TOP 10

ABF-nin konfransı keçirilib: Mikayıl Cabbarov yenidən prezident seçilib

Digər
Tarix: 2019-06-15 23:17

Bu gün Azərbaycan Badminton Federasiyasının (ABF) növbəti hesabat-seçki konfransı keçirilib. Sport24.az xəbər verir ki, konfransda Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman Nazirliyinin səlahiyyətli nümayəndəsi Dəniyar Teymurlu, Azərbaycan Badminton Federasiyasının prezidenti Mikayıl Cabbarov, federasiyanın rəsmi şəxsləri, idmançı və məşqçi heyəti iştirak edib.

 

Milli Qurtuluş Günü münasibətilə hər kəsi təbrik edən Hüseynzadə ötən 4 il ərzində ABF-nin kifayət qədər tərəqqi etdiyini bildirib. MOK-un vitse-prezidenti xüsusilə badminton üzrə beynəlxalq turnirin Bakıda keçirilməsinin bu idman növünün gələcək inkişafı baxımından böyük əhəmiyyətə malik olduğunu bildirib. O, badmintonçumuz Ezmi Qovimuramadhoninin II Avropa Oyunlarında iştirakının artıq böyük nəticə olduğunu qeyd edib.

 

Konfrans nümayəndələrini salamlayan Cabbarov 4 il öncə ona göstərilən etimada görə MOK-la Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirib və ötən illər ərzində görülən işlər barədə məlumat verib. Federasiya prezidenti Azərbaycan Badminton ailəsinin bir üzvü kimi böyük fəxr hissi ilə qeyd edib ki, son 4 il ərzində dövlət başçısının dəstəyi ilə bu sahədə müəyyən irəliləyişə nail olunub. O, əldə olunan nəticələrdə, bu idman növünün ölkəmizdə populyarlaşmasında MOK, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin rolunu xüsusilə vurğulayıb. Cabbarov badmintonçularımızın beynəlxalq yarışlarda qazandığı medalları, International Challenge seriyalı turnirin Bakıda keçirilməsi, badmintonçumuz Ezmi Qovimuramadhoninin Minskdə keçiriləcək II Avropa Oyunlarına vəsiqə qazanması, bu idman növünün kütləviliyi istiqamətində atılan addımlar və əldə olunan nailiyyətləri son 4 ilin ən böyük və uğurlu nəticəsi kimi dəyərləndirib. Federasiya prezidenti eyni zamanda bu idman növünün ən mürəkkəb dövründə belə, sevdiyi peşəyə sadiqlik nümayiş etdirən məşqçi və idmançı heyətinə təşəkkür edib.

 

Konfransda ABF-nin baş katibi Nəsimi Musayevin hesabatı dinlənilib. Qurums prezident vəzifəsinə seçki keçirilib. Konfrans nümayəndələri Cabbarovu növbəti 4 il müddətinə ABF-a prezidenti vəzifəsinə seçiblər. Hesabat-seçki konfransında keçirilən səsverməyə əsasən Mirzə Orucov, Emin Zeynalov, Balakişi Qasımov növbəti 4 il müddətində vitse-prezident, Nəsimi Musayev isə baş katib vəzifəsini icra edəcək.

 

Teymurlu nazir Azad Rəhimovun adından Cabbarovu yenidən ABF-nin prezidenti vəzifəsinə seçilməsi münasibəti ilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzu edib. Konfransın sonunda gündəlikdə duran cari məsələlər müzakirə olunub. İnteraktiv şəkildə keçirilən iclasda məşqçilərlə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Gələcək üçün hədəflər müəyyənləşdirilib.

18 Iyul 2019
B.eÇ.aÇC.aCŞB