TOP 10

Stankoviç "Qəbələ"dən getməsinə görə kompensasiya ödəməyə də hazırdı: "Azərbaycanda qalsam, bu, mənim üçün ən yaxşı variant olacaq"

Futbol
Tarix: 2019-05-26 10:16

"Qəbələ" müqaviləsi bitən legionerləriylə yanaşı, anlaşması olan əcnəbilərini də yola salmaq fikrindədi. Bu da klubun strategiyasını dəyişərək gəncləşmə siyasəti aparması, yalnız akademiyasının futbolçularıyla yoluna davam etməsiylə bağlıdı. "Qəbələ"nin aparıcı legionerlərindən olan Vojislav Stankoviçin bu ilin sonunadək müqaviləsi var. Hazırda Belqradda istirahətdə olan Vojislavla əlaqə saxlayaraq gələcək planlarıyla maraqlandıq. 32 yaşlı müdafiəçi Sport24.az-a müsahibəsinə "Qəbələ"ylə qazandıqları ilk titul haqda fikirlərini bildirməklə başlayıb. 

 

- Bu, Azərbaycanda çıxış etdiyim illərdə mənim üçün ən böyük uğurdu. "Qəbələ"nin tarixinə düşən yaxşı nailiyyətdi. Klubun 14 illik tarixi var, bunadək titulu yox idi. Təkcə mən yox, bütün futbolçularımız, rəhbərlik tarixə düşdü. Bu, ən vacibdi. 20-30 il keçəcək, deyəcəklər ki, bu futbolçular "Qəbələ"yə ilk Kuboku və bununla ilk titulu qazandıraraq tarixə düşdülər. 

 

- "Partizan"la Serbiya çempionu da olmusan, kubokun da sahibi. Bunu Azərbaycandakı hazırkı nailiyyətinlə tərəziyə qoysan, hansı gözü daha ağır gələr?

-  Azərbaycandakını deyə bilərəm. Çünki ölkənizdə legionerəm və bu baxımdan ikiqat xoşdu. Hər halda, futbol üçün Vətəndən kənarda titul qazanmaq daha böyük uğur sayılmalıdı. 

 

- "Qəbələ"ylə hələ 6 aylıq müqavilə qalıb. Gələcək taleyin necə olacaq?

- Hələ rəhbərliklə danışmamışıq. Baxaq görək necə olacaq. İndidən sizə dəqiq bir söz deyə bilmirəm. Yaxşı komanda olarsa, qalaram.

 

- Ancaq əldə etdiyimiz məlumata görə, "Qəbələ" növbəti mövsümdə büdcəsi və buna uyğun olaraq iddiası azalacaq, heyətində gəncləşdirmə aparılacaq və yalnız akademiyasının futbolçularına güvənəcək...

- Klubun bu planı olarsa, mən də qalmayacam. Ambisiya, legionerlər olmayacaqsa, niyə qalım ki? Eşitdiyimə görə, azərbaycanlı təcrübəli futbolçularla da yollar ayrılır. İlk növbədə klubumla danışmalıyam, çünki müqaviləm var. Bundan sonra qərar qəbul edəcəm. Əlbəttə, autsayder komandada çıxış etmək istəmirəm. "Qəbələ" yalnız gənc futbolçulardan təşkil olunacaqsa, iddiası olmayacaqsa, yüz faiz qalmayacam. 

 

- Ancaq müqavilən var və buna görə səni buraxmasalar, onda necə olacaq?

- Belə olarsa, qalmalıyam. Başa düşürsünüz, başqa əlacım olmayacaq. "Qəbələ" rəhbərliyi ilə heç bir problemim olmayıb. Onlar klubun strategyasını dəyişirlərsə, danışacam ki, getmək istəyirəm. Məncə, problem olmayacaq.

 

- Finaldan sonra rəhbərliklə heç söhbətin olmadı ki, vəziyyət necə olacaq?

- Onda söhbətimiz olmadı. Mənə deyilmədi ki, növbəti planlar necə olacaq, Avroliqaya hazırlıq üçün nə vaxt bir araya gələcəyik. Yalnız onu dedilər ki, əlaqədə olacağıq. Növbəti mövsüm üçün hazırlıq planları, təlim-məşq toplanışının harda olması dəqiqləşəndə mənə zəng vuraraq məlumat verəcəklər. Ancaq hələ ki danışıq olmayıb.

 

- Agentin digər variantlar üzərində işləyər...

- Bəli, serbiyalı agentim var. Keçmiş futbolçudu, Belqraddandı. Serbiyada OFK, "Çukariçki" klublarında çıxış edib. Belçikada və İtaliyada legioner həyatı yaşayıb. O, hazırda mənim üçün yaxşı variant axtarışındadı. Ancaq hazırda konkret klub yoxdu ki, ad çəkim. Sadəcə, variantlar, ümumi maraq var. 

 

- Bəs, Serbiyaya qayıtmaq variantına necə baxırsan?

- Yox, xaricdə çıxış etmək istəyirəm. Hələ ki bura qayıtmaq fikrində deyiləm. 

 

- Klubların maddi durumu aşağıdı, ona görə?

- Yox, söhbət puldan getmir. Serbiyada 6-7 il çıxış etmişəm. Çempionluq, kubok, hər şey qazanmışam. Fikrimcə, hələ yenə xaricdə oynamağım lazımdı. Onsuz da Vətənimə nə vaxt istəsəm, qayıda bilərəm. 

 

- "Qəbələ" rəhbərliyi müqavilənin olduğuna görə kompensasiya ödəməli olduğunu desə, bunu etməyə hazırsan?

- Bəli, lazım olsa, ödəməyə hazıram. Yaxşı bir variant taparaq münasib qərar qəbul edəcəyik. Hər şeyi onun üçün edəcəyik ki, həm mənim, həm də klub üçün yaxşı olsun. "Qəbələ"dən pis şəkildə getmək istəmirəm. 

 

- Azərbaycanda qalmaq, digər kluba keçmək - bu varianta necə baxırsan? "Sabah"ın, xüsusilə "Neftçi"nin səninlə ciddi maraqlandığı deyilir...

- Eşitmişəm ki, Azərbaycanda mənə maraq var. Ancaq heç kim mənimlə əlaqə saxlamayıb. Azərbaycanda karyeramı davam etdirmək imkanım olarsa, bu, mənim üçün ən yaxşı variant olacaq. Çünki ölkəni, çempionatı yaxşı tanıyıram, artıq 4,5 ildi orda çıxış edirəm. Yaxşı təklif olarsa, elə Azərbaycanda qalaraq, başqa ölkəyə getmərəm.

 

 

 

MEHMAN SÜLEYMANOV

22 Avqust 2019
21 Avqust 2019
B.eÇ.aÇC.aCŞB