TOP 10

MÖVSÜMƏ NÖQTƏ QOYARKƏN: "İkisi bir boyda gəzən gözəllər” - III YAZI

Futbol
Tarix: 2019-05-26 17:00

Azərbaycan 2018/19 mövsumünü başa vurdu. Deməli, arxada qoyduğumuz zaman kəsiyinin də yekun vurmağın əsl vaxtıdır. Sport24.az mövsümün yekunlarına həsr olunan "MÖVSÜMƏ NÖQTƏ QOYARKƏN" sərlöhvəsiylə silsilə yazılarına start verib. Üçüncü yazını çempionatı 5-ci və 6-cı pillədə başa vurmuş komandalara - "Zirə" və "Sumqayıt"a həsr edirik.

 

Mövsünü turnir cədvəlində "qonşuluq"da başa vuran bu ikilik mövsümün ən oxşar komandaları oldu. Bənzərlikləri sadalayaq:

 

Hər iki komandanın “sükanı arxası”nda cari mövsümdə 2 baş məşqçi dayandı;

 

Hər iki komanda mövsümün müəyyən hissəsində bərbad nəticələrə imza atdı;

 

Hər iki komanda zaman-zaman əla futbol sərgilədi. Xüsusilə, ən güclülərlə oyunlarda;

 

Hər iki komandanın baş məşqçisi bundan öncəki mövsüm əks cəbhənin komandasını çalışdırırdı;

 

Hər iki komanda avrokuboklara vəsiqəni ölkə Kubokunu qazanmaqla reallaşdırmağı hədəfləmişdi.

 

“Sumqayıt” mövsümün böyük hissəsini sonuncu pillədə qərarlaşdı. Yalnız 4-cü dövrədə Ayxan Abbasovun yetirmələri təhlükəli zonanı tərk etdilər, son turda isə 6-cı pilləyə yüksəlməyi bacardılar. “Gənclik şəhəri” təmsilçisinin əsas problemi büdcə və yalnız azərbaycanlı futbolçuların xidmətindən yararlanmasında idi. Klub nə bahalı yerli futbolçuların, nə də legionerlərin xidmətindən yararlana bilmirdi. Belədə, stabil oyun sərgiləmək şansı minimal idi. Doğrudu, Elvin Məmmədov, Əfran İsmayılov kimi uzaq keçmişdə olmayan milli futbolçular “kimyaçılar”ın sıralarında idi. Doğrudu, mövsümün tapıntısı sayılan - Aleksey İsayev də “Sumqayıt”ın formasını geyinirdi. Doğrudu, Vurğun Hüseynovla Rail Məlikov kimi “sütun”lar da xeyli müddətdir bu komandada idilər və belədə, anlaşma daha yaxşı alınırdı. Lakin ehtiyat oyunçular skamyası qısa, heç stabil döyüşkən “11-lik” düzəltmək mümkün olmursa, çempionatda böyük uğura imza atmaq real deyil. Ümid qalırdı Kuboka. Bu turnirdə isə dəmir intizam və iradə hesabına nələrəsə nail olmaq mümkün idi. “Sumqayıt" finaladək irəliləməklə, tarixi uğura imza atmağı bacardı. Ancaq bundan artığı mümkün olmadı. Bütün hallarda, Riad Rəfiyev prezident kimi, Ayxan Abbasov isə baş məşqçi kimi “Sumqayıt” tarixinin ən uğurlu mövsümünə imza atmağı bacardılar.

 

“Zirə” çempionatın ən təzadlı komandalarından biri oldu. Xarizmatik Samir Abasovun drujinasında qışda inqilabi dəyişikliklər baş verdi. Klub rəhbərliyi bir xeyli legionerin cəlb olunmasına “yaşıl işıq” yandırdı. Məqsəd avrokuboklara çıxmaq olsa da, “Zirə” mövsümün gedişatında fikrini bir cəbhəyə - Kuboka yönəltməklə də, “Əli aşından da oldu, Vəli aşından da”. Kubokun yarımfinalında səfərdə “Sumqayıt”la qolsuz bərabərliyə qaldıqdan sonra Samir Abasovun yetirmələri finala daha yaxın görünürdü. Lakin Zirədəki ilk yarı meydan sahibləri üçün qorxulu yuxuya çevrildi - 0:3. Abasovun xarizması bu oyunda ən qabarıq formada özünü büruzə verdi. Fasilədən sonra 41 yaşlı mütəxəssisin yetirmələri inanılmazı bacardılar. Ancaq rəqib qapısına 3 dəfə yol tapsa da, “Zirə” Kubok ümidlərinin üstündən də xətt çəkdi. 

 

Klub rəhbərliyi uğursuzluğa baxmayaraq, qarşıdakı mövsümdə də Samir bəylə işbirliyini davam etdirməyi qərara aldı və bu, istedadlı mütəxəssisin karyerasında həlledici il olacaq. İki il əvvəl “Sumqayıt”la avrokubokların bir addımlığında dayanan çalışdırıcı, ötən mövsüm baxımlı futbol sərgiləyən kollektiv formalaşdırsa da, “Zirə”ylə də qitəmiqyaslı turnirdən kənar qaldı. Növbəti mövsüm də analoji hal yaşansa, Abasov nəinki “Zirə”də, ümumiyyətlə, ölkəmizdəki etimad kreditini aşa bilər.
 

 

 

CEYHUN ƏLİYEV

25 Iyun 2019
24 Iyun 2019
B.eÇ.aÇC.aCŞB