TOP 10

Bu dəfə Yurçeviç: iki oyun nə göstərdi?

Futbol
Tarix: 2019-06-13 09:56

İki gündü millimizin Slovakiya, bundan öncə də Macarıstandan aldığı acı məğlubiyyətlər müzakirə mövzusudur. Ötən gün meydana çıxan futbolçuların ruhsuz bədəni xatırlatdıqlarını qabartmışdıqsa, bu yazıda baş məşqçi Nikola Yurçeviçin işindəki anlaşılmaz addımlarından bəhs edəcəyik.

 

Ümumilikdə 24 günlük toplanış. Xorvatiyalı mütəxəssis özü də qeyd etmişdi ki, həmvətənləri ilə oyun öncəsi yalnız qısa zamanda futbolçularla birlikdə işləmək vaxtı olmuşdusa, bu dəfə mənzərə fərqli olacaq. Həqiqətən də oyunçuları iş başında görmək  üçün 1 aya yaxın vaxt yetərincə geniş zaman kəsiyidi. Elə U-21-lə matçda da sərəncamındakı futbolçarın hər birinə şans tanıması onları iş başında da görmək baxımından müsbət məqam idi.

 

Başlayaq macarlarla oyundan. Start heyətində Renat Dadaşovu görmək çox qəribə idi. Əlbəttə, 20 yaşlı futbolçu həmin matçda parlasaydı, hamı bir ağızdan Yurçeviçin dühasından danışacaqdı. Ancaq postfaktum danışarkən, Dadaşovun əsas milli səviyyəsi üçün hazır olmadığını söyləyə bilərik. Bəli, ola bilər ki, kiçik Dadaşov (böyük qardaşı Rüfət də milliyə cəlb olunmuşdu) Bakı toplanışı zamanı özünü hamıdan yaxşı göstərə bilmişdi. Ancaq məşq və oyun tam fərqli anlayışlardı. Zaman da göstərdiyini göstərdi. 

 

Ən çox tənqidə tuş gələn futbolçular arasında Rahil Məmmədovun adı xeyli hallansa da, bir xatırlatma edək ki, məhz bu gənc müdafiəçi Xorvatiyaya qarşı oyunda ən xoş sözlərə layiq görülmüşdü. Bu üzdən də Yurçeviçi seçimini Rahilin xeyrinə etdiyinə görə, qınamaq istəmirik. Lakin eyni fikirləri Ramil Şeydayevlə bağlı söyləmək olmur. Hələ Litvayla matçda Şeydayevi vinger mövqeyində yoxlayarkən, taran tipli forvardın özünü bu ampluada rahat hiss etmədiyinə şahidlik etmişdik. Həmin vaxt bu eksperimenti məqbul qarşılamışdıq. Çünki yoxlama oyunları elə onun üçündür ki, müxtəlif gedişlər üzərində işləyəsən. Macarlara qarşı görüşun ilk 60 dəqiqəsində cinahda Şeydayevin faydalı iş əmsalının nəzərəçarpacaq dərəcədə düşdüyünün şahidi olduq. Ümumilikdə də Macarıstana qarşı heyətin həddən artıq hücuma meylli qurulması avantürist addım idi ki, bunun da acısını çəkdik. 

 

İyunun 8-də baş tutan matçla bağlı daha bir məqama toxunmaq istəyərdik. Birinci hissədə ayaq sürüməkləri ilə yadda qalan Renat Dadaşov və Dmitri Nazarov fasilədə əvəzlənməli idilər. Lakin Yurçeviç yalnız qarşıdakı 45 dəqiqənin daha 33 faizini qurban verildikdən sonra Dadaşovu meydandan aldı. Onu əvəzləyən Ağabala Ramazanova isə 0:2-dən sonra ümid çırağını yandırmaq üçün 10 dəqiqə bəs etdi. Nazarova gəlincə, ona 86 dəqiqəlik şans verildi və artıq qələbə ümidimiz öləndən sonra Dima da Yurçeviçin yanında əyləşdi.

 

İkinci oyunla bağlı da məşqçi işini dəyərləndirək. Start heyətində bir neçə dəyişiklik edilmişdi. Söhbət hücum xəttində ən zəiflərdən olan Nazarovla Renat Dadaşovun ehtiyatda qalmasından gedir. Eyni zamanda Rahil Məmmədov da ehtiyata göndərildiyi halda, onun mövqeyinə macarlarla cinahda oynamış Anton Krivotsyukun çəkilməsi idi. Bəri başdan deyək ki, “Neftçi”nin müdafiəçisi vəzifəsinin öhdəsindən gəlməyi bacarmadı. Yarımmüdafiənin mərkəzində Rəşad Eyubovu görmək isə ən yumşaq formada desək, təəccüblü idi. Riçard Almeydanın önündə qərarlaşan Eyubov hərəkətli olsa da, faydalı iş əmsalı bir daha sübut etdi ki, bu futbolçunun potensialı milli səviyyəsindən aşağıdır. Hər hissədə bir dəfə rəqib qapısına endirdiyi zərbələrdən isə birincisi “Neftçilər”, digəri isə “Xalqlar dostluğu” metro stansiyasına uçdu. Ölkə vitse-çempionu “Neftçi”nin düşünən beyni Emin Mahmudovu ehtiyatda oturduv, Eyubovu start heyətində buraxmaq rebusunun həlli üçün bu sətirlərin müəllifinin fantaziyası yetərli olmadı. Hə, Mahmudova Slovakiya rüsvayçılığının “dadını çıxarmaq” nəsib oldu. Ancaq “ağ-qaralar”ın kapitanı oyuna daxil olanda hesab 1:4 idi, final fitinə isə 10 dəqiqə qalırdı. Başqa sözlə, bu əvəzetmənin adı “arxadan atılan daş”  idi. Ümumiyyətlə, əvəzermələrdə Yurceviçin yubandığını iddia etməliyik. Fasiləyə 1:3 hesabı ilə yollanan komanda ikinci hissəyə minimum 1 oyunçu dəyişikliyi ilə çıxmağa məhkumdu. Ancaq biz fərq 3 topa çatdıqdan, matçın bitiminə isə yarım saat qaldıqdan sonra ilk əvəzetməyə şahidlik etdik.

 

Rezüme

Postfaktum qeyd edə bilərik ki, Yurçeviç start heyəti seçimində yanlışlıqlara yol verdi. Eyni zamanda, əvəzetmələrdə də ciddi şəkildə yubandı. Başqa sözlə, oyuna müdaxiləsi çox gecikdi. Gördüklərimizə əsasən, qeyd edə bilərik ki, xorvatiyalı mütəxəssis hələ ki, milliyə namizəd futbolçuların hamısının əsl potensialına bələd deyil. Ancaq bunu da qeyd edək ki, göstərdiyimiz nöqsanların belə məğlubiyyətləri qələbəyə çevriləcəyini iddia etməyimiz anlamına gəlmir. Sadəcə, daha effektiv modelə şahidlik edə bilərdik.

 

 

CEYHUN ƏLİYEV
 

26 Iyun 2019
25 Iyun 2019
B.eÇ.aÇC.aCŞB