TOP 10

Rauf Daboya "əlcək atdı": "Neftçi" Avroliqada bir neçə mərhələ keçmək gücdədi"

Futbol
Tarix: 2019-06-13 14:18

"Neftçi"nin yay fasiləsində ilk yerli transferi Rauf Əliyev oldu. 30 yaşlı hücumçu köhnə-yeni komandasında artıq məşqlərə də qatılıb. Rauf Sport24.az-a müsahibəsində bir çox mətləblərdən söz açıb. 

 

- Son klubun "Qəbələ"ylə yekun söhbətin necə oldu?

- "Qəbələ"də mövsüm bitəndən sonra hər şey bəlli idi. Deyildi ki, gəncləşdirmə siyasəti aparılır. Normal qaydada yollarımızı ayırdıq. Mən də istəyərdim ki, yaxşı bir klubda olum. Ona görə də ayrılaraq "Neftçi"yə keçdim.

 

- "Səbail" də səninlə maraqlanırdı. Başqa təkliflərin vardımı? 

- Bəli, ancaq ad çəkməyəcəm. Xaricə getmək variantı isə tam real deyildi, söz-söhbət səviyyəsində idi. Ancaq həm "Neftçi"dən təklif almışdım, üstəlik də bir dəfə "İnter"dən xaricə yollanaraq tez qayıtmışdım. Ona görə də ölkəmdə qalmağı üstün tutdum. Bilmək olmazdı ki, yenidən legioner həyatı yaşasaydım, bu, uğurlu alınacaqdı, ya yox. Xarici variant dəqiqləşənə kimi vaxt çox gedir. Hər şeyi fikirləşərək seçimimi tez etdim. Birinci fikrim "Neftçi" oldu, ölkə Kubokunun finalından 1-2 gün sonra artıq bu klubla razılıq əldə etmişdim. Buna görə başqa fikirlər beynimdən keçmədi. Futbolçu maddi şərtləri də fikirləşir. Biz də şükür Allaha, müqaviləmizi bağlamışıq, oynayacağıq. 

 

- "Neftçi"də məşqlər, uyğunlaşma necə gedir? Kollektiv səni necə qəbul etdi?

- Hər şey normaldı. Hazırda çətin vaxtdı, fiziki yükləmələrdi. Uyğunlaşmaya gəlincə, artıq bir çox klubda oynadığımdan o dərəcədə problem yoxdu. Bu baxımdan rahatam. Kollektiv məni yaxşı qarşıladı. Futbolçuların çoxuyla əvvəllər bir yerdə oynamışam - həm klubda, həm də millidə. 

 

- Uzun müddət - 6 il "Qarabağ"da çıxış etsən də, son 6 ildə 6 klubda forma geyinmisən. Tez-tez klub dəyişməyin narahatçılığını hiss etmirsən?

- Klub dəyişikliyi futbolçu karyerasında normaldı. Mən tək deyiləm, o qədər futbolçu var ki, karyerasında yeni təklif alaraq klubunu dəyişir. Məndə də belə olub ki, 1 il, hətta 6 ay oynadığım klublar olub. Elə bir problem yaşamamışam. Elə vəziyyət olub ki, məndən asılı olmayan səbəbdən həmin klubdan ayrlmışam. Elə də olub ki, özüm getməyə qərar vermişəm. Futbolçu karyerasında belə şeylər olur. Şükür Allaha ki, hər şey normaldı, heç vaxt zərər görməmişəm. 

 

- "Qarabağ"dan yaxşı vaxtında getdiyinə görə peşmançılığın oldumu? Çünki bundan sonra karyeranda elə böyük irəliləyiş olmadı...

- İrəliləyiş deyəndə ki, Azərbaycanda çıxış edirik. İrəliləyiş bu ola bilərdi ki, xaricdə yaxşı karyera qurardın. Azərbaycanda isə hamı necə, mən də elə, "fırlanırıq". "Qarabağ"dan sonra "Bakı"da mənim üçün çox yaxşı olub, uğurlu oynamışam, hətta kapitanı oldum. Bu klubda mənim üçün hər şey əla idi, 11-12 qol vurmuşdum, bombardir oldum. Yəni, başqa klublarda belə geriləməyim olmayıb.

 

- Bu müddətdəki klublar arasında "Neftçi" də olub. Ancaq 2015-ci ildə cəmi 6 ay bu klubda olmusan, çıxışın uğursuz olub, heç qol hesabını da aça bilməmisən...

- Həmin vaxt "Neftçi"yə getdiyimdə çox qarışıq bir vəziyyət idi. Onda klubda çox dəyişikliklər baş verdi. Uğursuz vaxta düşdüm, ağır ab-hava vardı. Hətta özümdən deyim ki, "Neftçi"yə gedəndən sonra xəstələndim, hardasa 1,5 ay evdə yataqda oldum, müalicə aldım. Evdən çölə çıxa da bilmirdim. Ayyarımdan sonra bərpa olundum, qaldı iki ay. Bu müddətdə nə edə bilərsən ki? Nəticədə "Neftçi"də çox qalası olmadım. Ancaq sonra şükür Allaha ki, mövsümlərarası fasilədə "İnter"ə getdim və hər şey daha yaxşı oldu. Qismət, bəlkə də belə alınmağı daha yaxşı imiş. 

 

- "Neftçi"də son matçın "İnter"ə qarşı onun meydanında oldu. Penaltini vura bilmədin, uduzdunuz və komandadan çıxarıldın...

- Elədi. Belə deyim də, həmin vaxt topun ağızında başqaları vardı, bizi qoydular, vurdular getdi. Əllərində yaxşı imkan vardı, bizi də yola saldılar. 

 

- Maraqlıdı, topun ağzında kimlər olmalı idi?

 - İnşallah, futbolu qurtararam, bundan sonra o haqda danışaram. İndiki vaxtımda alınmır.

 

- İlk dəfə italiyalı baş məşqçinin rəhbərliyi altında işləyirsən. Roberto Bordin necə mütəxəssis və necə insandı? Bir fərqi deyə bilərsən, yoxsa "hər məşqçinin öz iş üslubu var" şablon sözündən istifadə edəcəksən?

- Bəli, şablon var ki, hər məşqçinin öz taktikası var. Ancaq şablon demək istəmirəm. İki gündə o qədər də qeyri-adi nəsə görməmişəm. Bir-birimizlə yaxından tanış olacağıq. İşbirliyinə yeni başlamışıq, yəqin ki, tanış olduqca fikir bildirə bilərəm. 

 

- "Neftçi"nin formasını geyinməyi hər bir futbolçu böyük şərəf sayır. Sən də buna böyük önəm verirsən, hətta artıq "Whatsapp"ında profil şəklin də "ağ-qara" formada məşq fotonu yerləşdirmisən. Yəni, indi yalnız karyeranda açdığın yeni səhifə haqda düşünürsən...

- Hansı kluba getmişəmsə, çalışmışam ki, orda əlimdən gələni edim. Nə bacarmışamsa, onu etmək istəmişəm ki, həm klubuma faydalı olsun, həm də futbolçu kimi mənə. Çörəyimizi ordan qazanırıq. İstəyərik ki, halal zəhmətimizlə pulumuzu qazanaq. Mən də əlimdən gələni edəcəm ki, "Neftçi"də oturaraq pul qazanmayım. Komanda üçün canımı qoymaq istəyirəm. 

 

- "Neftçi"nin hücum xəttində böyük rəqabət olduğu bəllidi. Səninlə bağlı da belə fikir səsləndirilir ki, ehtiyatda oturaraq pulunu qazanmalı olacaqsan...

- Yox, heç bir vaxt bir kluba ehtiyatda oturmaq fikri ilə getməmişəm. Getmişəm, əsas heyətə düşmək üçün zəhmət çəkmişəm, rəqabət aparmışam. Azərbaycanda böyük klublarda daha çox əcnəbi hücumçulara üstünlük verirlər. Tək-tük azərbaycanlı hücumçulara güvəniblər. Mən də daim iddialı klublarda olmuşam, legioner həmkarlarımla rəqabətdə olmuşam. İndi də "Neftçi"də rəqabət olacaq, kim yaxşı olacaq, o da oynayacaq. Mən də rəqabətə hazıram, boş-boşuna, ehtiyatda oturaraq pul qazanmaq üçün gəlməmişəm. "Neftçi"yə oynamaq fikiryə getmişəm.

 

- Fakt odur ki, franslaı həmkarın Baqali Dabonun əsas heyətdə oynamaq şansı daha çoxdu. Belə çıxır ki, ona "əlcək atırsan"?

- İndidən demək olmaz ki, kim hücumda oynayacaq. Hər komandada 3-4 hücumçu olur. Dabo hücumda da oynayır, cinahda da. Bu, futboldu, ola bilər ki, mən də hücumda və ya cinahlarda çıxış edim. Bunu bilmək olmaz ki, necə olacaq.

 

- "Neftçi" italiyalı hücumçu Canluka Sansoneni müqaviləsini pozaraq yola saldı. Bu, işini hardasa asanlaşdırırmı?

- Vallah, belə şeylərə fikir vermirəm. Yalnız özüm haqda fikirləşirəm, oynamaq haqda düşünə bilərəm. Özüm yaxşı formada olandan sonra inanıram ki, oynayacam. 

 

- İlk dəfə "19 nömrə"li formada çıxış edəcəksən. Bunun açması nədi? Niyə məhz 19?

 - Çox vaxt "11 nömrə"də oynamışam, "Neftçi"də isə bu, boş deyil. Fizulidədəm, yerlibazlıq etdim, oranın maşın seriyasını götürdüm.

 

- İndiyədək bunu niyə etməmisən?

- "Qəbələ"də də "11 nömrə" boş deyildi, Asif Məmmədovda idi. Bu dəfə "19"u sınadım, bəlkə elə düşərli olacaq. 

 

- "Neftçi"ylə ilk sınağınız Avroliqa olacaq, sonra da çempionatda mübarizəyə başlayacaqsan. Gözləntin nədi?

- Bugünkü əsas diqqət Avroliqaya hazırlıqdı. Çünki çempionatdan əvvəl bu turnir gəlir. Ola bilər ki, komandamız mərhələlər keçsin. "Neftçi" bunu bacaracaq gücdə klubdu. Əsas məqsəd bunu reallaşdırmaq olacaq. Sonra da Premyer Liqa gəlir və burda yəqin ki, mübarizə yalnız çempionluq uğrunda olacaq. Özümə gəlincə, çalışacam ki, bacardıqca çox qol vurum, komandaya faydalı olum.

 

 

 

MEHMAN SÜLEYMANOV

17 Avqust 2019
16 Avqust 2019
B.eÇ.aÇC.aCŞB