TOP 10

"Səbail"in maraqlandığı Elvin Camalov "Qəbələ"yə hörmətsizlik etmək istəmir: "İndi elə yaşımdı ki, həm oynayan vaxtımdı, həm də pul qazanan"

Futbol
Tarix: 2019-05-25 11:26

"Qəbələ" rəhbərliyi ilə görüşüm olacaq. Təklif hər iki tərəf üçün müsbət nəticələnsə, qalacam. Əks təqdirdə başqa variantlara baxacam. 3-4 klubumuzdan təklifim var. Sadəcə, mənə doğma komanda "Qəbələ"di deyə birinci onunla danışmaq istəyirəm". Bu fikirləri Sport24.az-a açıqlamasında "Qəbələ"nin futbolçusu Elvin Camalov bildirib.

 

24 yaşlı yarımmüdafiəçi yetirməsi olduğu "qırmızı-qaralar"la gedişinin mümkün olduğunu diqqətə çatdırıb. Ancaq o, "Qəbələ"ylə müqaviləsi bitsə də, özbaşına getməyi düzgün saymır: "Klubdan görüşlə bağlı dəvəti gözləyirəm. Mənə deməyiblər ki, bu, konkret nə vaxt olacaq. Mən də istəmirəm ki, "Qəbələ"yə hörmətsizlik kimi çıxsın. Baxım görüm ki, haqqımda nə fikirləşirlər, təklifləri nə olacaq. Buna uyğun gələcək karyeramla bağlı addım atacam. Bildiyim qədər 23 yaşadək kompensasiya məsələsi ilə əlaqədar "Qəbələ"yə bağlı olursan. Ancaq artıq 24 yaşım var və klubumla peşəkar müqavilə imzalamışam. Komandada hazırda vəziyyət o qədər də ürəkaçan deyil. Yəqin ki, heyətin hamısı akademiyanın futbolçularından təşkil olunacaq".

 

Maraqlıdı, bu halda, "Qəbələ"nin iddiası və məbaciblər azalacağı halda, Camalov hansı qərarı verəcək? Yetirməsi olduğu kluba güzəştə getməyə hazırdımı? Futbolçunu dinləyək: "Bunu oturub danışmaq lazımdı. İndidən dəqiq bir şey deyə bilmərəm. Əlbəttə, "Qəbələ"də qalıb oynamaq istəyərəm. Ancaq indi elə yaşımdı ki, həm oynayan vaxtımdı, həm də pis çıxmasın, pul qazanan. Çünki bu yaşda olmadısa, gələcəkdə necə olacaq, bilmirəm. Bu haqda düşünürəm. İndi olmayacaqsa, gələcəkdə də olmayacaq. Əlbəttə, ən birinci "Qəbələ"yə kuboku, titul qazanmaq hissini yaşamaq idi. Çox şükür Allaha ki, bunu da yaşadıq. İndisə oturub danışıb lazımdı ki, haqqımda fikirləri necədi. Çünki neçə ildi "Qəbələ"nin şərəfini qoruyuram. Klubumuzun fikri mənim üçün ilk növbədə önəmlidi. Razılaşmasaq, artıq başqa variantlardan birini dəyərləndirəcəm. Yaxın günlərdə bilinəcək".

 

Elvin təklifləri arasında Avroliqa təmsilçisinin olduğunu təsdiqlədi. Bu zaman ilk ağla "Səbail" gəlir ki, Camalov bunu gülərək təkzib etmədi: "Görək, tam dəqiq deyil. 3-4 klub mənimlə maraqlanır. Onlarla oturub rəsmi şəkildə danışmaq lazımdı. Bundan qabaq isə birinci "Qəbələ"ylə danışmaq istəyirəm. Ancaq vaxtı da çox uzatmaq olmaz. Düzü, karyeramla bağlı çox narahatam. "Qəbələ"dən konkret cavab gözləyirəm ki, nə olacaq. Hələ deyilməyib mənə bir şey. İnşallah, xeyirlisi olar".

 

 

MEHMAN SÜLEYMANOV

 

19 Iyun 2019
18 Iyun 2019
B.eÇ.aÇC.aCŞB