TOP 10

Qurbanov ailəsinə görə "Keşlə"ni seçib, "Vitebsk"in müqavilə təklifindən imtina edib: "Gələn il xaricə gedəcəyim dəqiqdi!"

Futbol
Tarix: 2019-06-11 16:00

"Keşlə" artıq 2-ci transferini də açıqladı. Paytaxt təmsilçisi "Sumqayıt"dan qapıçı Rəşad Əzizlini cəlb etdikdən sonra hücumçu Ruslan Qurbanovla da "1+1" şərtilə müqavilə imzalayıb. Uzun müddət millimizin də şərəfini qorumuş 28 yaşlı hücumçu Sport24.az-a müsahibəsində maraqlı məqamalar toxundu. 

 

- "Keşlə"ni seçməyində həlledici amil nə oldu?

- Ailəm. Həyat yoldaşım və qızıma görə burda qaldım. Övladım Bakıda oxuyur. Kiçik məbləğin qarşılığında başqa yerə köçməyi mənasız saydım. Ancaq 1 ildən sonra xaricə gedəcəyimi istisna etmirəm. Bu, dəqiqdi! 

 

- Aha, maraqlıdı...

- Hətta ola bilər ki, qış fasiləsində gedim. Ancaq bu, alınmasa, gələn yay ölkədən kənara çıxacam. İndi bir futbolçu kimi özümə gəlmək, "Keşlə"yə kömək etmək istəyirəm. İstəyirəm ki, "Keşlə" də, baş məşqçisi Tərlan Əhmədov da əvvəlki formama qayıtmağımda mənə yardımçı olsun. İlk növbədə özüm özümə sübut edim ki, futbol oynaya bilirəm. Bax, ondan sonra hər şey yaxşı olacaq.

 

- Yəni, "Keşlə"yə tramplin kimi baxırsan...

- Əlbəttə. Üstəlik, məndən nə asılı olacaqsa, həm məşqdə, həm də oyunda sübut edəcəm ki, daim meydanda olum. Mənim üçün vacib daim əsas oynamaqdı. 

 

- Deməli, "Keşlə"ylə onu razılaşdırmısan ki, mövsümün gedişində təklif olarsa, səni buraxsınlar? Yaxud "1+1"yə görə yayda gedişinə icazə versinlər?

- Hər şey müqaviləmdə yazılıb. Müəyyən məbləğ qarşılığında xahiş etdim ki, razılığa gələk. Buna görə "Keşlə"yə minnətdaram. Bu 1 il bitəndən sonra gələcək taleyimizi oturub müzakirə edəcəyik. 

 

- Maddi şərtlərdən söz düşmüşkən, məbləğ normal idi?

- Əlbəttə, əvvəlki qazancımdan aşağıdı. Ancaq indi açığı, oynamaq istəyirəm. Məni indi əsas düşündürən budu. Ona görə də "Keşlə"ni seçdim. Ailəm bura artıq öyrəşib və hələ getməyim tez olduğundan məkanımı dəyişməyə lüzum görmədim. 

 

- "Qəbələ"ylə "Zirə"dən də təklif aldığını demişdin. Onların maddi şərtləri çoxmu aşağı idi ki, qəbul etmədin? Xüsusilə də "Qəbələ"nin...

- Bütün klublar eyni məbləği təklif edirdilər. Sadəcə, özümü "Keşlə"də sınamaq istədiyimdən, bu klubu seçdim. Həm də Tərlan müəllimlə yenidən işləmək istədim. Axı, onunla "Neftçi"də birgə çalışmışıq. "Keşlə"nin rəhbəri Zaur Axundovu da yaxşı tanıyıram. Yeni klubumda özümü elə aparmayacam kİ, diskomfort hiss edim. Ba. məşqçinin bütün tapşırıqlarını yerinə yetirəcəm. Bu zaman heç bir problemlə üzləşməyəcəm. 

 

- "Qəbələ" ötən yay səni saxlamadı, indisə çətin vaxtında sənə ehtiyac duyur. Bəlkə buna görə bu klubun təklifini qəbul etmədin?

-  Yox, bu faktorun təsiri yox idi. Əksinə, "Qəbələ"yə həmişə minnətdaram və ona uğurlar arzulayıram. Arzu edirəm ki, Avroliqada yaxşı çıxış etsin. İnanıram ki, baş məşqçi Sənan Qurbanov yaxşı komanda yığacam və onlarda hər şey qaydasında olacaq. 

 

- "Qəbələ"dən fərqli "Zirə" növbəti mövsümdə iddialı olacaq. Artıq bir sıra diqqətçəkən transferlərə imza atıb. Ora niyə getmək istəmədin? Baş məşqçi Samir Abasovun çox tələbkar, çətin xarakterə malik olmasına görə?

- Qətiyyən. Əksinə, Samir müəllim yaxşı məşqçidi, yaxşı da insan. Hətta onunla birgə oynamışam, yaxşı tanıyıram. Sadəcə, "Keşlə"də özümü sınamaq, oynamaq istəyirəm.

 

- Maraqlıdı ki, ötən mövsüm qış fasiləsindən sonrakı ilk turda məhz "Keşlə"ylə onun meydanındakı qarşılaşmada zədələndin və bu, səni geri qaldı...

- Elədi. Son klubum "Səbail" kimi "Keşlə"nin də meydançası süni qazondu. Ancaq eşitdiyimə görə, bu yayda qazonu dəyişdirəcəklər. Yenə sintetik olsa da, əsas odur ki, indikindən yaxşı olacaq. Dəyişirlərsə, pisini qoymayacaqlar ki? Yəqin ki, ən son model olar. Bildiyiniz kimi, müasir futbolda ən son keyfiyyətli süni qazon təbii ot kimidi.

 

- Azərbaycandan 1 il sonrakı birdəfəlik ailənlə getməyi qətiləşdirmisən?

- Sadəcə, yaxşı forma yığaraq özümü xaricdə bir daha, sonuncu dəfə yoxlamaq istəyirəm. Alınacaq alınacaq, alınmayacaq da yox. 

 

- Vətəndaşlığı dəyişmək lazım olduğundan, Rusiyanın I liqasına getmək varantını yaxın buraxmadın. Bəs, digər ölkələrdən hansılar real idi?

- Sadəcə, agentlər bildirirdi ki, indi böyük transfer vaxtıdı. Ancaq deyirdilər ki, gözlə, gözlə. İndi də transfer bazarında nə qədər boş futbolçu var...Mənə hər dəfə deyirdirlər ki, vaxt lazımdı. Ancaq mən də çox gözləyə bilmirdim, həm də onlara tam etibar edə. Çünki ordan da əlim çıxa bilərdi, burdan da. Açığı, agentlərə 70 fazi inanırdım, 30 faiz yox. Buna görə də nağdını əldən buraxmadım. Dedilər ki, 10 gün də gözləyim, normal olacaq. Ancaq konkret təklif olduğu halda bu qədər gözləməyi mənasız saydım. Bir variant isə o idi ki, həmin klub konkret müqavilə təklif etmişdi.

 

- Maraqlıdı, hansı xarici klubu idi?

- Belarusun yüksək liqasında 4-cü yerdə gedən "Vitebsk". Mənimlə birbaşa müqavilə imzalamağa hazır idi. Orda pul da çox idi, başqa üstün şərtlər də. Ancaq məbləğdə fərq elə də böyük olmadığından, müqavilə bağlamadım. Burda hər şeyi qoyub getmək istəmədim, axı, artıq bura öyrəşmişəm. Azərbaycan ikinci evimdi. "Vitebsk"dən başqa variantlar yalnız söz-söhbətlər idi. Dedilər ki, Krakov "Visla"sının prezidentiylə mənə görə danışıblar. İndiyədək bilmirəm, niyə görə cavab verməyib. Nə "hə" dedi, nə də "yox".  Başa düşürsünüz, belə qeyri-müəyyənlik oldu. 

 

- Bir ingilis menecer var idi - Global24"də çalışan Maykl Benites. Sənə Yunanıstan, Kipr, Norveç üzrə klublar axtarırdı. Onun axırı nə oldu?

- Bu da iş düzəltməyən adam idi. Bir konkret iş görən menecer gördüm. Mənə hardasa 10 təklif arasında 1 dəqiqənin içində konkret Qazaxıstan və Belarus haqda dedi. Söylədi ki, gəl, səninlə müqavilə imzalamağa hazırdırlar. Bunu deyən menecer diqqətimə çatdırdı ki, sonra da mənimlə maraqlanacaq, çıxışımı izləyəcək və hətta qışda məni xaricə aparmağı istisna etmir. Həmin 2 ölkədə çempionatı ilin sonunda bitir, yəni qışda mövsümlərarası fasilə olacaq. Həmin agentin adını açıqlamaq istəmirəm. Sadəcə, onu deyə bilərəm ki, bir futbolçumuza legioner həyatı yaşamaqda kömək edib. 

 

- Ötən mövsümü son pillədə başa vuran "Keşlə" heyətində köklü islahatlar apararaq yeni komanda yığır. Karyeranda yeni səhifəylə bağlı ümidlərin necədi?

- Yəqin ki, həm rəhbərlik, həm də Tərlan müəllim yeni komanda qurmağı daha məqsədəuyun sayıb. Üstəlik, Əhmədovu hamı yaxşı tanıyır. yaxşı mütəxəssisdi. Fikrimcə, bizdə hər şey yaxşı olacaq. Yaxşı təlim-məşq toplanışı keçərik, heyətimizə güclü futbolçular cəlb olunar və növbəti mövsümdə uğurlu çıxış edərək mükafatlar, avrokuboklar uğrunda mübarizə apararıq.  

 

 

 

MEHMAN SÜLEYMANOV

26 Iyun 2019
25 Iyun 2019
B.eÇ.aÇC.aCŞB