərəfdən, bu deyilənlər ətrafında çox danışmaq məncə, düzgün olmaz. Çalışmaq lazımdı ki, bir az qıraqda olaq, hər şey qaydasında olsun.

 

- Oyundan sonra "Qarabağ"ın futbolçularını, əsasən Qara Qarayevi, Bədavi Hüseynovu hədəfə götürən yazılar çıxdı - bilərəkdən zəif oynayırlar, can qoymurlar....

- İnanmıram ki, bilərəkdən oynamamaqla bağlı, ümumiyyətlə, "Qarabağ" futbolçuları haqda bu qədər çox fikirlər olsun. Ümumiyyətlə belə şeyləri xoşlamıram ki, günahı futbolçunun üzərinə ataq. Əlbəttə, problemimiz var, ancaq günahı tək-tək futbolçuların üzərinə atmağın tərəfdarı deyiləm. Ümumiyyətə, belə fikrilərə münasibət bildirmək düzgün olmaz. Həmin futbolçulara güvənirəm. Onlar 8-10 ildir Azərbaycan milli komandasının şərəfini qoruyurlar. Özü də ki ürəklə, güvənlə çıxış edirlər. Bu futbolçuların o psixoloji sıxıntıdan çıxmaları lazımdı. Onsuz da azərbaycanlı futbolçuların sayı azdı. Onlar haqda belə fikir bildirmək düzgün olmaz.

 

- Sizcə, həmin futbolçuların potensialları bu idimi ki, 1:3 və 1:5 hesabları qeydə alındı?

- Məncə, müzakirələrdə çox uzağa gedirik. 

 

- AFFA icraiyyə Komitəsinin son iki iclasında iştirak etməmisiniz...

- Matçdan sonrakı təcili toplantıdan xəbərim yoxdu. "Dalğa Arena"dakı iclasa dəvət gələndə bidlrmişdim ki, iştirak edə bilməyəcəm, üzrlü hesab edin. İcraiyyə Komitəsində fəaliyyətimi davam etdirirəm. 

 

 

MEHMAN SÜLEYMANOV

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB