TOP 10

Döyüşməyən “əsgərlər”

Futbol
Tarix: 2019-06-12 10:16

Yazının başlığı nəyəsə hesablanmayıb. Son günlər döyüş bölgəsində bir necə şəhid vermişik. Onlar bu bayraq, bu Vətən uğrunda canlarından keçdilər. Onlar bir daha ailələrinin yanına dönməyəcəklər. Onların səsini bir daha ata-anaları, qardaş-bacıları, övladları duymayacaq. Əzizlərinə ancaq qəbristanlıqda yerləşdiriləcək başdaşlarını ziyarət edib, ağlamaq qalacaq...

 

Ötən gün də dövlət atributumuz - himnimiz səsləndi, bayrağımız dalğalandı. Ancaq səngərdəki əsgərdən fərqli olaraq, bu bayrağı təmsil edənlər hansı şərəfə layiq olduqlarının fərqinə varmadılar. Fərqinə varmadılar ki, 10 milyonun içərisindən seçiliblər. Fərqinə varmadılar ki, bayraq uğrunda döyüşmək ancaq müharibədə olmur. 

 

Siz - futbolçulardan (əgər sizlərə futbolçu demək olarsa) əlinizdə avtomat döyüş bölgəsinə getmək tələb olunmur. Sizin silahınız butsdu... 

 

Neçə-neçə futbolçu hansısa ugursuzluqdan sonra milli karyerasını başa vurması haqda qərar verib. Sizlərdən kimsə bunu edəcəkmi? Tökülmüşdü çölə! Ancaq fərqinə varmadınız ki, söhbət Vətən qarşısında məsuliyyətdən gedir.

 

Futbolu meydana çıxanlar oynayır. Ətrafındakı insanlar isə cüzi bir halqadı. “Taktika düzgün deyildi”, “azarkeş az gəlmişdi”, “bəxtimiz gətirmədi” - bu tip sözlər sadəcə, bəhanədi! Meydana milli formada çıxmısansa, bunun məsuliyyətini dərk etməlisən!

 

Əgər sümüyünün iliyinədək hiss etmirsənsə  ki, hansı yükün altına girmisən, mənim millimin formasını geyinmə! Bu, bir nəfərin (yazının müəllifinin) etirazı deyil, bu, səs dünən heysiyyatı ilə oynadığın hər bir azərbaycanlının etirazıdı. 

 

Sən şortik-maykalıya heç kim icazə verməyib ki, əsnəyə-əsnəyə meydanda gəzişəsən. Aç qulağını və eşit, ey 10 milyonu təmsil etməyin məsuliyyətini dərk etməyən şortik-maykalı! Ustalığın aşağı ola bilər, lakin meydanda can qoymalısan. Buna hazır deyilsənsə, çıx get! Bu xalqı, bu milləti bu cür təmsil etmək lazım deyil. Bacarmırsansa, çəkil qırağa, qoy, bu məsuliyyəti dərk edənlər oynasın. Düşünmə ki, sən oynamasan yer boş qalacaq. Əmin ol ki, elə oğlanlar tapılacaq ki, çıxıb kişi kimi döyüşəcək. 

 

Sən kimsən ki, məni alçaldasan?! Seçilmisənsə, canını qoy, qoya bilmirsənsə, çəkil qırağa! Amma mənim bayrağımı  alçaltmağa sənə imkan verməyəcəm!

 

Bu bayraq uğrunda Nazim Süleymanov, Qurban Qurbanov, Zaur Tağızadə, Samir Əliyev, Tərlan Əhmədov, Vadim Vasilyev, Dmitri Kramarenko döyüşüb. Özü də sənin kimi yağ-bal içində bəslənərək yox, cibinin pulu ilə millinin oyunlarına gələrək, karyerasının üstündən xətt çəkilmək qorxusu altında. Aç, qulağında sırğa elə: ya döyüşəcəksən, ya da döyüşəcəksən! Əyninə şortik geyinməklə futbolçu olmayacaqsan! Mənim millətim bu təhqirə layiq deyil, eşidirsən?!

 

Niyə, nə üçün meydanda bir tək əsgər gördük? Niyə ancaq Ramil Şeydayev bu formanın haqqını verirdi? Hansınız Ramildən artıqsınız? Sənə deyən yoxdu ki, niyə uduzursan? Ancaq “onlar bizdən güclüdü” çətiri altında gizlənmə! Fransa Türkiyədən güclüdü, Türkiyə İslandiyadan güclüdü, nəticələrdən xəbərin var? Ötən axşam ermənilər Yunanıstandan qələbəylə döndülər, buna görə xəcalət təri axıdırsanmı? İnanmıram, tər axıdan oğul, bunu ötən gün “Bakcell Arena”da edərdi.

 

...“Səbr kasası” ötən axşam daşdı. İndi bilin, bu milliyə belə davranışınızla hər dəfə bu cür cavab alacaqsınız. Məsuliyyət sizin boynunuzdadı.

 

 

CEYHUN ƏLİYEV
 

26 Iyun 2019
25 Iyun 2019
B.eÇ.aÇC.aCŞB