TOP 10

Serbiya, Serbiya, Slovakiya, Türkiyə... Bəlkə?  Bəlkə də...

Futbol
Tarix: 2019-06-11 13:31

Bu gün millimiz 3 gün kəsiyində ardıcıl ikinci oyununu keçirəcək. Praktika göstərir ki, fiziki cəhətdən daim hazırlıqsız olan futbolçularımız cütlü oyunlardan ikincisində daha zəif təsir bağışlayırlar. Üstəlik, iyunun 8-də keçirilən qarşılaşma nikbin əhval-ruhiyyəyə əsas verməyibsə...


Macarıstanla matçda bədbinliyə əsas verən məqam milli üzvlərimizin gözlərinin alışıb-yanmaması idi. Bu komponenti Xorvatiyadakı qrupun ilk oyununda artıqlaması ilə görmüşdüksə, 3 gün əvvəl baş tutan görüşdə bu canfəşanlığın heç kölgəsinə də şahidlik etmədik. Bir tək Ağabala Ramazanovun oyuna daxil olmasından sonra ümid qığılcımı yarandı ki, bu da müvəqqəti xarakter daşıyırdı. 


Bu dəfə necə olacaq?


Əlbəttə, biz Vanqa deyilik. Heç qaloşla da uğur qazandırmağın yolunu bilmirik. Ancaq bir neçə məqamı xatırlatmaq istəyərdik.


Prinsipial məqamlarda azərbaycanlılar inanılmazı reallaşdıra bilir. Məhz prinsipial məqamlarda. Bir neçəsini xatırladaq.


2003-cü ilin son ayında Serbiya səfəri öncəsi klublar futbolçularını milliyə buraxmaq istəmirdilər. Lakin bir sıra fədakarlar oldu ki, “milliyə görə karyeramın məhv olmasına da gedərəm” dedi. Belə bir gərgin, üstəlik pulsuzluq vaxtında həmin millidən nə gözləmək olardı? Üstəlik də hesab 2:0 rəqibin xeyrinə olduqdan sonra! Bax, həmin vaxt hamının ümidini itirdiyi bir anda bu milli Serbiyada iki qol vurdu, tarixi heç-heçəyə nail oldu.


Düşünmək olardı ki, evdəki heç-heçə serblərin Bakı matçına dəlicəsinə motivasiya olacağını şərrləndirəcək. Ancaq elə həmin azərbaycanlılar daha bir sensasiyaya imza atmağı bacardılar. Hesabda məğlub duruma düşsək də, son 15 dəqiqədə millimiz Serbiyada dubla imza atmış Qurban Qurbanovun və Fərrux İsmayılovun qollarıyla qələbəni bayram edir.


Elə Türkiyə yığması ilə matç da futbol tariximizə qızıl hərflərlə yazılıb. 2010-cu ilin dekabrında keçirilən oyunda yığmamızın qalib gələcəyini heç kəs təsəvvürünə belə gətirmirdi. Lakin bütün proqnozları alt-üst edən futbolçularımız inanılmaz fədakarlıq göstərərək, 1:0 hesabı ilə qalib gəldilər.


Bu gün üz-üzə gələcəyimiz Slovakiya ilə 18 il öncə baş tutan qarşılaşma öncəsi də vəziyyət olduqca gərgin idi. Həmin vaxt Türkiyəyə 15 günlük təlim-məşq toplanışına yollanan millimizin bütün xərclərini Türkiyə Futbol Federesiyası qarşılamışdı. Daha sonra Türkiyəyə səfərdə 0:3 hesablı məğlubiyyət də bu toplanışın bədəli kimi qələmə verilmişdi. Lakin türklərin əsas istəyi bu idi ki, futbolçularımız ikinci yer uğrunda mübarizə apardıqları Slovakiya yığmasını Bakıda büdrətsin. İyunun 6-da baş tutan matçda millimiz inanılmazı reallaşdırdı - Zaur Tagızadənın ötürməsini Vadim Vasilyev, Vadim Vasilyevin ötürməsini isə Zaur Tağızadə qola çevirərək, millimizin 2:0-lıq qələbəsini rəsmiləşdirdilər.


İndi də durum ürəkaçan deyil, millimiz yenə də gərginlik içindədi. Və məhz belə anda bu milli toparlanmağı bacarır. Yuxarıda göstərdiyimiz misallardakı kimi. Kim bilir, bəlkə bu axşam da həmin gözəl günlərdən yaşayacağıq!?


CEYHUN ƏLİYEV

06 Dekabr 2019
05 Dekabr 2019
B.eÇ.aÇC.aCŞB