TOP 10

Macarıstandan 6-cı məğlubiyyətin 6 səbəbi

Futbol
Tarix: 2019-06-09 09:56

Ötən axşam millimiz tarixində 6-cı dəfə üz-üzə gəldiyi Macarıstana 6-cı dəfə məğlub oldu. Bəs bu dəfə niyə uduzduq?

 

1) Millimiz start həyəcanını üzərindən atmağı bacarmamışdı. İlk dəqiqələrdən qonaqlar  təşəbbüsü rahatlıqla ələ aldılar. Belədə, təcrübəli simalar komanda yoldaşlarını sakitləşdirməlidilər ki, millimizin sıralarında beləsi yox idi.

 

2) Xorvatiya ilə matçda olduğu kimi, yenə də start heyətində meydana çıxan Dmitri Nazarov hücum xəttinə rəng qatmalı olsa da, final fitindən sonra əminliklə demək olar ki, millimizin iki ən zəif bəndindən biri idi. Digəri? Heç şübhəsiz ki, biri yox, birincisi Renat Dadaşov idi. Meydanda olduğu dəqiqələrdə oyunun məsuliyyətini dərk etməyən forvard “tənbəl ərköyün” obrazının təcəssümü idi.

 

3) Start heyəti həddən artıq cəsarətli qurulmuşdu. Şeydayev-Nazarov-Dadaşov-Emreli kvarteti
həddən artıq hücumameylli idi. Bu da yetərincə riskli qərardır. Çünki belədə, müdafiə olunanların sayı məhdudlaşır. Hadisələrin gedişatı hücum xəttinin təhlükə əmsalı ilə düz mutənasiblik təşkil etmədiyini göstərdi. Nəticədə, topa nəzarət tamamilə rəqibin tərəfinə keçdi.

 

4) “İkinci mərtəbə” və mövqe səhvləri futbol tariximizin ən sabit göstəricisidir. Nəsillər, məşqçilər, futbçular dəyişir, ancaq bu mərəzdən qurtulmaq mümkün olmur. Oyunun müqəddəratını da bu faktorlar müəyyənləşdirdi.

 

5) Nikola Yurçeviç oyuna gec müdaxilə etdi. Hələ fasilənin ilk dəqiqəsində sosial şəbəkədə fikrimi bildirdim və ikinci hissəyə Renat Dadaşov və Dmitri Nazarovsuz başlmağımızı arzuladığımı bildirdim. Bəli, xorvatiyalı mütəxəssis oyunun hər iki antiqəhrəmanını əvəzlədi. Ancaq təəssüf ki, bu, olduqca gec baş verdi. Dadaşov əvəzlənərkən hesab 0:2 idisə, Nazarov meydanı tərk edəndə - 1:3.

 

6) Fiziki cəhətdən 90 dəqiqəyə hazır olan futbolçularımızın sayının məhdud olması. Ağabala Ramazanovun döyüşə atılmasından sonra millimiz nəzərəçarpacaq dərəcədə fəallaşdı. “Səbail”in vingerinin fəallığı fərqin minimuma enməsində müstəsna rol oynadı. Ancaq bu, sonuncu qığılcım idi. Fiziki cəhətdən tükənən futbolçularımız qapılarında daha bir qol görməklə, oyunu xilas etmək şanslarının itməsiylə barışdılar.

 

...İki gündən sonra millimiz qrupda 3-cü oyununa çıxacaq. Ümid edək ki... Ümiddən savayı nə edə bilərik ki?

 

CEYHUN ƏLİYEV

18 Noyabr 2019
B.eÇ.aÇC.aCŞB